Birgə təlimlərin sayı artır Siyasət

Birgə təlimlərin sayı artır

Zakir Həsənov: “ Hər üç tərəf təlimlərin uğurla həyata keçirilməsinə razılıq verib”

Hulusi Akar: “Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı digər ölkələr üçün örnək olacaq”

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Türkiyə-Gürcüstan müdafiə nazirlərinin ikitərəfli görüşlərindən sonra nazirlərin üçtərəfli görüşü keçirilib.

Hər 3 ölkənin nazirləri görüşün yekunlarına dair protokol imzalayıblar.

Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov üç ölkənin təhlükəsizliyi və hərbi əməkdaşlığı baxımından bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

Nazir qeyd edib ki, digər sahələrdə olduğu kimi müdafiə sahəsində də üç qonşu dost ölkə əməkdaşlığı uğurla davam etdirilir: “Keçən il Türkiyədə memorandum imzalandı. Həmin memoranduma uyğun olaraq bizim üçtərəfli formatda görüşlərimizin hüquqi bazası yarandı. İl ərzində üçtərəfli əməkdaşlığın planında olan məsələlərin icrası müzakirə olunub”.

Zakir Həsənov bildirib ki, görüşdə Türkiyənin terrorizmlə mübarizəsini hər üç tərəf dəstəklədiyini bəyan edib: “Hər üç tərəf Türkiyənin terrorizmlə mübarizəsini dəstəkləyir. Görüşdə həmçinin Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Hərbi əməkdaşlıq sahəsində əməkdaşlıqla bağlı görülmüş işlər müzakirə olundu. Onu da qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Məsələn, 2018-ci ildə Türkiyə ilə birgə yeddi təlim keçirilib. 2019-cu ildə isə 13 birgə təlimin keçirilməsi planımızda var. İlin sonuna kimi bunların hamısı icra olunacaq”.

“Görüşdə biz Gürcüstan tərəfini də bu təlimlərə qatılmağa dəvət etdik. NATO xətti ilə Azərbaycan-Türkiyə-Gürcüstan təlimləri də Gürcüstanda həyata keçirilib. Həmçinin Gürcüstanda dağ təlim mərkəzində çox uğurlu təlimlər icra olunub. Hər üç tərəf bu təlimlərin uğurla həyata keçirilməsinə razılıq verib və təlimlərin davam etdirilməsinə dair qərar qəbul olunub”, - deyə Zakir Həsənov bildirib.

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar 600 il Qafqaz Albaniyasının paytaxtı olmuş turizm şəhəri Qəbələyə indiyə qədər gəlmədiyi üçün peşman olduğunu bildirib: “Hər mənada - təbiəti, insanları ilə mükəmməl şəhərdir. Hər kəsin gəlməsini tövsiyə edirəm”.

Göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edən Hulusi Akar əlavə edib ki, Cənubi Qafqaz mövzusunda ortaq mövqeyə sahib olan Zakir Həsənov və Levon İzoriya ilə bir araya gələrək, regional məsələləri və ölkələrin vəziyyətini müzakirə ediblər: “Əməkdaşlığımızın mövcud vəziyyəti, perspektivləri barədə fikir mübadiləsi apardıq. Üç ölkənin yerləşdiyi coğrafiya neft və təbii qaz kimi önəmli enerji mənbələrinin işlənməsi, onların dünyanın digər bölgələrinə çatdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiya beynəlxalq aktorların da qarşı-qarşıya gəldiyi, üzərində xüsusi durduğu bölgədir. Bu səbəbdən üç ölkənin əməkdaşlığı, birlikdə fəaliyyət göstərməsi çox önəmlidir”.

Türkiyəli nazir qeyd edib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir: “Müdafiə, hərbi və təhlükəsizlik sahəsində üç ölkənin də maraqlarına xidmət edən əməkdaşlıq mövcuddur. Yeni planlar hazırlanır. İnanıram ki, gələcəkdə yalnız müdafiə, hərbi və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayacaq, digər sahələri də əhatə edəcək. Əməkdaşlığın miqyası genişlənəcək. Bu əməkdaşlıq digər ölkələr üçün örnək olacaq. Yaxın zamanlarda ölkələrimiz arasında müdafiə sahəsində imzalanan əməkdaşlıq protokolunun müsbət nəticələrinin şahidi olacağıq”.