“Rus ekspertlər, deputatlar sensasion fikirlər bildirməyiblər” Siyasət

“Rus ekspertlər, deputatlar sensasion fikirlər bildirməyiblər”

"Bütün sənədlərdə işğal altında olan torpaqlar Azərbaycan ərazisi kimi tanınır. Rus ekspertlər, deputatlar sensasion fikirlər bildirməyiblər. Sadəcə, əvvəllər ermənilərə görə bu ərazilərin Azərbaycanın olduğunu demirdilər. Həqiqəti indi dilə gətirirlər". Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib. Bildirib ki, ictimaiyyətimiz eyforiyaya düşməməlidir: "Yalnız Dağlıq Qarabağ məsələsi ilə kifayətlənməməliyik. Bizim üçün Zəngəzur məsələsi də önəmlidir. Rusiya üçün Yaxın Şərq mövzusu əsas məsələlərdəndir, geri çəkilmək fikrində deyillər. Bu məsələdə isə Azərbaycanın rolu böyükdür. Azərbaycan tam olmalıdır, ölkəmizə təzyiq etmək imkanları olmamalıdır. Ona görə də Zəngəzur bizə qaytarılmalıdır ki, Naxçıvan materik Azərbaycanla birləşsin. Naxçıvanın Azərbaycana birləşməməsi ölkəmizi müəyyən təzyiqlər üçün obyektə çevirir. Rus ekspertlər Zəngəzurun Azərbaycana qaytarılmasından danışmalıdırlar. Zəngəzur tarixən Azərbaycan torpağıdır, onu Ermənistana ruslar verib. Məqsəd də Azərbaycanı zəiflətmək idi. Ona görə də biz bu məsələni gündəmdə saxlamalıyıq".