“Qarabağda yaşayan ermənilər Azərbaycan Ordusunu köməyə çağırır” Siyasət

“Qarabağda yaşayan ermənilər Azərbaycan Ordusunu köməyə çağırır”

Ehtiram Aşırlı: "Nikol Paşinyan səhvlərini ört-basdır etmək üçün günahı xalqın üzərinə atır"

"Qarabağda yaşayan ermənilər Azərbaycan Ordusunu köməyə çağırır. Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan səhvlərini ört-basdır etmək üçün günahı xalqın üzərinə atır. Guya xalq tamamilə əksinqilabçıdır." Bunu qəzetimizə açıqlamasında analitik Ehtiram Aşırlı bildirib.
Onun sözlərinə görə, insanlar Paşinyandan iş yeri, pensiya tələb edir, yolların çəkilməsini istəyir. Bu barədə Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan erməni mətbuatına açıqlamları zamanı bildirib. V.Sarkisyan qeyd edib ki, Paşinyan günahı xalqın üstünə ataraq, fəaliyyətinə ciddi səhvlər etməklə başladı. O, hakimiyyətə gələn kimi islahatlar aparmaq əvəzinə intriqalar yaratmağa başladı, iqtisadiyyat daha ağır vəziyyətə düşdü, xalqın həyat səviyyəsi tamamilə çökdü. "Paşinyan, hakimiyyət dünyasına xoş gəlmisiniz. Bundan sonra xalq yolu, məktəbi, xəstəxananı, pensiyanı, hətta maddi yardımı sizdən tələb edəcək. Tənqid etmək yerinə bir az işləmək lazımdır. Razıyam, bu, o qədər də asan deyil. İnsanlara real iş yerləri lazımdır, bunun üçün əvvəlcə investisiyalar lazımdır və hər şeydən əvvəl investorlara hörmət edilməlidir. Yeri gəlmişkən, çıxışınız zamanı "10 iqtisadi faktda" səhv rəqəmlər var idi. Sizin iqtisadiyyat naziriniz, yaxud referentiniz kimdir? Ermənistanda işləyən və vergi verənlərin sayı 350 min yox, ən azı 500 mindir. Lakin kənd təsərrüfatı bura daxil deyil. Yeri gəlmişkən, sizin müşaviriniz yaxın vaxtlarda dövlət sektorunda 150 min iş yerini azaldacaqlarını bildirdi. İşdən çıxarılanlar özəl sektora keçəcək. Bu, növbədənkənar seçkilərə qədər olacaq, ya yox? Düşünürəm, bunu indidən açıqlamaq lazımdır ki, insanlar 9 dekabrda buna görə səs versinlər. Xahiş edirəm, 7 dəfə düşünün. Bir dəfə edin. Və siz öz çıxışınızda bildirdiniz ki, insanların maddi yardımlarını kəsəcəksiniz ki, onlar işləsinlər. Belə "islahatlardan" öncə aşağı təbəqə əzab çəkir. Bunu etməyin", - deyə Sarkisyan bildirib.
V.Sarkisyan Paşinyana xitabən qeyd edib ki, vəziyyət daha da pisləşəcək, yaxın perspektivdə ümidverici heç nə görünmür: "Qeyd edim ki, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında vəziyyət günü-gündən daha da gərgin hal alır. Qondarma rejimin bezmiş sakinləri Paşinyanı "tupoy və axmaq" adlandırırlar. Orada əhali acınacaqlı həyat keçirir. İş o yerə çatıb ki, münbit torpağı olan bu yerdə hətta insanlar kənd təsərrüfatı məhsullarından da korluq çəkirlər. Çünki onlara əkib-becərmək üçün lazımi şərait yaradılmır, qondarma rejimin başçıları soyub-talamaqla, öz sərvətlərini artırmaqla və intriqlarla məşğuldurlar. Qondarma rejimin "prezidenti" Bako Saakyan Paşinyanı dəfələrlə aldadaraq guya bölgədə hər şey inkişaf edir və xalq hər şeydən razıdır kimi yalan məlumatlar verir. Əslində, Saakyan və onun quldur komandası narkotik alverinə rəvac verərək milyonlara sahib olur. Əhali isə iş tapmır, ac-yalavac ömür sürür. Qadınlar şəxsiyyətləri alçaldılan "istirahət evlərinə", kişilər qul kimi təhqirli işlərə sövq edilirlər. Bu ilin yazında Xankəndidə baş verən ciddi narazılıqlar bunu sübut etdi. Etiraz aksiyasının bir çox iştirakçıları qondarma rejimin vəzifəli şəxslərinin onları döydürüb təhqir etmələrini, özbaşınalığın və zorakılığın dözülməz həddə çatdırılmasını, hətta Azərbaycan Ordusunun gəlişini istədiklərini açıqca bildirdilər. İndi Paşinyanın "Qarabağ klanı"na düşmən münasibəti, İrəvanda vəzifəli qarabağlıları sıxışdırıb sıradan çıxarması, Dağlıq Qarabağ əhalisinə hörmətlə yanaşmaması bölgədə ona qarşı inamsızlığı artırmaqla qalmayıb, həmçinin nüfüzdan düşməsinə gətirib çıxarıb. Ona görə də Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında yaranmış uçurum daha da dərinləşərək ən yüksək həddə çatıb. Düşünürəm ki, yaxın vaxtlarda ermənilər arasında xaosun daha da böyüyərək münaqişə zəminində partlayışın yaşanması gözləniləndir".