“Azərbaycanla sərhəddə heç bir problem yoxdur” Siyasət

“Azərbaycanla sərhəddə heç bir problem yoxdur”

"Azərbaycan və İran dövlətləri təhlükəsizliyin təmin edilməsi üçün çalışır. İki ölkənin sərhədlərində heç bir problem yoxdur".
Bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli deyib.
Ə. Rəhmani Fəzli iki ölkənin sərhəd bölgələrində əməkdaşlığın davam etdirilməsindən danışaraq bildirib ki, sərhədlər təhlükəsiz və açıqdır: "Sərhədlərimizdə qanunsuz gediş-gəliş və qaçaqmalçılıq baş vermir".
Nazir əlavə edib ki, hər iki ölkənin sərhədçiləri arasında davamlı görüşlər keçirilir: "Bu sahədə heç bir narahatlıq yoxdur. Əlbəttə, sərhədlərdə bəzi hadisələr baş verir, lakin qarşısı alınır".
Ə. Rəhmani Fəzli iyunun 21-də sərhəddə baş vermiş hadisəyə də toxunub. O qeyd edib ki, bu hadisə Azərbaycan ərazisində baş verib: "Lakin Sərhəd Qoşunlarına göstəriş vermişəm ki, bu məsələni dəqiq araşdırsınlar və mənə rəsmi hesabat təqdim etsinlər. Məsələnin mahiyyəti bundan sonra müəyyən olunacaq. Hələlik isə görünən odur ki, bu hadisə Azərbaycanın ərazisində baş verib".