“Suriyadakı əsas proseslər indi İdlib ətrafında gedir” Siyasət

“Suriyadakı əsas proseslər indi İdlib ətrafında gedir”

Dünyanın maraqla izlədiyi hadisələrdən biri də Ankarada Türkiyə, Rusiya və İran arasında üçtərəfli sammit idi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, üçtərəfli sammitdə Suriya ilə bağlı çox vacib qərarlar qəbul edildi. O qeyd edib ki, Suriyadakı humanitar və siyasi böhranların həlli üçün vacib qərarlar qəbul etdik: “İdlibdəki vəziyyətlə əlaqədar də fikir birliyi əldə edilib. Artıq nəticə gözləyirik. İki həftə ərzində məsələ ilə əlaqədar nəticə əldə etməsək, öz planlarımızı tətbiq etməyə başlayacağıq. Önümüzdəki aylarda baş verəcək hadisələr Suriya böhranına ya müsbət təsir edəcək və yaxud problemin daha da dərinləşməsinə yol açacaq”. Ərdoğan vurğulayıb ki, Fərat çayının şərqində təhlükəsiz zona yaratmaqla 2-3 milyon Türkiyədə və Avropada yaşayan suriyalıları məskunlaşdıra bilərik: “Həm İdlib, həm də Fəratın şərqi ilə bağlı məsələdə Avropa ölkələrindən daha güclü dəstək gözləyirik. Artıq boş sözlərə qarnımız toxdur”.
Politoloq Fikrət Sadıqov deyib ki, Türkiyə, Rusiya və İran dövlət başçılarının bir araya gəlməsi və yığışması tam mənada Suriya probleminin həll edəcəyini düşümnmürəm: “Amma hər halda bu üç oyunçu tərəfindən Suriyada gedən proseslərə nəzarət gücləndiriləcək”.
Politoloq vurğulayıb ki, hər üç dövlətin Suriyada öz maraqları var: “Və bu maraqlar çərçivəsində onlar bundan sonra da öz addımlarını atacaqlar. Əsas məsələ ondan ibarətdir ki, atdıqları addımlar bir-birləri ilə razılaşdırılmış şəkildə baş tutsun. Elə əsas məqsəd də o idi. Lakin desəm ki, bu məsələdə tam aydınlıq var və Suriya problemini tam olaraq həll etməyə qadirdirlər, yanılaram. Çünki burada ABŞ-ın maraqları var və Suriya müxalifəti mövcuddur. Bundan başqa, orada kürd dəstələri uzun illər ərzində Türkiyəyə qarşı çıxış edir, bəlkə də aranı qızışdıran elə onlardır. Hətta bu ölkədə İsrailin də maraqları var. Çünki İsrail də İranın orada mövcudluğu ilə razılaşmır və əlindən gələni edir ki, İran qoşunları oradan çıxsın”.
Politoloq İlqar Vəlizadə deyib ki, Ankara görüşündə müzakirə edilən məsələlər Suriya ətrafında olan olaylardır: “Suriyadakı əsas proseslər indi İdlib ətrafında gedir. İdlibdəki vəziyyət xüsusi müzakirə olunub”.
Politoloq qeyd edib ki, hər halda tərəflər İdlibdə olan gərginliyi azaltmaq qənaətinə gəliblər: “Digər tərəfdən isə, ziddiyyətlər qalmaqda davam edir. Yəni Türkiyə tərəfi İdlibdə öz mövqelərini möhkəmləndirir, Rusiya da Bəşər Əsəd qüvvələrinin arxasında dayanaraq, onun regionda apardığı bu əməliyyatları dəstəkləyir. Lakin çox güman, hər üç tərəf müəyyən razılığa gəliblər ki, hərbi əməliyyatların intensivliyini azaltmaq lazımdır”.
İ. Vəlizadə qeyd edib ki, bundan başqa, qısa müddətdə konstitusiya komitəsi yaradılmalıdır: “Onun tərkibi artıq müəyyən olunub, sadəcə olaraq bu komitə fəaliyyətə başlamalıdır. Tərəflər razılığa gəliblər ki, bununla bağlı konkret addımlar atılsın. Bu ümidverici bir addımdır. Həm də ola bilər ki, bu komitə işinə başladıqdan sonra ziddiyyətlər bir qədər də azalsın. İdlibdəki hərbi-siyasi vəziyyət bu və digər şəkildə stabilləşə bilsin”.