“Dünyada bir çox təşkilatlar var ki, onlar erməni şəbəkəsinin nəzarətindədir” Siyasət

“Dünyada bir çox təşkilatlar var ki, onlar erməni şəbəkəsinin nəzarətindədir”

Müşfiq Ələsgərli: "Lakin bu, bütün təşkilatların erməni lobbisinin təsiri altına düşməsi demək deyil"

"Dünyada bir çox təşkilatlar var ki, onlar erməni şəbəkəsinin nəzarətindədir və əməkdaşlıq edirlər. Lakin bu, bütün təşkilatların erməni lobbisinin təsiri altına düşməsi demək deyil. Ermənilər nə qədər çalışsa, cəhd etsələr də dünyada öz sözünü deyən müstəqil fəaliyyət göstərən beynəlxalq təşkilatlar da mövcuddur. Hansı ki, həmin təşkilatlar yeri gəldikdə dünyada reallıqlarla bağlı obyektiv informasiya verməyi bacarırlar". Bu fikirləri Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş verilişin yayımlanmasına münasibət bildirərkən deyib.
Bu cür təşkilatların sayının gündən-günə artdığını deyən qurumun sədr müavini söyləyib ki, bu bir tərəfdən dünyada reallıqları öz gözü ilə görmək istəyən təşkilatların mövcudluğudursa, digər tərəfdən də Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətdir: "Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı kimi problemləri var ki, onların dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülür. Azərbaycanın uğurlu diplomatiyası nəticəsində dünyanın 10-dan artıq ölkəsində Xocalı soyqırımı kimi qəbul edilib. 2016-cı ilin aprel hadisələri və digərləri ilə əlaqədar görülən işlər nəticəsində hadisələr dünya QHT-ləri və mediasına çıxa bildi".
M. Ələsgərli bildirib ki, bu proseslər zəncirvaridir: "Uzun müddətdir ki, ermənilər tərəfindən törədilən vəhşiliklər elə səviyyədədir ki, onları gizlətmək mümkün deyil. Aprel hadisələri, kiçik Zəhranın güllələnməsi, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan yerli əhalinin atəşə tutulması və erməni vəhşiliyini sübut edən digər o qədər faktlar var ki, artıq bu məsələlər dünya mediasının da diqqətini çəkir".
MŞ sədrinin müavini qeyd edib ki, məsələnin bir tərəfi ermənilərin zəifləməsi ilə bağlıdırsa, ikinci tərəfi dünyada təsirə düşmək istəməyən və obyektiv informasiya vermə istəyən media qurumları, üçüncü tərəfi isə Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti ilə əlaqədardır. Bu 3 kontekst birləşərək sonda Azərbaycanın haqq səsinin dünyaya çıxması ilə nəticələnir. Hesab edirəm ki, gələcəkdə bu cür faktlar daha da artacaq və ölkəmiz öz haqlı mövqeyini tamamilə isbat etmiş olacaq".
Xatırladaq ki, Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş veriliş yayımlanıb. Verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilir. Bolqarıstan erməniləri bu verilişə görə onu hazırlayan jurnalistə və BTV televiziyasına qarşı hücuma keçib, təhdidlərə başlayıblar.