“Zatulin əvvəldən də ermənipərəst rus deputatı kimi tanınırdı” Siyasət

“Zatulin əvvəldən də ermənipərəst rus deputatı kimi tanınırdı”

Aydın Mirzəzadə: "Baş nazir Nikol Paşinyana qədər özünü Ermənistanın deputatı kimi aparırdı"

"Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin ABŞ-ın anti-İran sanksiyalarına Ermənistanın qoşulmasından çox narahat olub və rəsmi İrəvanı bundan çəkindirməyə çağırır. Bir siyasətçinin digər ölkənin, onun ölkəsinə aid olmayan məsələyə görə narahat olması çox əcaib görsənir". Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Zatulin əvvəldən də ermənipərəst rus deputatı kimi tanınırdı və Baş nazir Nikol Paşinyana qədər özünü Ermənistanın deputatı kimi aparırdı: "İndi isə situasiya dəyişib və artıq Zatulinə ehtiyac qalmayıb. Yəni, o daha çirkin siyasətinə görə İrəvan tərəfindən açıq və gizli şəkildə mükafatlandırılmayacaq. Ermənistanın yeni iqtidarı ölkənin daxili və xarici siyasətini tam müəyyənləşdirməsə də artıq ona Zatulin lazım deyil. Daha doğrusu, ona Konstantin Zatulin yox, bir dayıdan digər dayının himayəsinə keçmək üzrə zatulinlər lazımdır. Şübhə yoxdur ki, belələri mütlıq tapılacaq. Bir tikə çörəyi əlindən çıxan Zatulin isə dərs aldı ki, Ermənistana etibar yoxdur".
Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, "Lazarev klubu"nun yaradılmasına emosional prizmadan yanaşmaq olar. Eləcə də "Lazarev klubu"na Zatulinin Robert Köçəryanın pulundan istifadə etmək mənbəyi kimi də yanaşmaq olar: "Zatulin Ermənistanı, o cümlədən Köçəryanı çox gözəl tanıyır. Onun anti-Rusiya əməllərinə də bələddir. Məhz Köçəryan ABŞ üçün dünyada ikinci ən böyük səfirlik binasının arxitektorudur. ABŞ Ermənistanda adicə səfirlik binası tikmək istəyirdi. Köçəryan həmin vəsaitlə ABŞ üçün az qala hərbi baza olan səfirlik binasını tikdi". O bildirib ki, eks-prezident Köçəryan "Yukos-Armenia", "Yukos-CİS" strukturlarını yaratdı və bu vasitə ilə Xodorkovskinin 5 milyard dollar vəsaitini Qərbə çıxardı. Eks-prezident Köçəryanın "Sibir" (RF) aviakompaniyasını şüurlu şəkildə müflisləşdirdiyini, özəlləşdirdiyini və bazasında "Armavia"nı yaratdığını bildirən M. Əhmədoğlu deyib ki, bunu isə yerlisi və qohumu Mika Bağdasaryana verdi: "Bir sıra Rusiyaya məxsus enerji obyektlərini də "bu qaydada özəlləşdirib" onun sərəncamına keçirtdi".
Politoloq daha sonra deyib: "Eks-prezident Köçəryan "Qazprom Armeniya"nın da yuxarıdakı qaydada özəlləşdirilməsinə başlamışdı. Rusiya başa düşdü, bu prosesi dayandırdı. Bunların hamısını Köçəryan ABŞ-ın maraqları çərçivəsində etdi və həbs olunan zaman ABŞ bütün dünyada heç kəsə göstərmədiyi isti münasibəti Köçəryana göstərdi. O, həbs olunduqdan sonra dəqiqə ilə ölçülən müddətdə reaksiya verdi. Prosedur qaydalarına riayət olunmasını tələb etdi. Məhz prosedur qaydalarına riayət olunmamasına görə Köçəryan azadlıqdadır".
M. Əhmədoğlu bütün bunların hamısını Zatulinin bildiyini vurğulayıb: "Zatulin o qədər Köçəryanpərəst idi ki, hətta Serj Sərkisyana "xox" gəlmişdi. Zatulin R.Köçəryanın Amerikapərəst olduğunu, ABŞ-ın maraqlarına uyğun anti-Rusiya siyasət apardığını və Ermənistanın Qərblə Rusiya arasında oyun oynamaq siyasi kursunun müəllifinin Köçəryan olduğunu bilir. Amma yenə onun hakimiyyətə qayıtmasına çalışır. Çünki Zatulinin Köçəryanın maliyyəsindən və Qərbdəki əlaqələrindən ehtiyacı var. Zatulin "Lazarev klubu" ideyasının təməlini daha dərində qurub. "Lazarev klubu" Zatulinin Köçəryanın pulundan yararlanmaq məqsədi ilə yaratdığı yardımçı təsərrüfatlardan biridir"