Başın sağ olsun Vətən! Siyasət

Başın sağ olsun Vətən!

Qarabağ cəbhəsində gedən döyüşlərdə 8 şəhid verdik
Müdafiə Hazirliyi: "Şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq!"

Dünən Azərbaycan Ordusu Qarabağ cəbhəsində 8 şəhid verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, işğalçı Ermənistan Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın ediblər.
Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin bütün həmlələrini dəf edib. Şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:
- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu;
- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov;
- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov;
- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov;
- Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov;
- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov;
- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu.
Bundan başqa erməni kəşfiyyat-təxribat qruplarının hücumu nəticəsində Azərbaycan Ordusunun 4 əsgəri yaralanıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş və yaralanmış hərbi qulluqçuların mükafatlara təqdim olunmaları barədə göstəriş verib.
Müdafiə nazirinin tapşırığına əsasən, yaralılara yüksək ixtisaslı tibbi yardım göstərilməsi üçün hərbi həkimlərdən ibarət mütəxəssis qrupu yaralıların müalicə olunduğu hərbi hospitala göndərilib.
Tərtər rayon N saylı hərbi hissənin hospitalından ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, yaralı əsgərlər hospitala atışmadan dərhal sonra yerləşdirilib. Hadisə yerinə kənd sakinləri də gedib və hərbçilərə kömək göstərib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, düşmənin gecə saat 2-də başladığı diversiya hücumu gecə saat 5-ə qədər çəkib.
Düşmən Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı postlarımızı ələ keçirməyə çalışıb. Amma onlar geri oturdulublar. Hazırda ərazi tam Azərbaycan silahlı birləşmələrinin nəzarətindədir. Ermənistan ordusunun birləşmələri ilə ordumuz arasında 200 metr məsafə var.
Hadisə nəticəsində Ermənistan ordusu xeyli itki verib. Amma erməni tərəfi onlardan yalnız 2-sinin - İrəvanda yaşayan Azat Asoyanın və Ermənistanın Sərdarabad (Oktomberyan) şəhərində yaşayan Ararat Xanoyanın öldüyünü açıqlayıb.
Tərtər rayonunun Qapanlı kəndinin bələdiyyə sədri Lətif Həmidov Teleqraf.com-a açıqlamasında deyib ki, bu kənd istiqamətində Azərbaycan ordusu iki şəhid verib: "Gecə işıqlar tamamilə söndürülmüşdü və heç kim evindən çıxmadı. Ermənilər iriçaplı silahlardan atəş açırdılar. Qapanlı kəndi istiqamətində iki şəhidimiz oldu. Poladov Vüqar və İbrahimov Elnur bizim kənd istiqamətində baş verən atışma nəticəsində şəhid olublar. Tərtər rayonunun digər istiqamətlərində də atışma olub. Mülki şəxslərdən ölən və yaralanan yoxdu. Səhər aldığımız məlumat belə idi ki, Tərtər məscidinə 8 nəfər şəhid gətirmişdilər".
Ermənistanla sərhəd olan Qazax rayonunda da gərginlik qalmaqdadır. Qazax rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonun düşmənlə təmas xəttində yerləşən mövqelərindən ara-sıra atışma səsləri gəlir. Srağagün gecədən başlayan atışma nəticəsində Qazax rayonunda bir hərbçimiz şəhid olub, bir nəfər mülki şəxs də yaralanıb.
Kəmərli kənd sakini Aslanov Çingiz Mədət oğlu bud nahiyəsindən xəsarət alıb. O, hazırda ev şəraitində müalicəsini davam etdirir. 1977-ci il təvəllüdlü Qazax rayonunda hərbi xidmətə çağırılmış gizir Almazov İsə Ziyad oğlu isə şəhid olub.
Digər bir məlumata görə, rayonun Məzəm kəndi istiqamətində bir erməni avtomobili vurulub. Axar.az xəbər verir ki, bu açıqlama ilə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimov öz Feysbuk səhifəsində məlumat yayıb.
O, Ermənistanla Qazaxın sərhədində bütün gecə qızğın döyüşlərin getdiyini yazıb: "Dünən axşam saat 21-00-dan başlayaraq, gecə səhərədək Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən bütün kəndlərində qızğın atışma gedirdi. Bu gün səhər aldığımız məlumata əsasən, Məzəm və Abbasbəyli kəndlərindən qadınlar və uşaqlar çıxarılır. Vəziyyət gərgin olaraq qalır".
Müdafiə Hazirliyi xəbəb verir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 71 dəfə pozulub. Erməni silahlı bölmələri dünən gecə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçuayrım kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Sarıcalı, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Gülüstan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.