“Ermənistanın xarici siyasəti dəyişməyəcək” Siyasət

“Ermənistanın xarici siyasəti dəyişməyəcək”

"Cəmiyyətin mövqeyi məlum olanadək Ermənistanın xarici siyasəti dəyişməyəcək".
Bunu Ermənistan parlamentinin "Mənim Addımım" blokunun deputatı Ruben Rubinyan deyib.
O, indiki məqamda Nikol Paşinyan hökumətinin əvvəldən mövcud olan xarici siyasəti dəyişdirmək məsələsini nəzərdən keçirmədiyini açıqlayıb.
Rubinyan yeni hakimiyyətin Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ilə bağlı siyasətinin dəyişməyəcəyini də bildirib:
"Baş nazir danışıqların Vyana və Sankt-Peterburqda tərəflər arasında keçirilmiş görüşlərdə əldə edilən anlaşmalar üzrə davam etdiriləcəyini bildirib. Hesab edirik ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olmalıdır".
Qeyd edək ki, Vyana (Avstriya) və Sankt-Peterburq (Rusiya) görüşləri 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev və dönəmin Ermənistan başçısı Serj Sərkisyan arasında keçirilmişdi.
Əlavə edək ki, "Mənim Addımım" blokuna hazırkı Baş nazir Nikol Paşinyan rəhbərlik edir.