“Danışıqlar prosesini irəliyə aparmaq üçün pozitiv təkliflər yoxdur“ Siyasət

“Danışıqlar prosesini irəliyə aparmaq üçün pozitiv təkliflər yoxdur“

"Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslər dalana dirənib. Danışıqlar prosesini irəliyə aparmaq üçün hələ ki pozitiv təkliflər yoxdur".
Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin sentyabrında olacaq görüşü BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu-Yorkda olacaq: "Bu görüşdə XİN rəhbərləri danışıqlar prosesinin yenilənməsi və gündəmə çıxarılacaq məsələlərin dəqiqləşdirilməsi işini müzakirə etməlidirlər. Çünki Ermənistan indiyədək danışıqlara kifayət qədər əngəl yaradan addımlar atıb və danışıqlara qondarma Dağlıq Qarabağ Respublikasının cəlb edilməsi ilə hər şeyin sıfırdan başlaması kimi sərsəm ideya irəli sürüb. 20 ildən çoxdur ki, danışıqlar prosesi davam edir. Bu müddətdə razılaşdırılması lazım gələn məsələlərin 85-87 faizi razılaşdırılıb. Bunlar təfərrüatlı məsələlərdir. Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra o Ermənistanın mövqeyini daha da sərtləşdirib. Eyni zamanda Azərbaycanın əlini qüvvətləndirən amillər də çox olub.
Hər şeydən əvvəl BMT-dən tutmuş digər beynəlxalq təşkilatlara qədər Azərbaycanın ərazi bütövlüyü məsələsini tanımaları və münaqişənin də bu ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəməlidir. Azərbaycanın ərazi bütövlüyü məsələsində demək olar ki, aparıcı dövlətlərin hamısı eyni fikirdədir. Amma Rusiyanın mövqeyi bu məsələlərin həllində problem olaraq qalır. İndi Qərb dövlətlərinin, xüsusilə Avropa Birliyinin məsələyə münasibəti pozitiv istiqamətdə dəyişib və onlar təşəbbüsü ələ almağa çalışırlar".
Qeyd edək ki, BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub. Görüşün sentyabrda baş tutacağı gözlənilir.