Elçibəy onu niyə gizlədirdi? Siyasət

Elçibəy onu niyə gizlədirdi?

Bu gün səhər, təxminən saat 11-12 arasında qəribə bir şey oldu. Birdən-birə mərhum Prezident Əbülfəz Elçibəyin həyat yoldaşını - Həlimə Əliyevanı xatırladım. Ona görə qəribə deyirəm ki, Həlimə xanımı şəxsən tanımırdım, heç vaxt ünsiyyətdə olmamışdım. Hardan və niyə yadıma düşdü, bilmirəm... Hətta onu xatırladım ki, bir neçə il öncə “Gündəlik Teleqraf” qəzetinin əməkdaşları Elçibəyin evindən reportaj hazırlamışdılar. “O yazı Teleqraf.com-un arxivində varmı, yoxsa qəzetin “podşivka”sınımı vərəqləmək lazımdır”, deyə götür-qoy etdim. Bu, sosial şəbəkələrdə köhnə hərəkatçıların “çiləli, mətanətli, dəyanətli” adlandırdığı xanımı niyə yada salırdım, fikirləşdikcə heyrətlənirdim.
Az sonra səbəbi heyrətimi daha da artırdı.
Mediadan öyrəndim ki, Elçibəyin həyat yoldaşı Türkiyədə xəstəxanalardan birində vəfat edib...
“Bir sıra dövlət xadimlərinin XANIMLARI ərlərinin fəaliyyətində aktiv iştirak edir. Ziyalılarımızda da belədir. Rəhmətlik Hacı Zeynalabdin Tağıyev qız məktəbini ona görə açmışdı. Mirzə Cəlil də Həmidə xanımı buna görə axtarıb tapmışdı, ailə qurmuşdu. Bu cür ailələr bir-birinə çox böyük yardım edirlər. Amma elə insanlar var ki, bundan ya faydalanmır, ya taleyi gətirmir, ya gətirir, dəxli yoxdur. Bizdə elə şey yoxdur. Ailəmin mənim siyasətimə müdaxilə etməyə qəti ixtiyarı yoxdur. Hətta o, məndən soruşa bilməz ki, partiyada nə baş verib: Əli bəy nə deyir, Fazil bəy nə istəyir... Mən imkan vermərəm ki, siyasətimə qarışsın!.. Ola bilsin ki, belə məsələlərdə mühafizəkaram...”
Əbülfəz Elçibəyin saglıgında maraqla oxunan müsahibəsindəndir.
Həlimə Əliyevanın gözlənilməz vəfatı ilə baglı sosial şəbəkələrdə həddən ziyadə ilginc, insanın içini tərpədən statuslar paylaşılır. Vaxtilə ölkənin nüfuzlu siyasi xadiminin həyat yoldaşını ərinin xarakterindəki konservativlik Azərbaycan ictimai rəyinə tanıtmadı. O, hamıya bütün tərəfləri ilə qaranlıq qaldı. Amma Elçibəyin ömür-gün yoldaşı kimi həmişə maraq doğurdu.
Şübhəsiz ki, o, sözün bütün mənalarında, güclü qadın idi! Susmağı bacaran, qurban verməyə hazır olan, dözümlü, fədakar, Elçibəyi ən çox tanıyan və... təmənnasız! İşıqlardan, parıltılardan, kameralardan uzaq, həyat yoldaşının deyil, pərdənin arxasında qalmaga, tanınmamaga, üzdə olmamağa ərinin iradəsi ilə razı olan bir qadın. Allah rəhmət eləsin!
Elçibəyin xanımına bu münasibətini heç vaxt qəbullanmadım, anlamadım, normal saymadım. Bir demokrata, ideya, məfkurə adamına, nəhayət, dövləti dəyərlərə və prezidentliyə yaraşmayan, məntiqə sığmayan yanaşma idi. Mən mühafizəkarlıq deməzdim buna. Ailəyə, Qadına dəyər verməmək idi bu. Allah Elçibəyə qəni-qəni rəhmət eləsin! Ona sayğım da, sevgim də əlbəttə, var. Dünyadan köçmüş bir adamı tənqid etmək də deyil niyyətim. Sadəcə, Elçibəyin ailəsinin qadın üzvlərinə münasibəti məni həmişə düşündürüb. Silahdaşları ilə də dəfələrlə müzakirə etmişəm bunu. Eyni məntiqlə Elçibəy heç bir qadının siyasətə, partiya işinə, Azadlıq Hərəkatına qatılmasına, siyasi proseslərdə, kütləvi aksiyalarda iştirak etməsinə imkan verməməliydi. Öz həyat yoldaşına rəva görmədiyini başqa qadınlara necə rəva görürsən? Amma siyasi mübarizədə Elçibəyin ətrafında nə qədər qadin silahdaşı vardı! Bəs onlari niyə siyasətdən çəkindirmirdi, “qadın siyasətə qarışa bilməz” demirdi, əksinə, dəstəkləyirdi, həvəsləndirirdi, cəmiyyətin üzdə olan qadınlarına yüksək münasibəti bəsləyirdi? Harada səmimi idi, harada deyildi?
Suallarım çoxdur. Olumlu cavabı indiyədək heç kəsdən ala bilməmişəm. Özümün də cavabım yoxdur. Hər halda, məncə, belə olmamalıydı.
Elçibəyin qısamüddətli prezidentliyi dönəmində Həlimə xanım əslində birinci xanım statusundaydı, amma heç vaxt birinci xanım ola bilmədi. “Günah” kimdədir?! Xalqına son dərəcə yaxın olan bir adam ailəsinə niyə bu qədər uzaq idi?!
Qızı Çilənayı da heç vaxt üzə çıxarmadı, hətta toyunda da, bildiyim qədər, iştirak etmədi.
Çox ziddiyyətli şəxsiyyət idi Elçibəy. Həm köhnə idi, həm təzə. Həddən ziyadə cazibədar aurası vardı. Onunla bircə dəfə söhbət edənlər ona ömürlük könül baglayırdılar. Amma doğmalarıyla könül məsələsində könülsüzlüyünün izahı yoxdur. Və bir də Azərbaycan xalqının genetik kodlarında, təhtəlşüurunda Qadına münasibət fərqlidir axı. Bu xalq həmişə öz Qəhrəmanının yanında onun xanımını, ömür-gün yoldaşını görmək istəyib. Xalqın müdrikliyinə baxın; hər bir fərd yarsız yarımçıqdır. Qadın Kişinin yarıdır, yarısıdır. Qaçaq Nəbinin Həcəri, Koroglunun Nigarı boşunamı dastanlara mövzu olub?! Şifahi ədəbiyyat - xalqın təfəkkürüdür, inanc sistemidir, dünyagörüşüdür, bir toplumun ismarışlarıdır. Bəlkə də gerçək həyatda Koroglunun həyat yoldaşı silah qurşanıb əri ilə çiyin-çiyinə döyüşməyib, 7777 dəli ilə bir yerdə yaşamayıb. Bəlkə də Həcər, öyüldüyü kimi, cürətli və ürəkli olmayıb. Amma xalq onların belə olmasını istəyib. Nigarı da, Həcəri də ərlərindən qoçaq görmək istəyib.
Bəs Elçibəy niyə xalqdan bu mesajı almayıb, ala bilməyib?
Mən hər zaman inanmışam ki, bir kişinin uğuru - ictimai həyatdan, karyeradan tutmuş məişətədək - öz qadınına, xanımına verdiyi dəyərdən çox asılıdır. Hətta tamamilə asılıdır. Çünki Allah hər bir kişiyə başarını-uğuru, şansı, mübarizədə qalibiyyəti, karyerada yüksəlməyi məhz onun qadınının üzünə verir. Qadını yüksəltdikcə kişi də yüksəlir. Qadın, sözün əsl mənasında taledir, alın yazısıdır. Bu taleyi, alın yazısını ləyaqətlə daşıyan kişi məğlub olmur, uduzmur, əksinə, hədəfinə, məqsədinə çatır.
Təsadüfən demirlər ki, hər uğurlu kişinin arxasında bir qadın var!
Məsələnin mahiyyəti bax, bu incə məqamdadı...