Müdafiə nazirindən Ermənistana xəbərdarlıq Siyasət

Müdafiə nazirindən Ermənistana xəbərdarlıq

Zakir Həsənov: "Ermənistan ərazisindəki istənilən hərbi obyekti və yaşayış məntəqəsini darmadağın edə bilərik"

"Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki paritet bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib"

"Atəşkəs rejiminin elan edilməsindən 20 ildən artıq müddət keçməsinə baxmayaraq, məhz erməni tərəfi beynəlxalq qanunları pozaraq ərazilərimizi işğal altında saxlayır, atəşkəs rejimini daim pozur, müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara kəşfiyyat-təxribat basqınları etməyə cəhd göstərir, düşmən snayperləri hərbi qulluqçularımızı, dinc sakinləri atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən mülki obyektlərə, kənd təsərrüfatı sahələrinə ziyan vurur"
Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzərTAc-a müsahibəsində deyib.

"Düşmənlə onun dilində danışmaq lazımdır"

Müdafiə naziri bildirib ki, Azərbaycan Ermənistan ilə müharibə şəraitindədir: "Düşmənlə onun dilində danışmaq lazımdır və biz bunu edirik. İstəyirəm, tam əmin olasınız ki, Silahlı Qüvvələrimizin bölmələri dərhal onlara cavab verir və düşmən tərəfi itki verərək susdurulur. Əsgər və zabitlərimiz şəhid olmuş silahdaşlarının intiqamını dərhal alır və bundan sonra da alacaqlar".
Z.Həsənov qeyd edib ki, qoşunların təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması bir yana, işğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycanın həmsərhəd rayonlarını, kənd və qəsəbələrini atəşə tutur, dinc sakinləri yaralayır və öldürürlər: "Bu, bizi çox narahat edir. Bu hadisələr əsasən Ermənistanın İcevan, Noemberyan, Berd və Krasnoselsk rayonları ərazisində yerləşən mövqelərindən Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının yaşayış məntəqələrinin atəşə tutulması ilə həyata keçirilir. Ermənistan tərəfi bu hərəkətləri ilə işğal zonasını genişləndirmək məqsədi güdür, öz təcavüzkar simasını dünyaya nümayiş etdirir. Dünya və beynəlxalq hüquq təşkilatları isə susurlar.
Biz də Ermənistan kimi hərəkət edə bilərik. Onun ərazisindəki istənilən hərbi obyekti və yaşayış məntəqəsini darmadağın edə bilərik. Bunu etmək üçün bizim bütün imkanlarımız vardır. Ancaq humanizm prinsipləri və xalqımızın yüksək insanpərvərlik duyğuları bizi bunu etməkdən saxlayır. Dinc sakinlərin, uşaqların, qocaların və qadınların günahı nədir? Biz bir daha Avropanın, dünyanın, beynəlxalq hüquq təşkilatlarının, ATƏT-in, Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının və BMT Təhlükəsizlik Şurasının diqqətini bu məsələyə cəlb edirik. İşğalçı Ermənistanın özbaşınalığına son qoyulmasını tələb edirik. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edirik".

"Hərbi imkanlarımız artıb"

Nazir həmçinin qeyd edib ki, son dövrdə cəbhə xəttində hər dəfə vəziyyətin gərginləşməsi müşahidə edilən kimi döyüşə getmək arzusunda olan neçə-neçə vətəndaşımız Müdafiə Nazirliyinə müraciət edir: "Bu, xalqımızın düşmənə olan nifrətindən, torpaqlarımızın azad edilməsi hissindən irəli gələn keyfiyyətdir. Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissələrində bütün səviyyələrdə müasir döyüş üsullarının istifadəsi ilə genişmiqyaslı təlimlərin keçirilməsi düşmənə bir xəbərdarlıqdır, bizim üçün isə əsgəri həyat normasına çevrilib. Xalqımızı əmin etmək istəyirəm ki, Silahlı Qüvvələrimizin şəxsi eyəti Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin "Azərbaycan öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəkdir" fikrini rəhbər tutaraq verilən tapşırığın yerinə yetirilməsinə qadirdir və bunun üçün bizim istənilən imkanımız vardır".
Müdafiə nazirinin sözlərinə görə, Azərbaycanın hərbi büdcəsi ildən-ilə artır, ölkəmizin 2014-cü ilə nəzərdə tutulan hərbi xərcləri 2013-cü ilə nisbətən 7,1 faiz artırılıb: "Ermənistanın hərbi xərcləri isə Azərbaycanın 2014-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 5,3 dəfə azdır. Son on il ərzində əldə edilmiş silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki pariteti bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib. Eyni zamanda, Azərbaycanda hərbi sənaye kompleksinə aid onlarla müəssisə fəaliyyətə başlayıb".

"Smerç"lər, "Toçka-U" və "BUK-1MB" kompleksləri...

Z.Həsənov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin əsaslı surətdə gücləndirilməsi, qoşunların maddi-texniki təminatının keyfiyyətinin hərtərəfli və fasiləsiz yüksəldilməsi məqsədilə yeni silahların, texnikaların, trenajorların alınması, hərbi hissələrə verilməsi istiqamətində işlər aparılır: "Biz zirehli texnikaların, aviasiya vasitələrinin, döyüş imkanlarına malik digər texnikaların keyfiyyət baxımından əsaslı təmirini və modernləşdirilməsini yerinə yetirir, müəyyən olunmuş inkişaf proqramı üzrə fəaliyyətləri həyata keçiririk. Son dövrdə ən müasir "Smerç" yaylım atəşli reaktiv sistemləri, "Toçka-U" taktiki raket kompleksləri, "BUK-1MB" zenit-raket kompleksləri, "T-90S" tankları, "TOS-1A" ağır odatan sistemləri, "MSTA-S" özüyeriyən artilleriya haubitsaları, özüyeriyən "Pion" topları, o cümlədən ölkəmizdə istehsal olunan "Şahin" və "Qaranquş" pilotsuz uçuş aparatları silahlanmaya qəbul edilib. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin adı dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir".

Mediaya məsuliyyətli olmaq çağırışı

Zakir Həsənov ordu ilə və cəbhə xəttində baş verənlərlə bağlı mediada yayılan məlumatlara da toxunub: "Biz sağlam tənqidin, düzgün iradın, məsuliyyət və peşəkarlığın tərəfdarıyıq. Ancaq bu məsələlərdə qərəz, ayrı-seçkilik, dəqiqləşdirilməmiş, ictimaiyyət arasında çaşqınlıq yarada biləcək məlumatların yayılmasını yolverilməz hesab edirik". Nazir Silahlı Qüvvələrdə xidməti məlumatların açıq şəkildə yayılmasının da əleyhinə olduğunu bildirib: "Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyətin nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək hərbi hissələrin nömrələrinin, təyinatının, dəqiq dislokasiya yerlərinin göstərilməsinin, Silahlı Qüvvələrdə təyin edilmə və xidmət üzrə yerdəyişmə barədə məlumatlarda şəxslərin adının, soyadının, hərbi rütbəsinin, vəzifəsinin və barələrində digər fərdi məlumatların yayılmasının yolverilməzliyini dəfələrlə tövsiyə etməsinə baxmayaraq, vəziyyət bu gün də dəyişməz olaraq qalır".
Bundan əlavə, Zakir Həsənov Azərbaycan KİV-nin Ermənistan mediasının qərəzli məlumatlarına istinad etməsinin də doğru olmadığını deyib: "Bəzi kütləvi informasiya vasitələri Ermənistan mediasının Silahlı Qüvvələrimiz haqqında yazdığı qərəzli informasiyaları tərcümə edərək ölkə ictimaiyyətinə çatdırır və Ordumuz haqqında qeyri-obyektiv fikrin formalaşmasına cəhd göstərirlər. Bir daha diqqətə çatdırıram ki, media nümayəndələri bu cür məsələlərə milli təhlükəsizliyin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etsələr, daha yaxşı olardı".
Onun sözlərinə görə, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin fəaliyyəti haqqında, baş verən hadisələr, ictimaiyyət üçün maraqlı olan məlumatlara aydınlıq gətirilməsi məqsədilə mətbuat xidməti hər gün Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə operativ surətdə informasiyalar yayır.

Silahlı Qüvvələrin İnkişaf Strategiyası hazırlanır

Müdafiə naziri qeyd edib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi çərçivəsində Silahlı Qüvvələrin İnkişaf Strategiyasının ilkin layihəsi də hazırlanıb və bu sənədin də Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulub.
Nazirin sözlərinə görə, Müdafiə Nazirliyi tərəfindən hhzırlanan Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədinin layihəsi Xarici İşlər Nazirliyinə, Silahlı Qüvvələrin İnkişafı üzrə Dövlət Proqramının layihəsi isə Nazirlər Kabinetinə təqdim olunub.
Bundan əlavə, Z.Həsənov qeyd edib ki, hərbi qulluqçuların, əsasən də əsgər, çavuş heyətinin əşya təminatının yaxşılaşdırılması üçün təchizat normalarında, geyim formalarının daşınması qaydalarında və təsvirlərində bəzi əlavələr və dəyişikliklər edilərək Nazirlər Kabinetinə təqdim olunub.

Ordunun ərzağı laborator yoxlamadan keçirilir

Zakir Həsənovun sözlərinə görə keyfiyyətsiz ərzaq məhsullarının qəbul olunmasının qarşısının alınması məqsədilə ərzaqların müəssisələr tərəfindən birbaşa hərbi hissələrə təhvil verilməsi qadağan edilib.
Hazir deyib ki, hazırda müəssisələr tərəfindən təhvil verilən ərzaq məhsullarının keyfiyyəti Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası tərəfindən yoxlanıldıqdan sonra mərkəzi ərzaq anbarına qəbul olunur və şəxsi heyətin təminatı üçün mərkəzləşdirilmiş qaydada hərbi hissələrə paylanılır: "Ərzaq məhsullarının keyfiyyətinin yüksək səviyyədə yoxlanılması məqsədilə yeni laboratoriya binasının inşa edilməsi və müasir avadanlığın alınması nəzərdə tutulub".
Z.Həsənov qeyd edib ki, hərbi hissələrdə şəxsi heyətə keyfiyyətli, dadlı yeməklərin hazırlanması üçün peşəkar mülki aşpazların işə qəbul edilməsi həyata keçirilib və yeni müasir yeməkxana avadanlığının alınması üzrə işlər görülüb. Həmçinin hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq göstəriş verilib.

İrimiqyaslı əməliyyat-taktiki təlimlər keçiriləcək

Zakir Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin yaxın günlərdə irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi planlaşdırılır. Nazir bildirib ki, döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin cəbhə bölgəsində yerləşən birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunda genişmiqyaslı hərbi təlimlər keçirilib.
Onun sözlərinə görə, təlimlərdə hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, döyüş texnikalarının, həmçinin müasir silahların tətbiqi imkanları öyrənilib, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, eyni zamanda, döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib.