“Xarici qüvvələrin təsiri ilə Ermənistanın siyasətini dəyişmək çox asandır” Siyasət

“Xarici qüvvələrin təsiri ilə Ermənistanın siyasətini dəyişmək çox asandır”

"İsrailin Ermənistana artan marağının anti-İran mahiyyətli olması sirr deyil. Ermənistanın zəif dövlət olması da hamıya bəllidir. Xarici qüvvələrin təsiri ilə Ermənistanın siyasətini dəyişmək çox asandır". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Ermənistanı çıxmaqla İranın qonşuluğunda qalan bütün dövlətlər müstəqil siyasət aparmağı bacarırlar: "Xüsusi olaraq qeyd edək ki, bu həmin dövlətlərin İranla siyasətinə də aiddir. Türkiyə, Türkmənistan və Azərbaycanın davranışları bunun ən əyani sübutlarından biridir. Amma istənilən qüvvə Ermənistanın siyasətini dəyişə, o cümlədən onun ərazisindən İrana qarşı istifadə edə bilər. Müsəlman İran müsəlman dövlətlərinin hamısından İsraillə əlaqələrdə şübhələnir. Nədənsə İranın şübhəsi Ermənistana tərəf yönəlmir. Mayın 22-də Ermənistan XİN İranla Ermənistan arasında seçimin formulunu yaydı: "İsrail bizə qardaş ölkədir. Bizim orada ciddi tarixi-mədəni irsimiz var. Ona görə biz İsrail və İsrail ətrafında baş verənlərə laqeyd müşahidəçi kimi qala bilmərik". "Qonşu İran Ermənistanla qarşılıqlı faydalı əməkdaşlığı olan yaxın dost ölkədir". Bu sitatlar Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumatdandır. N.Paşinyan baş nazir, Z.Mnasakanyan isə Xarici İşlər naziridir. Başqa sözlə, bəyanat təsadüfən verilə bilməz.
N.Paşinyan Qərbin onun qarşısına qoyduğu şərtləri hansısa bir istiqamətdə reallaşdırmalı idi. O hələ ki, Qərbin Rusiya və Türkiyə istiqamətində şərtlərini reallaşdıra bilmir. Amma İran istiqamətində reallaşdırır. Çünki bu məsələdə İrandakı Qərbpərəstlər də Ermənistanın tərəfində olacaq və elə belə də oldu. Mayın 25-də İranın Ermənistana təklif etdiyi qazın qiyməti açıqlandı. Start qiymət 165 dollardır. Sövdələşməyə yer var.
Bu arada İranın daxilində ABŞ-ın nüvə müqaviləsindən çıxması ilə əlaqədar ciddi ajiotaj yaranıb. İranın Ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, İranın keçmiş XİN rəhbəri Ə.Vilayəti nüvə müqaviləsinin mətninə görə Ruhani hökumətini kəskin tənqid etdi. İranla "Altılıq" arasında imzalanmış müqaviləni hətta "Türkmənçay" müqaviləsindən pis adlandırdı. Əsas arqumentlərindən biri nüvə müqaviləsinin mətninin yalnız ingilis dilində olması ilə bağlı idi: "Türkmənçay" müqaviləsinin fars dilində mətni olduğu halda İranla altılıq arasında imzalanmış müqavilənin fars dilində mətni yoxdur. Əli Əkbər Vilayəti üçün birinci dil ingilis dilidir. Şah dövründə Tehranda ingilis məktəbini bitirib, ali təhsilini ABŞ-da alıb. Belə adamın beynəlxalq müqavilədə fars dilini qabartması daha xüsusi diqqət çəkir. Bununla da Ə.Vilayəti arqumentsizliyini ortalığa qoyur. Amma eyni zamanda o məsələyə tənqidi münasibət bildirməli idi.
İranın xarici siyasətində, o cümlədən ABŞ-la münasibətində erməni seqmenti var və bu seqmenti yaradanlardan biri Ə.Vilayətidir. ABŞ-da İranın xarici siyasətindəki erməni seqmentindən xəbərdardırlar və istifadə edirlər. Ciddi praktiki mərhələ Vorotan SES-in ABŞ şirkəti tərəfindən alınmasından başlamışdır.
Ümumiləşdirsək, Ermənistanın bu gün İran-İsrail seçimini İranın əleyhinə etməsinin günahkarlarından bir qrupunu İranın daxilində axtarmaq lazımdır".