“Bakı silah importunda şaxələnmiş siyasətin tərəfdarıdır” Siyasət

“Bakı silah importunda şaxələnmiş siyasətin tərəfdarıdır”

"Azərbaycanın və Ermənistanın Rusiyadan silah alması məsələsi bir qədər fərqlidir. Ermənilər silahı kredit əsasında, Azərbaycan isə öz puluna əldə edir". Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, erməni mətbuatında Rusiyanın Azərbaycana silah satmayacağı haqda xəbərlərə ciddi fikir verməyin tərəfdarı deyil: "Silah satışında əsas meyar qiymət və keyfiyyətdir. Azərbaycan silahı öz puluna alır. Rusiya da silah satan ölkələrdən biridir. Azərbaycan öz puluna Rusiyadan da, digər ölkələrdən də silah ala bilər. Yəni Azərbaycanın silah alması heç zaman problem olmayacaq. Bu, daha çox Azərbaycanın öz seçimi ilə olan işdir. Rusiya üçün də Azərbaycan yaxşı müştəri hesab oluna bilər".
Tofiq Zülfüqarovun qənaətincə, indiki məqamda Ermənistanın Rusiyadan silah almasında problemlər yarana bilər: "Bir daha xatırladıram ki, Ermənistan Rusiyadan silahları kredit şərtləri əsasında əldə edir. Hazırda Ermənistanda iqtisadi böhran mövcuddur. Digər tərəfdən, Rusiyada da maliyyə-iqtisadi durum 5 il əvvəlki kimi deyil. Rusiyada iqtisadi yardım proqramları təxirə salınır və ya salınacaq. Ermənistan da bu kimi proqramlardan istifadə edərək, silah alırdı. Bu proqramların təxirə düşməsi Ermənistanın işinə yaramayacaq. Yəni silah almaq problemi yaşayacaq ölkə varsa, bu, birinci növbədə Ermənistandır".
Politoloq Zaur Məmmədov isə deyib ki, hər bir satıcı kimi Rusiyanın da əsas məqsədi silah sataraq maliyyə əldə etməkdir. Politoloq vurğulayıb ki, Moskvanın indiki iqtisadi durumunu nəzərə alsaq, bu Rusiya üçün xarici ölkələrə silah satışını daha da aktual edir: "Məsələn, 2012-2016-cı illər ərzində Rusiyanın silah eksportunda Azərbaycan ilk beşlikdə qərarlaşmışdı. Biz alıcıyıq. Bizə silah satmaq istəyən ölkələr siyahısında təkcə Rusiya deyil, digər dövlətlər də var".
Z. Məmmədov əlavə edib ki, Bakı silah importunda şaxələnmiş siyasətin tərəfdarıdır və bunu reallaşdırır. Rus ekspertlərinin səsləndirdikləri fikirlərə gəlincə, politoloq vurğulayıb ki, bu, erməniləri sakitləşdirmək üçün verilən bəyanatlardı: "Bunlardan biri Stanislav Tarasov kimi kimə xidmət etdiyi məlum olan şəxsdir".