Misirli səfirin arzusu Siyasət

Misirli səfirin arzusu

"Azərbaycandan turizm axınının güclənməsini istəyirəm"

"Azərbaycan-Misir əlaqələri yüksək səviyyədədir. İki ölkə arasındakı əlaqələri yaxşı inkişaf elətdirmək üçün üzərimə böyük məsuliyyət düşdüyünü bilirəm".
Bunu Misirin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim dünən keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, Azərbaycana gəldiyi 5 ay ərzində ölkələr arasındakı siyasi əlaqələr alqışlanan səviyyəyə çatıb: "İqtisadi, ticarət əlaqələrimizi genişləndirmək üçün işlər də görülür. Azərbaycandan Misirə turizm axınının güclənməsini istəyirəm".
Səfir Misirdə sabitliyin hökm sürdüyünü və ölkənin terrorçulardan tamamilə təmizləndiyini deyib: "Misir əvvəlki kimi təhlükəsiz vəziyyətinə qayıdıb. Bu da imkan verir ki, aviaşirkətlər ora olan reyslərini bərpa etsin. İnanıram ki, 2011-ci ildə olduğu kimi Misirə turist axını yenə çox olacaq".
"Azərbaycan və Misir arasında iqtisadi əlaqələr fevralda Qahirədə baş tutan hökumətlərarası komissiyanın iclasında imzalanmış sənədlər əsasında inkişaf etdirilir"-deyən Adel İbrahim Ahmed İbrahim
bildirib ki, yaxın gələcəkdə iki ölkə arasında nazirlər səviyyəsində, eləcə də ali səviyyədə qarşılıqlı səfərlər gözlənilir və bu səfərlərin gerçəkləşdirilməsi üçün işlər görülür.
Diplomatın sözlərinə görə, iki ölkə arasında birbaşa aviareyslərin açılması ilə bağlı razılaşma olsa da, aviaşirkətlər bu sahədə itirdiklərinin çox olacağını düşündükləri üçün proses bir az ləngiyir: "Əvvəlcə iki ölkə arasındakı turizmi elə təşviq etmək lazımdır ki , bu reyslərin həyata keçirilməsi üçün zəmin yaransın. Turist axını çox olmalıdır. Ticarət dövriyyəsinin həcmi də birbaşa aviareyslərə görə azdır. Misirdə 2011-2013-cü illəri əhatə edən hadisələr siyasi gərginlikdən dolayı yaşanıb. Misirdə heç bir turistə zərər gəlməyib. Hər il Misiri 10 milyon turist ziyarət edir".