08:33
357
Tayvan Quru Qoşunları yerli istehsal olan ən yeni "Land Sword II" zenit-raket komplekslərinin (ZRK) sınaqdan keçirilməsi üçün xüsusi infrastrukturun tikintisini Çunşan Elm və Texnologiya İnstitutuna (NCSIST) həvalə etməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Taipei Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, əvvəllər bu cür raketlərin sınağı üçün adanın Hərbi Dəniz Qüvvələrinin infrastrukturu və gəmilərindən istifadə olunurdusa, indi Quru Qoşunlarının ZRK-ları üçün xüsusi poliqon sisteminin yaradılmasına qərar verilib. Mənbənin bildirdiyinə görə, layihənin büdcəsi 295 milyon Tayvan dollarından (təxminən 9,27 milyon dollar) çoxdur. "Bu addım hava hücumundan müdafiə sistemlərinin maddi-texniki təminatı məsələlərində tam müstəqilliyə keçidi simvolizə edir", - deyə qəzet mənbənin sözlərini sitat gətirir. Yeni struktur raketin uçuş trayektoriyasının marşrut hissəsində radiolokasiya siqnallarını və tuşlama əmrlərini simulyasiya etməyə, habelə raketin bütün sistemlərinin kompleks diaqnostikasını aparmağa imkan verəcək.
"Land Sword II" ZRK "Sky Sword II" sisteminin təkmilləşdirilmiş versiyasıdır və konteyner tipli buraxılış qurğusu konsepsiyasından istifadə edir. Onun fəaliyyət radiusu 2 ilə 15 km arasındadır, raketləri nəqliyyat vasitəsindən məsafədən idarəetmə ilə buraxmaq mümkündür.
Məryəm Quliyeva