
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Tənzilə Rüstəmxanlı parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat çıxışında 2027-ci ilin dövlət büdcəsinin əsas parametrlərini (gəlirlər 39,25 milyard manat, xərclər 42,4 milyard manat) müsbət qiymətləndirib, eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin əhəmiyyətini vurğulayıb. O, təhsil, elm, mədəniyyət, informasiya siyasəti və vətəndaş cəmiyyətinin dəstəklənməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb:
Təhsil, elm və mədəniyyət: Büdcədən təhsilə ayrılan vəsaitlərin (5,1 milyard manat) təkcə sistemin saxlanılmasına deyil, keyfiyyətin yüksəldilməsinə, gənc alimlərin və milli-mədəni irsin tədqiqinə yönəldilməsinin vacibliyini qeyd edib.
İnformasiya siyasəti və media: Zəfərdən sonra beynəlxalq informasiya məkanında mübarizənin davam etdiyini bildirən T.Rüstəmxanlı Azərbaycan həqiqətlərini dünyaya çatdıran çoxdilli media layihələrinin və sənədli filmlərin dəstəklənməsini vacib sayıb.
Siyasi partiyalar və qeyri-hökumət təşkilatları: Gənclərin və qadınların ictimai-siyasi fəallığını artıran, milli maraqları beynəlxalq səviyyədə təmsil edən təşkilatlara və siyasi partiyalara ayrılan maliyyə dəstəyinin demokratik institutların inkişafındakı rolunu qeyd edib.
Çıxışının əhəmiyyətli hissəsini təmsil etdiyi Neftçala rayonunun sosial problemlərinə həsr edən deputat hökumətdən aşağıdakı məsələlərin həllini xahiş edib:
Qazlaşdırma və infrastruktur: Qaravəlli massivi və Yeni Qışlaq kəndində hələ də qazlaşdırılmayan yaşayış məntəqələrinin qazla təmin olunması, eləcə də təxminən 6 kilometrlik yol sahəsinin əsaslı təmiri.
Şəhid ailələrinin müraciətləri: Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, küçələrin abadlaşdırılması və bu müraciətlərə xüsusi həssaslıqla yanaşılması.
Həsənabad qəsəbəsinin problemləri: Yeddi kəndi birləşdirən qəsəbənin qəzalı vəziyyətdə olan məktəbinin yenidən tikilməsi və içməli su təchizatı sisteminin köklü şəkildə yenilənməsi.
Məşğulluq və struktur islahatları: Rayonda işsizlik probleminin həlli üçün yeni sərmayələrin cəlb edilməsi, kənd təsərrüfatı və emal sahələri üzrə layihələrin hazırlanması. Deputat təhsil və səhiyyə müəssisələrində aparılan struktur islahatlarının (məktəblərin birləşdirilməsi və ixtisarların) sosial nəticələrinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
T.Rüstəmxanlı qaldırılan məsələlərin yaxın illərin dövlət investisiya proqramında nəzərə alınacağına ümid etdiyini bildərərək büdcə layihəsinin lehinə səs verəcəyini qeyd edib.
Günel Elxan