“Silahlı qüvvələrimiz dünyanın 50 ən güclü ordusu sırasındadır” Siyasət

“Silahlı qüvvələrimiz dünyanın 50 ən güclü ordusu sırasındadır”

Aydın Mirzəzadə: "Azərbaycan xalqı ilə ordu arasında çox sıx bağlılıq var"

İyunda həm də Azərbaycan ordusunun fəaliyyətə başlamasının 100 illiyi qeyd olunacaq. Ekspertlər Azərbaycan ordusununu bu illər ərzində keçdiyi inkişaf yolunu dəyərləndiriblər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, Azərbaycan silahlı qüvvələri özünün hazırlıq vəziyyətinə və texniki təminatına görə, dünyanın 50 ən güclü ordusu sırasındadır: "Azərbaycanlı gənclərdə hərbi xidmətə maraq həddindən artıq böyükdür. Azərbaycan xalqı ilə ordu arasında çox sıx bağlılıq var". O bildirib ki, Azərbaycan xalqının ordu quruculuğu hərbiyə bağlılıq xalqımızın genetik proqramında, yaddaşındadır. Onun sözlərinə görə, istər böyük dövlətlərimizin, xanlıqlarımızın olduğu dövrdə, hətta hərbi xidmətə çağırılmadığımız çar dövründə belə Azərbaycan xalqı özünü döyüşkən, hərbiyə bağlı insan kimi göstərib. Müstəqillik dövründə qısa bir zamanda Azərbaycan silahlı qüvvələrinin yaradıldığını deyən komitə sədri söyləyib ki, onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda qətiyyətlə vuruşublar. A. Mirzəzadə qeyd edib ki, Azərbaycan ordusu böyük sınaqlardan keçib: "Azərbaycan xalqının dəyərli oğulları sovet dövründə də general rütbəsinə qədər gəlib çatır, özlərini hər zaman çox intizamlı hərbiçi kimi göstəriblər. Hətta müstəqillik dövründə dağınıq yaranan dəstələr vahid komandanlıq olmasa da, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın daha çox ərazisinin işğal olunmasının qarşısını ala biliblər. Ordumuz böyük bir sınaqlardan keçib, döyüşlərdən mətanətlə çıxıb. 2 il bundan öncə Dağlıq Qarabağda aprel hadisələri ordumuzun gücünü bir daha göstərmiş oldu. Azərbaycan ordusu hər zaman suverenliyimizin müstəqilliyimizin keşiyində durub. Biz bununla hər zaman fəxr edə bilərik".
Millət vəkili Azər Badamov deyib ki, Azərbaycanın ərazilərinin 20%-i uzun illərdir ki, işğal altındadır: "Belə vəziyyət həmişəlik davam edə bilməz. İşğala son qoydurmağın son ümid yeri milli ordumuzdur. Ona görə də dövlət büdcəsindən böyük vəsait orduya ayrılır və on illərdir ki, Azərbaycan Silahlı Qüvvələri böyük inkişaf yolu keçib". Onun sözlərinə görə, ordumuz müasir texnika və texnologiyalarla təchiz olunub, əsgər və zabitlərimiz pəşəkar hərbiçilərə çevrilib: "Azərbaycan əsgəri və zabitləri ən müasir silahları idarəetmə bacarıqlarına yiyələnib, istənilən an qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə icra etmək iqtidarındadır. Bunu 2016-cı ilin aprel hadisələri də sübut etdi. Azərbaycan ordusu bu gün ən müasir silahlarla və havadan müdafiə sistemləri ilə silahlanıb. Azərbaycan Hərbi Sənayesi Nazirliyi 1000-dən çox çeşiddə silah - sursat istehsal edir. Ordumuz müasir elmi nailiyyətlərlə idarə olunur. Sputnik xidmətlərindən hərbimiz yüksək bacarığla istifadə edir. Beləliklə beynəlxalq hərbi ekspertlərin rəyinə görə, Azərbaycanın Milli Ordusu dünyanın ən güclü 50 ordusu arasında yer alır. Bütün bunlar nəzərə alınaraq demək olar ki, qarşıdan gələn Silahlı Qüvvələr günündə Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunduğunu göstərməyə qadirdir. Ordu bizim müstəqilliyimizin, təhlükəsizliyin təminatçısıdır. Ən əsası da odur ki, ordumuza yüksək iradəli, düzgün və lazımi anda qərar verən Ali Baş Komandan rəhbərlik edir. Belə yüksək Ali Baş Komandanı olan ordu gələcəkdə də daha da inkişaf etməli, öz gücünü daha da artırmalıdır ki, mənfur düşməni istənilən anda qısa bir zamanda məhv edə bilək".