“Azərbaycan Prezidentinin nüfuzu əməkdaşlığı gücləndirib” Siyasət

“Azərbaycan Prezidentinin nüfuzu əməkdaşlığı gücləndirib”

İtaliyanın nüfuzlu "İl Messaggero" qəzeti Azərbaycan-İtaliya əlaqələrindən yazıb

İtaliyanın nüfuzlu "İl Messaggero" qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ilə əlaqədar Azərbaycan-İtaliya əlaqələrindən bəhs edən məqalə dərc olunub.
Məqalədə deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri qaz və "made in İtaly" xüsusiyyətləri ilə qeyd edilən, Azərbaycan və İtaliya arasında mövcud əlaqələrə verilən önəmin göstəricisi sayıla bilər. Yazıda bildirilir ki, 2014-cü ilin ilk üç ayının məlumatlarına əsaslanaraq qeyd etmək olar ki, artıq 7 ildir İtaliya Azərbaycanın birinci iqtisadi tərəfdaşıdır: 2013-cü ildə bu ikitərəfli mübadilənin gəliri 7,4 milyard avronu keçmişdir. Karbohidrogenlərin idxalı nəticəsində İtaliya üçün mənfi saldo təxminən 6,4 milyard avro olmuşdur. Keçmiş sovet respublikaları arasında Azərbaycan ən yüksək inkişaf tempinə malik olan bir ölkədir. Bu ölkədə qeyri-enerji sahələrində 9,5 faiz artıma nail olunmuş, 74 milyard dollarlıq ümumi daxili məhsul istehsal edilmişdir. Azərbaycanın xarici borcu qibtəediləcək rəqəmlə ölçülür - 9,1 faiz, işsizliyin səviyyəsi 5,6 faizdir.
Qəzet yazır ki, 53 yaşlı İlham Əliyev artıq üçüncü dəfədir ki, Prezident vəzifəsinə seçilib. Beynəlxalq münasibətlər üzrə professordur, artıq 33 yaşında dövlət neft şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb, daha sonra deputat və Yeni Azərbaycan Partiyasının lideri seçilmişdir. Bir neçə xarici dili (rus, ingilis, fransız və türk) mükəmməl bilən Prezident İlham Əliyev öz siyasətində müasirləşməyə, qonşu ölkələrlə balanslaşdırılmış əlaqələrin qurulmasına böyük diqqət yetirir.
Məqalədə bildirilir ki, İtaliyanın keçmiş Baş naziri Enriko Letta 2013-cü ilin avqust ayında Bakıda rəsmi səfərdə olub. "Şahdəniz 2" Konsorsiumun qərarı əsasında oktyabr ayında TAP boru kəməri ilə 2020-ci ilədək Azərbaycan qazını Avropaya çatdırmaq qərarı qəbul olunub. 870 kilometr uzunluğu olan və 117 kilometri suyun altı ilə çəkiləcək bu boru kəməri Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçib Salento sahilinə yetişərək İtaliyanın "Snam Rete Gas" şəbəkəsinə qoşulmalıdır. 2013-cü ilin noyabr ayında italiyalı iş adamlarından ibarət nümayəndə heyəti Bakıya səfər ediblər. İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatı (İCE), ANCE və FEDERPROGETTİ şirkətləri tikinti və sağlamlıq sahələrində, Türkiyə ilə nəqliyyat və dəmir yolunun qurulmasında, Xəzər dənizdə yeni limanın tikintisində və digər sahələrdə də yeni əməkdaşlığın qurulmasının əsasını qoyub. Digər mərhələ dekabrın 16-da iqtisadi tərəfdaşlıq protokolunun və bir gün sonra TANAP-TAP qaz boru xətti barədə sazişin imzalanması mərasimi üçün İtaliyanın o vaxtkı xarici işlər naziri Emma Boninonun Prezident İlham Əliyevlə görüşü olub. Avropa öz enerji təzlükəsizliyinin şaxələndirilməsi üçün Bakıya böyük önəm verir.
Məqalədə deyilir: "İnanılmaz olsa da təəssüf ki, İtaliyada yerli "no TAP" müqavimət hərəkatları var. Terminalın qurula biləcəyi nöqtələr San Foka-Melendugno və alternativ olaraq Brindisi və ya Otranto düşünülür. Bürokratiya və bu yerli müqavimət hərəkatları bizim və bütün Avropa üçün ümidverici əməkdaşlığa maneələr yaradır. ENİ-nin də 5 faiz payı olan mövcud Bakı-Tbilisi-Ceyhan, həmçinin Azərbaycanın SOCAR şirkəti tərəfindən irəli sürülən Trans-Atlantik, Trans-Anadolu və Trans-Qafqaz boru kəmərləri sistemləri birbaşa Mərkəzi Asiyadan idxal uçun yol açır. "BOS Shelf LLC" və "Star Gulf FZCO" şirkətləri aprelin 18-də müqavilə imzalayıblar, "Saipem" isə "Azəri-Çıraq-Günəşli" neft yataqlarının inkişafı üçün "offshore" istehsalı, nəqliyyat və neft infrastrukturunun tikilməsini öz üzərinə götürüb. Ümumiyyətlə, Bakı avtomobildən mebelə qədər italyan məhsulları üçün yeni bazardır.
Yazıda Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrdən də söhbət açılır. Bildirilir ki, hazırkı Prezidentin atası Heydər Əliyevin adı İtaliya mədəniyyəti üçün böyük məna kəsb edir. Heydər Əliyevin adını daşıyan və Mehriban Əliyevanın prezidenti olduğu Fond mütəmadi olaraq Venesiya incəsənət biennalisində iştirak edir. Fond Kapitoli muzeylərinin təmirini, Maksi di Roma və Kapri fondundakı sərgiləri təşkil edib. 2015-ci il Milan sərgisində Azərbaycan pavilyonu onun imzasını daşıyır. Məqalədə daha sonra deyilir ki, Avropa Şurasının Nazirlər Komitəsinin sədri və 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzu siyasi əməkdaşlığı gücləndirmişdir. Prezident İlham Əliyevin Qafqazda sabitlik yaradılmasında rolu strateji əhəmiyyətə malikdir və çoxvektorlu xarici siyasəti həm qonşu ölkələrlə, həm də Qərb dövlətləri arasında balans axtarışına əsaslanır.
Ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyinin diqqətə çatdırıldığı məqalədə bildirilir ki, yüksək səviyyəli görüşlərdə azərbaycanlılar tərəfindən daim səsləndirilən mövzu Azərbaycan ərazilərinin bir hissəsinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən işğalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ermənilərin Dağlıq Qarabağ və işğal etdikləri digər ətraf 7 rayondan geri çəkilmələrini tələb edir. Bakı İtaliyanı bir vaxtlar sədrlik etdiyi, daha sonra Fransa, Rusiya, ABŞ tərəfindən əvəz edilmiş Minsk qrupunda mühüm rol oynamağa çağırır.
Məqalədə Azərbaycan haqqında üç kitabın müəllifi Sapienza Universitetinin prorektoru və Şərqi Avropa tarixi üzrə professor Antonella Biagininin əsərindən sitat gətirilir: "Azərbaycan sabit bir ölkədir, eyni zamanda, bütün Qafqaz regionu üçün sabitlik amilidir".