“Fransanın həmsədrlikdən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır” Siyasət

“Fransanın həmsədrlikdən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır”

"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri Fransa qanunlarına və beynəlxalq hüquqa ziddir". Bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, beynəlxalq hüquqda da, hər bir ölkənin milli qanunvericiliyində də bir terrorçunun sərbəst hərəkət etməsi hələ üstəlik rəsmi şəxs kimi görüşlər keçirməsi cinayət və terrorizmin təbliği kimi qiymətləndirilir: "Ona görə də Fransa Bako Saakyanın bu hərəkətlərinə göz yummaqla ikili standarlara yol verir, terroristə cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini gözdən salır. Bununla da gələcəkdə elə Fransanın özünün də əziyyət çəkə biləcəyi etnik separatizmi təşviq etmiş olur. Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. O zaman əgər gələcəkdə Korsikadakı separatizm kimlərsə tərəfindən dəstəklənəcəksə Fransa günahı elə özünün yanlış siyasətində görməlidir. Ümumiyyətlə təəssüf edilməli haldır ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan bu ölkə artıq xeyli zamandır ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleminin həllində tərəfsizliyini itirməyə başlayıb. Fransanın prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir.
Bu günlərdə regiona səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Ancaq Fransa nəinki obyektiv və balanslı siyasət həyata keçirir tam əksinə çox açıq şəkildə postovet məkanındakı münaqişələrə münasibətdə ikili standartlara yol verir. Məsələn, Cənubi Osetiya, Abxaziya, Transdnestria və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Ancaq Bako Saakyanlar bu Avropa ölkəsində sərbəstcə dolaşır, görüşlər keçirir, ianələr toplayır. Bu yolverilməzdir. Bütün bunlar azmış kimi Fransanın xeyli sayda şəhəriAzərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarındakı bəzi subyektlərlə qardaşlaşma haqqında saziş imzalayır. Azərbaycan tərəfinin beynəlxalq hüquqa söykənən etirazlarına isə sadəcə biz Dağlıq Qarabağ adlı bir qurumu rəsmən tanımırıq kimi quru diplomatik ifadələrlə cavab verir. Əslində isə bütün bu hərəkətlər Fransanın Ermənistanın işğalçılıq siyasətini və etnik separatizmi pərdəarxası dəstəkləməsi kimi qiymətləndirilməlidir.
Tərəfsizliyini itirdiyinə görə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır. Lazım gələrsə ölkəmizdə fəaliyyət göstərən çoxsaylı fransız şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması məsələləri nəzərdən keçirilməlidir. Əks təqdirdə bu tipli gizli dəstəklər gələcək də açıq müstəviyə keçməklə olduqca mənfi presedent yarada bilər ki, bu da nəinki Azərbaycan üçün, bütövlükdə Avropada, İspaniyada, Belçikada, İsveçrədə, Almaniyada və.s. etnik separatçılığın yenidən güclənməsinə gətirib çıxara bilər. Bu da bütün dünyada yeni çaxnaşmaya səbəb olar. Ona görə də Avropa İttifaqına üzv olan dövlətələr də daxil olamqla beynəlxalq təşkilatlar da Fransanın belə sürüşkən mövqeyinə qiymət verməlidirlər. Fransa unutmamalıdır ki, həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı ilə tərəfdaşlıq memorandumu çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət etməyə borcludur".
Politoloq Hatəm Cabbarlı isə deyib ki, Fransa beynəlxalq aləmdə qondarma rejimi legitimləşdirməyə cəhd edir.
O bildirib ki, Fransa Minsk Qrupunun həmsədr ölkəsidir, amma eyni zamanda Fransanın Ermənistan ilə siyasi münasibətləri Azərbaycana münasibətdən kəskin fərqlənir:
"İki ölkə arasındakı münasibətlərdə Fransa hər zaman Ermənistanı himayə edən mövqedən çıxış edir. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın Fransaya səfəri də bu baxımdan dəyərləndirilməlidir. Fransız rəsmilər qondarma rejim rəhbərinin ölkələrinə səfərinin rəsmi dəvət olmadığını və dövlət rəsmiləri ilə görüşmədiyini bildirsələr də, Bako Saakyanın səfərləri qondarma rejimin xarici dünyaya yeni bir pəncərə açması deməkdir. Bundan başqa Fransa şəhərlərinin meriyaları qanunsuz olaraq qondarma rejimin şəhərləri və qəsəbələri ilə "qardaş şəhərlər" müqaviləsi imzalayırlar. Fransa hökuməti bu səfərlərin qarşısını almaqdansa, bunu səyahət sərbəstliyi və insan haqları ilə izah etməyə çalışır".
Politoloq vurğulayıb ki, Azərbaycan bütün bu neqativ hərəkətlərə qarşı ən yüksək səviyyədə etirazını bildirir:
"Azərbaycan PA rəsmisi Hikmət Hacıyev "ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazımızı ifadə edirik" deyərək məsələyə münasibət bildirib. Bu məsələ ilə bağlı Fransanın Azərbaycandakı səfiri də XİN-ə çağırılıb və izahat tələb edilib. Eyni zamanda, Azərbaycanın Fransadakı səfirliyinin bu işlə bağlı məsələni araşdırmaq təlimatı verilib".
Politoloq qeyd edib ki, Fransanın Minsk Qrupu həmsədri olmasına rəğmən, qondarma rejimlə bu cür isti münasibətləri əlbəttə qəbuledilməzdir:
"Azərbaycan buna görə Fransanın həmsədrlikdən uzaqlaşdırılmasını tələb edə bilər. Amma məsələ budur ki, bunun mexanizmi olduqca qarışıqdır. Eyni zamanda bu, ən son tələb ola bilər. Azərbaycan bu problemi əsasən diplomatik yollarla həll etməyə çalışır".