“Avropa İttifaqı dəfələrlə Ermənistana kredit ayrılmaqla bağlı niyyətinin olmadığını açıqlayıb” Siyasət

“Avropa İttifaqı dəfələrlə Ermənistana kredit ayrılmaqla bağlı niyyətinin olmadığını açıqlayıb”

İlqar Vəlizadə: "Çünki kredit hər hansı məqsədə, layihəyə görə ayrılır"

"Paşinyan Avropa İttifaqına maliyyə yardımı ilə bağlı hələ hakimiyyətə gəldiyi ilk günlərdə müraciət etmişdi. Amma bu müraciət Aİ tərəfindən maraqsız qarşılanmışdı. Lakin Paşinyanın yenidən pul istəməsi, artıq dilənçilikdir". Bu fikirləri politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Avropa İttifaqı dəfələrlə Ermənistana kredit ayrılmaqla bağlı niyyətinin olmadığını açıqlayıb: "Çünki kredit hər hansı məqsədə, layihəyə görə ayrılır. Lakin son illə Ermənistanda Aİ üçün maraqlı olan heç bir layihənin olmadığını nəzərə alsaq, Aİ rəsmiləri də bu niyyətdə olmadıqlarını açıqlayırlar". Politoloq söyləyib ki, Paşinyanın Avropa İttifaqından maliyyə vəsaiti istəməsi, Ermənistanın acınacaqlı vəziyyətindən xəbər verir: "Əgər Aİ-nin maliyyə dəstəyi ilə bağlı niyyətinin olmadığı halda Paşinyan yenidən onlara müraciət edirsə, demək ki, Ermənistanın vəziyyəti olduqca acınacaqlıdır. Paşinyan bu yardımla hansısa məsələləri çözməyə, müəyyən problemləri həll etmək niyyətindədir. Bildiyiniz kimi, Ermənistanda çox ağır sosial , iqtisadi vəziyyət hökm sürür. Yəqin ki, o, vətəndaşlarının pensiya təminatı, maaşların verilməsi kimi məsələləri həll etmək istəyir. Hazırda seçki prosesinə hazırlıq getdiyi üçün bu problemlərin həlli onun üçün çox vacibdir". Hazırda Ermənistanda yeni ilin büdcəsinin müzakirə olunduğunu deyən İ. Vəlizadə söyləyib ki, Paşinyan Aİ-dən alacağı maliyyə hesabına müəyyən imkanlar yaratmaq istəyir: " Bildiyiniz kimi, ötən ilin bu dövründə sabiq ölkə başçısı Serj Sarkisyan Aİ ilə strateji əməkdaşlıqla bağlı saziş imzalamışdı ki, sənədə əsasən Ermənistana müəyyən maliyyə yardımı ayrılmışdı. Çox güman ki, Paşinyan da həmin sənədə əsasən Aİ-dən maliyyə vəsaitinin ayrılması ilə bağlı xahiş edib. Amma Aİ-nin yanaşma tərzində Ermənistana heç bir maliyyə krediti nəzərdə tutulmayıb".