“İşğal altında olan ərazilərdə terrorçular fəaliyyət göstərir” Siyasət

“İşğal altında olan ərazilərdə terrorçular fəaliyyət göstərir”

"Azərbaycan 25 ildən artıqdır Ermənistan tərəfindən işğalçılıq siyasətinə məruz qalmış, ölkəmizin beynəlxalq birlik tərəfindən qəbul olunmuş ərazilərinin 20 faizi işğal olunub. Ermənistanın qeyri-adekvat davranışları və təxribatları münaqişənin sülh və danışıqlar yolu ilə həllinə mane olur. Münaqişənin ədalətli həllinin uzanması isə bütövlükdə region üçün ciddi təhlükə mənbəyi olaraq çıxış edir. Belə ki, Ermənistanın işğal etdiyi ərazilərə Azərbaycan nəzarət edə bilmədiyi üçün bu ərazilər boz sahəyə çevrilib. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış terrorçu və separatçı rejim isə həmin ərazilərdən ən müxtəlif qanunsuz fəaliyyətlərin həyata keçirilməsi üçün istifadə edir". Bunu Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında "Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən "boz sahələr"ə məhdudiyyətsiz girişi" adlı məruzənin müzakirələri zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, bir sıra beynəlxalq ekspert qupları və təşkilatların da dəfələrlə bəyan etdiyi kimi, sözügedən ərazilərdə qeyri-qanuni silahlı qruplarla yanaşı terrorçular da fəaliyyət göstərir, burada terrorçuları hazırlayan düşərgə mövcuddur və bu, bütün beynəlxalq ictimaiyyət üçün ciddi siqnaldır. "Eyni zamanda, sözügedən ərazidən narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və satışının inkişafı üçün istifadə olunur. Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində narkotik maddələrin yetişdirilməsi faktı AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəsində öz əksini tapıb. Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət separatçıları "çirkli pulların yuyulması" əməliyyatı sahəsində məşhurlaşmaqda olan transmilli cinayətkar infrastrukturların maraq dairəsinə daxil edib. Bu ərazi nüvə və radioaktiv tullantıların basdırılması üçün istifadə olunur. İnsan alveri, qeyri-qanuni məskunlaşdırma, təbii, maddi və mənəvi sərvətlərin talan edilməsi və qanunsuz istismarı ilə bağlı çoxsaylı faktlar mövcuddur. Bütün bunlar isə bir daha Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və atraf 7 rayonun boz sahəyə çevrilməsinin nə qədər təhlükəli nəticələrə gətirib çıxardığını ortaya qoyur", - deyə millət vəkili Sahibə Qafarova qeyd edib.
S.Qafarova deyib ki, belə olduğu halda, beynəlxalq birliyin, o cümlədən, bizim birinci vəzifəmiz bu təhlükələri doğuran səbəbləri aradan qaldırmaq olmalıdır. Bu səbəblər isə ondan ibarətdir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal olunub və oranın yerli əhalisi olan bir milyondan artıq azərbaycanlı oradan zorla çıxarılıblar. Bu isə həmin ərazilərin "boz sahə"yə çevrilməsini şərtləndirib.
"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim isə hər vəchlə işğal faktını legitimləşdirməyə çalışır, hər hansı əcnəbinin ora gəlişini bölgənin dünya tərəfindən tanınması kimi qiymətləndirir. Yəni burada məqsəd işğal faktını legitimləşdirməkdir. İndi "boz sahə"yə səfərlərə icazə verilməsi birinci növbədə, işğalçılığın və separatizmin təşviq edilməsi və dəstəklənməsi, ikincisi müstəqil dövlətlərin suveren hüquqlarına qarşı açıq hörmətsizlikdir. Ona görə də bu cür səfərlərin təşkili boz sahələrin aradan qaldırılmasına deyil, boz sahələrin mövcudluğuna səbəb olacaqdır", - deyən Sahibə Qafarova avropalı parlamentarilərə müraciətlə sual edib ki, əgər Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının təmsilçiləri Azərbaycanın işğalı altında olan ərazilərə səfər etsələr orada kiminlə danışıqlar aparacaqlar: işğalçılarla, separatçı rejimlə? "Əgər onlar yerli əhali ilə görüşüb danışmaq istəyirlərsə, hazırda orada yerli əhali yoxdur. Oranın yerli sakinləri olan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz torpaqlarından zorla çıxarılıb və onlar Şuşaya, Kəlbəcərə, Laçına gedə bilmirlər", - deyə millət vəkili vurğulayıb.