Lukaşenko niyə “ruslarla birgə” xəbərdarlığı etdi? Siyasət

Lukaşenko niyə “ruslarla birgə” xəbərdarlığı etdi?

"Belarus Rusiya ilə ən yaxın müttəfiq sayılsa da, onlar arasında fikir ayrılıqları var".
Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenkonun Polşada ABŞ hərbi bazalarının açılması ilə bağlı məsələyə verdiyi açıqlamanı şərh edən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Rusiyanın Ukraynaya təcavüzündan sonra Lukaşenko Moskvadan ehtiyatlanmaga başlayıb:
"Lukaşenko bir neçə dəfə Moskvanın siyasətinə narazılığını bildirib. Son illər Avropa Birliyi ilə Belarus arasında müəyyən yaxınlaşma da baş verir. Görünür, Polşada yeni ABŞ bazasının yerləşdirilməsi Rusiyanı hərəkətə keçirib, Lukaşenko da bu açıqlamanı verib".
Politoloq vurğulayıb ki, Lukaşenko indi hakimiyyətinə, ölkəsinə təhdidi bəlkə də Avropadan çox, Rusiyada görür:
"Lukaşenko Moskva asılılığından qurtula bilmir. Ona görə də Kremldən gələn direktivləri yerinə yetirməyə məcburdur. Polşada yeni bazanın açılması Şərqi Avropaya təhlükəsizlik vəd edir. Rusiyanın Ukraynaya təcavüzündan sonra Şərqi Avropanın təhlükəsizlik məsələsi yenidən aktuallaşıb. Polşa, Baltikyanı ölkələr Rusiyadan müdafiə olmaq üçün ABŞ-dan dəstək istəyir. ABŞ da bu dəstəyi göstərməkdədir. Polşada ABŞ bazasının olması hələ Belarusda Rusiya bazası olacağı anlamına gəlmir. Yuxarıda qeyd etdiyim kimi, Lukaşenko Moskvadan narazıdır və get-gedə bu narazılıq daha da artır. Düşünmürəm ki, rus hərbi bazasını belaruslar sevinclə qarşılayacaq. Düzdür, Kreml Minskdə təzyiq rıçaqlarından istifadə edib istəyinə nail olmağa çalışa bilər. Amma Avropa İttifaqı Belarusa tərəf addımlar atsa, Kremlin Minskə təzyiq rıçaqları azalar".
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa xarici işlər nazirinə ölkə ərazisində "artıq" bazalar yaratmamağı məsləhət görüb, əks halda Minskin "ruslarla birgə" cavab verməyə məcbur olacağını bildirib.