“Rusiya Ermənistanı sıxışdıracaq” Siyasət

“Rusiya Ermənistanı sıxışdıracaq”

İsrailli politoloq: "Azərbaycan beynəlxalq aləmdə böyük imkan və təsirlərə malikdir"

"Azərbaycan Ermənistanı Xocalı faciəsi başda olmaqla bir çox cinayətdə ittiham edir. Ermənistan isə hər vasitə ilə törətdiyi cinayətləri inkar edir. Amma bu cinayətləri müstəqil müşahidəçilər də təsdiq edir".
Bu sözləri "Vestikavkaza" portalına müsahibəsində İsrailin Hayfa Universiteti nəzdində İran və Fars körfəzi ölkələrinin tədqiqatları mərkəzinin əməkdaşı, politoloq Emil Abramov deyib. O bildirib ki, Qarabağ müharibəsindən sonra Ermənistanın iqtisadiyyatı zəiflədi. Ekspertin sözlərinə görə dondurulmuş münaqişəyə görə Ermənistanın faktiki olaraq iqtisadi blokadada qalması davam edir: "Ermənistan Rusiyanın ən yaxın müttəfiqidir, lakin onun Rusiya ilə quru sərhədi yoxdur. Buna görə də Ermənistanın İranla əlaqələrini möhkəmləndirir, bu isə onun Qərbdə imicinə mənfi təsir edir. Bundan başqa, Ermənistan investorlar üçün də cazibədar iqtisadiyyata malik deyil".
Politoloq Azərbaycanda vəziyyətin tamamilə fərqli olduğunu da vurğulayıb. O qeyd edib ki, Azərbaycan Ermənistanla müqayisədə çox böyük üstünlüklərə malikdir: "Azərbaycanda isə vəziyyət tamamilə başqa cür formalaşıb. Müharibənin acı nəticələrinə baxmayaraq, Azərbaycan bundan məharətlə çıxa bildi. Azərbaycan zəngin resurslarını əhəmiyyətli şəkildə ordunun müasirləşməsinə yönəltməyi bacardı. İnkişaf edən iqtisadiyyat Azərbaycanı Qafqazda və dünya arenasında əhəmiyyətli oyunçuya çevirir. Əgər Rusiya Ermənistana dəstək verməkdən imtina etsə, onda bu ölkələr müttəfiq olmayacaq. Ermənistan öz taleyini Rusiyaya bağlayıb. Azərbaycan isə əsasən, qərbyönümlü siyasət yürüdür və Rusiya ilə də münasibətlərini qoruyub saxlayır. Bir sözlə, Azərbaycan beynəlxalq aləmdə böyük imkan və təsirlərə malikdir".
E. Abramov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların dalana dirənməsi sonda rəsmi İrəvanın oyundan sıxışdırılıb kənara atılması ilə nəticələnəcək. O, son zamanlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri Rusiyanın Qarabağ məsələsinin həlli ilə bağlı aktivlik nümayiş etdirməsinin Ermənistan üçün xoş olmayacağı proqnozunu verib: "Rusiyanın siyasətində müəyyən hərəkətlilik müşahidə edilir. Bu, Rusiyanın İrəvanı sıxacağı ilə nəticələnə bilər".
Siyasət sahəsi üzrə ekspert Azərbaycan və Ermənistanın İsraillə əlaqələrini də müqayisə edib və üstünlüyü Azərbaycana verib: "Ermənistan bu məsələdə passiv mövqeni tutur. Sirr deyil ki, Azərbaycan müxtəlif sferalarda İsraillə sıx əməkdaşlıq yolunu seçib. Bu əməkdaşlıq hər iki tərəfə faydalıdır".