“Bu proqramların icrası nəticəsində ölkəmizdə inkluziv inkişaf səviyyəsi artıb” Siyasət

“Bu proqramların icrası nəticəsində ölkəmizdə inkluziv inkişaf səviyyəsi artıb”

Tahir Mirkişili: "Regionlarda yaşayan insanlar üçün əsasən bərabər şərait yaradılıb"


"2004- cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynayıb. Keçən 15 il ərzində 3 dövlət proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3.3 dəfə artaraq dünya miqyasında rekord göstəriciyə imza artıb. İxracın 4.7 dəfə, valyuta ehtiyatlarımızın isə 24 dəfə artması və paralel olaraq iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü və regional iqtisadiyyat qurmağa nail olub". Bunu millət vəkili Tahir Mirkişili deyib. Millət vəkili bildirib ki, iqtisadiyyatın sürətlə böyüməsi ölkədə 2 milyondan çox yeni iş yerlərinin açılmasına şərait yaradıb. Bu da öz növbəsində əhalinin maaşlarının 7 dəfə, pensiyaların isə 9 dəfə artmasına gətirib çıxarıb. Ölkənin bütün regionlarında infrastruktur layihələrinin həyata keçirilməsi iqtisadi və sosial həyat şərtlərini kəskin yaxşılaşdırmış və bütün sahələrin inkişafı üçün zəmin yaradıb: "Məhz bu proqramların icrası nəticəsində ölkəmizdə inkluziv inkişaf səviyyəsi artıb. Regionlarda yaşayan insanlar üçün əsasən bərabər şərait yaradılıb. Bütün bunlarla yanaşı, qarşıda duran müasir çağırışlar və həyata keçirilən iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişafının ardıcıl olaraq davam etdirilməsini, yeni layihələrin həyata keçirilməsini labüd edir. Ölkənin dayanıqlı və inkluziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi qəbul edilən yeni 4-cü proqram regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi və əhalinin rifah halının daha da yaxşılaşması yönümündə hazırlanmış mühüm dövlət proqramıdır".
Millət vəkili deyib ki, hazırda regionlarda ciddi sənayeləşmə prosesi gedir. Sənaye parklarının yaradılmasının geniş vüsət alması və qeydiyyatdan keçən rezidentlərin sayının 67-yə çatması bu sahədə ixrac potensialını da ciddi artırmaqdadır: "Ölkəmizdə sənayenin inkişafında yeni əlavə dəyərin yaradılması ilə müşayiət olunan yeni dövr başlayıb. Bu həm emal sənayesində, həm də yüngül və kimya sənayesində müşahidə olunur. Müasir texnologiyaların tətbiqi ilə qurulan yeni sənaye müəssisələri rahatlıqla xarici bazarlara məhsul sata bilirlər ki, bu hər növbəti ildə ölkəmizin sənaye məhsulları ixracının artımına səbəb olamaqdadır. Xarici ölkələrə təşkil olunan ixrac missiyaları, xarici ölkələrdə açılan ticarət evləri Azərbaycan məhsullarının ixracı üçün yeni imkanlar və yeni bazarlar yaratmaqdadır".
Tahir Mirkişilinin sözlərinə görə, kənd təsərrüfatı sahəsində məhsuldarlığın artması və bu sahədə innovasiyaların tətbiqi üçün geniş miqyaslı işlərə başlanılması kənd təsərrüfatı məhsullarının ixracının həcminin artmasına rəvac verməkdədir: "Bu, digər tərəfdən idxalı əvəz etməklə ölkədən valyuta çıxmasının qarşısını alır. Kənd təsərrüfatı sahəsində böyük dövlət dəstəyi mexanizmlərinin tətbiqi insanlara bu sahəyə marağı artırmış və məhsul istehsalını rentabelli etmişdir. Ənənəvi bazarlarla yanaşı yeni bazarlara çıxış imkanı əldə edən ölkə fermerləri bir çıx kənd təsərrüfatı məhsulları ixracından xeyli gəlir əldə etməkdədirlər. Xarici bazarlarda yüksək keyfiyyətli və orqanik Azərbaycan məhsullarına olan tələbat ixrac potensialının xeyli böyük olduğunu deməyə əsas verir. Eyni zamanda, kənd təsərrüfatı sahəsində emal sənayesinin inkişafı yüksək əlavə dəyərli məhsullarının istehsal edilməsinə imkan yaratmaqdadır ki, bu da ixracın həcmini artırmaqla yanaşı yerli istehsalçılara daha çox mənfəət əldə etməyə imkan verəcəkdir".