Görüş Borge Brendenin təşəbbüsü ilə baş tutub Siyasət

Görüş Borge Brendenin təşəbbüsü ilə baş tutub

Hikmət Hacıyev: "Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər"

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüşü ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.
Hikmət Hacıyev qeyd edib ki, bu görüş Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib: "Görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər.
Bildiyiniz kimi, danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. Belə ki, bu il yanvarın 16-da Parisdə, 2018-ci il dekabrın 3-də isə Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub.
Tam formatda dövlət başçıları səviyyəsində görüş, bir qayda olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunur".