“Qurtuluş Günü Azərbaycan xalqının tarixində ən əhəmiyyətli günlərdən biridir” Siyasət

“Qurtuluş Günü Azərbaycan xalqının tarixində ən əhəmiyyətli günlərdən biridir”

Fəttah Heydərov: “Heydər Əliyev Azərbaycanın dünya dövlətləri arasında tanınması üçün böyük işlər görüb”

İyunun 15-də Azərbaycan Qurtiluş Gününü qeyd edəcək. 15 iyun Azərbaycanın siyasi tarixində xüsusi yeri var.

Xatırladaq ki, Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyasıda deputatlar böyük səs çoxluğu ilə ümummilli lider Heydər Əliyevi Ali Sovetin Sədri seçiblər. Bundan sonra ölkədə olan hərc mərclik aradan qaldırılıb və Azərbaycan parçalanmadan xilas edilib.

Millət vəkili Fəttah Heydərov jurnalistlərə açıqlamasında deyib ki, Qurtuluş Günü Azərbaycan xalqının tarixində ən əhəmiyyətli günlərdən biridir. Onun sözlərinə görə, bu günlə bağlı çox söz demək olar. Çünki bu gün Azərbaycanın müstəqil olub-olmamasınının həll olunduğu gün idi: “Əgər Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi, Azərbaycana rəhbərlik etməsəydi, hərc-mərcliyi aradan qaldırmasaydı və qarşıdurmaları səngitməsəydi bizim müstəqilliyimiz böyük sual altına düşərdi”. O, əlavə edib ki, 15 iyun müstəqilliyimizin başlanğıc tarixidir: "Müstəqilliyimiz 1992-ci ildə rəsmi qaydada elan edilsə də, böyük təhlükə qarşısında idi: “Hesab edirəm ki, müstəqilliyimizin doğum gününü Qurtuluş Günü ilə bərabər hesab etmək lazımdır. Heydər Əliyev müstəqil Azərbaycanımızın əbədiyyətə qədər davam etməsi, dünya dövlətləri arasında tanınması üçün böyük işlər görüb. O həmişə vardır, yaşayır və nə qədər ki, Azərbaycan var, Ulu Öndər də onunla bərabər yaşayacaq”.

Millət vəkili Aydın Mirzəzadə diqqətə çatdırıb ki, Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etməsi, təhlükəsizlik orqanlarında işləməsi, geniş təcrübəyə malik olması ölkəmizin qarşılaşdığı problemlərin həllində böyük rol oynadı: “İlk növbvədə 1993-cü ildə vətəndaş qarşıdurmasının qarşısı alındı. Azərbaycanda dövlət hakimiyyəti möhkəmləndirildi”. O, bildirib ki, o dövrdə qeyri-qanuni hərbi dəstələr ləğv edildi: "Ulu Öndərin apardığı siyasət Azərbaycanın bir dövlət kimi möhkəmlənməsinə, beynəlxaql aləmdə nüfuzunun artmasına gətirib çıxardı. Bütün sahələrdə islahatlar keçirildi və uğurlar çoxaldı. 1994-cü ildə neft müqavilələrinin bağlanması Azərbaycanın öz təbii sərvətlərinə sahib olmasına imkan verdi. Bu da öz növbəsində ordan gələn gəlirlərlə ölkənin yenilənməsinə, vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxardı. Ulu Öndərin uğurlu fəaliyyəti ilə bağlı çox danışmaq olar. Heydər Əliyev ölkəni ən çətin dövrdə öz uzaqgörən siyasəti, biliyi ilə xilas etdi" .

Millət vəkili Musa Quliyev bildirib ki, 15 iyun Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış ən əlamətdar günlərdən biridir: “15 iyundan etibarən Azərbaycanda həqiqi dövlətçilik quruldu və Heydər Əliyev Azərbaycan dövlətinin struktur əsaslarını yaratdı. Yəni, müasir Azərbaycanın bünövrəsi məhz 15 İyundan sonra qoyulmağa başlanıldı. Sonrakı dövrlərdə isə Heydər Əliyev ölkədə tam siyasi ictimai sabitlik yaratdı. Dövlət quruldu, Konstitusiyamız qəbul olundu. Azərbaycanın bugünkü inkişafının bünövrəsi məhz bu tarixdən qoyulub. Həmçinin qeyd edim ki, 1993- cü ildən götürüləsi ibrət dərsləri də var. İlk növbədə dövlət başçısı öz xalqına arxalanmalıdır. Xalqın dəstəyi olmadan heç bir şəxs hakimiyyətə gələ bilmir. Heydər Əliyev dəfələrlə söyləyib ki, müstəqilliyi əldə etmək çətindir, ancaq qorumaq ondan qat-qat çətindir. Dövlətçiliyi, vətən, milli birliyi qorumaq hər birimizin müqəddəs borcudur. Bütün bunlara görə 15 iyunun Milli Qurtuluş Günü kimi qeyd edilməsi tamamilə haqlı bir qərardır. 15 iyun nəinki Azərbaycanın, regionun xəritəsini dəyişən bir gün oldu. Bu gün Azərbaycanın qüdrətli bir dövlət olması 15 iyunda başlanan yolun uğurudur. Bu gün bu yol Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Millət vəkili Kamilə Əliyeva deyib ki, 1991-ci ildə Azərbaycan Respublikası öz azadlığını əldə etdi: “Azadlıq əldə edilsə də hakimiyyətdə yaranan boşluqlar ölkəmiz üçün heç də ucuz başa gəlmədi. Lakin ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan bu ağır vəziyyətlərdən qurtuldu.

Kamilə Əliyeva əlavə edib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoyub: “Biz həqiqətən xoşbəxt bir xalqıq ki, ulu Öndər Heydər Əliyev kimi bir şəxsiyyətimiz olub. Məhz onun sayəsində bu günki inkişaf etmiş Azərbaycan Respublikası xəritədən silinməyib. Heydər Əliyevə qədərki hakimiyyətin məsuliyyətsiliyi, səriştəziliyi hesabına Azərbaycan bəlkə də birdəfəlik xəritədən silinə bilərdi. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Bu bütöv bir Azərbaycanın qürurverici bir günüdür. Mən 15 iyun qurtuluş günü münasibəti ilə xalqımızı təbrik edirəm. Ulu Öndərin siyasətini layiqincə davam etdirən cənab İlham Əliyeva da bu yolda uğur arzulayıram. Ölkəmizi istəmiyən qüvvələr gec-tez anlayacaqlar ki, bu gün Azərbaycan dövlətinin adı Prezident İlham Əliyevin siyasəti nəticəsində ən yüksək yerlərdə çəkilir. Ümid edirəm bu uğurlu siyasət hər zaman davam edəcək”.

Deputat Eldəniz Səlimov vurğulayıb ki, 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunub: “Ümummilli lider Heydər Əliyevin xalqın tələb və təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın ikinci müstəqillik tarixində yeni mərhələnin başlanğıcı oldu”. O bildirib ki, Ulu öndər ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanı ilk növbədə vətəndaş müharibəsindən, parçalanmaqdan, bölünməkdən, müstəqilliyini itirməkdən xilas etdi. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı Ümummilli liderin həyata keçirdiyi siyasət nəticəsində yenidən dirçəlməyə başladı və Azərbaycanda sözün əsl mənasında dövlət və dövlətçilik quruculuğuna start verildi. E. Səlimov söyləyib ki, bu gün dünyada sülhə, təhlükəsizliyə töhfə verən Azərbaycanın uğurlu Ulu Öndər Heydər Əliyevin vaxtilə həyata keçirdiyi uğurlu enerji, neft siyasəti və strategiyası nəticəsində mümkün olub: “1994-cü ilin 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi” heç də asan başa gəlmədi. Güclü təzyiq və təkidlər qarşısında mətinliklə, mərdanəliklə duruş gətirən Ümummilli lider Heydər Əliyevin sayəsində bu tarixi müqavilə həyata vəsiqə qazandı və həmin vaxtdan başlanan yol “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, Cənub Qaz Dəhlizi, TANAP və sair tarixi və möhtəşəm layihələrlə özünü nümayiş etdirdi və bu yol Prezident İlham Əliyev tərəfindən uğurla gedilir, davam etdirilir”. Deputat qeyd edib ki, Azərbaycan yaşadıqca Ümummilli lider Heydər Əliyev də yaşayacaq, var olacaq və 15 iyun tarixi hər zaman minnətdarlıqla xatırlanacaq, qeyd olunacaq.

Siyasi ekspert Kənan Paşayev deyib ki, Qurtuluş günü Azərbaycan xalqının uğurlu gələcəyə açılan qapısı oldu: “Ulu öndər Heydər Əliyevin Bakıya gəlişindən sonra ölkədəki siyasi hərc-mərclik tədricən sakitləşmiş, əhalinin rifhının yaxşılaşdırılması üçün uzaqgörən addımlar atılmışdır”. O bildirib ki, Heydər Əliyevin qayğıkeş siyasəti öz nəticəsini vermişdi: "Azərbaycan xalqı qısa zaman ərzində ulu öndəri prezident kürsüsündə görmək istədiyini bildirdi və Heydər Əliyev 1993-cü ilin oktyabr ayında prezident seçildi. Dəfələrlə anti-azərbaycan qüvvələrinin dəstəklədiyi xəyanətkar qruplaşmalar tərəfindən Heydər Əliyevin hakimiyyətinə qarşı dövlət çevrilişlərinə cəhd edilsə də xalqın prezidentə dəstəyi sayəsində bütün bunların qarşısı alınmışdır. Ulu öndərin uzaqgörənliyi sayəsində 1994-cü ili 20 sentyabrı tarixində əsrin müqaviləsi bağlanmış və bu dövlət büdcəsinə külli miqdarda vəsaitin daxil olmasına yol açmışdır. Bu günkü qüdrətli Azərbaycan Respublikası qurtuluş gününün bizə qoyduğu mirasdır".

Deputat Tahir Süleymanov bildirib ki, hər il iyunun 15-də qeyd etdiyimiz Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür: “Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışı ölkəmizin zəngin çoxəsrlik siyasi tarixinə möhtəşəm hadisə kimi yazıldı". Millət vəkili qeyd edib ki, 1993-cü ildə xalqın təkidi və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə görülmüş təxirəsalınmaz sosial-iqtisadi və siyasi tədbirlər dövlətimizin möhkəmlənməsinə, dünya birliyinə inteqrasiya olunmasına və ölkəmizdə vətəndaşların maraq və mənafelərinə cavab verən müasir cəmiyyətin qurulmasına xidmət edib. 1993-cü ilin iyun ayından etibarən Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilməsi üçün genişmiqyaslı və köklü islahatlara başlandı: "15 iyun 1993-cü il müstəqil Azərbaycanın tərəqqisinin başlanğıc tarixidir. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi...”.