Əli Kərimlinin təfəkkürü, düşüncəsi Qərb tərəfindən girov götürülüb Siyasət

Əli Kərimlinin təfəkkürü, düşüncəsi Qərb tərəfindən girov götürülüb

Milli Şura adlanan qurum üç gün bundan əvvəl Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun ictimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısının qətiyyətlə alınacağına dair xəbərdarlığına əhəmiyyət verməyərək oktyabrın 19-da “Bakı metropoliteni”nin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirib.
Baxmayaraq ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq vermişdi. Lakin Əli Kərimli və onun dəstəsi ictimai asayişi pozmaq, qarşıdurma yaratmaq məqsədilə aksiya öncəsi Bakı metrosunun “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlar ediblər.
Qeyd edək ki, “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edilir.
Radikal müxalifətin hər belə çağırışları öncəsi DİN və Baş Prokurorluq xəbərdarlıq edib ki, hüquq-mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq.
Qeyd olunub ki, qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək. Lakin radikal müxalifətin liderləri həmişə qanunun aliliyinə hörmət etməyərək, gəncləri, qadınları önə verərək polislərin onlara zor tətbiq etmələrinə şərait yaradıblar. Amma özləri qaçıb gizləniblər.
”Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 14-cü maddəsində toplantıların keçirilməsi ilə əlaqədar polis orqanlarının səlahiyyətləri müəyyən edilir.
Həmin maddənin I hissəsinin 3-cü bəndində qeyd olunub ki, yazılı xəbərdarlıqda göstərilən toplantının keçirilmə yeri və vaxtı, küçə yürüşünün marşrutu əsaslandırılmış səbəb olmadan dəyişdirilərsə, polis toplantını dayandırmalıdır.
Qanunun həmin maddəsinin II hissəsi isə toplantının dayandırılması və iştirakçıların dağılışması barədə əmrin yerinə yetirilmədiyi halda polis orqanlarının necə davranacağını müəyyənləşdirir.
Belə olduğu təqdirdə polis onlara qarşı fiziki qüvvə, xüsusi vasitələrin tətbiq ediləcəyi barədə təşkilatçıları və iştirakçıları xəbərdar etməlidir.
Eyni zamanda, toplantının dayandırılması və iştirakçıların dağılışması üçün Azərbaycan qanunvericiliyinə uyğun olaraq fiziki qüvvə və ya xüsusi vasitələr tətbiq etmək, toplantını dayandırmaq, dağılışmaq barədə əmri yerinə yetirməyən şəxsləri saxlamaq polisin səlahiyyətinə daxildir.
Bütün bunlar icazəsiz aksiya iştirakçılarına yaxşı məlum olsa belə, onlar qarşıdurmaya getmək planlarıni işə salmağa cəhdlər etdilər. Hadisələr onu deməyə əsas verib ki, Əli Kərimli və dəstəsinin icazəsiz aksiya keçirməsi özlərinin yox, Qərbin anti-Azərbaycan və ermənipərəst donorlarının sifarişidir.
Əli Kərimli heç vaxt iradəsi ilə hərəkət etməyib, ancaq və ancaq sifariş yerinə yetirib.
Oktyabrın 19-da olan icazəsiz aksiya da bu sifarişlərdən biri idi. Əli Kərimli bu dəfə də özünü biabır etdi. Təbii ki, dünyanın hər yerində, elə demokratiyanın beşiyi sayılan Avropa ölkələrində icazəsiz aksiyalar polislər tərəfindən dağıdılır.
Elə oktyabrın 19-da Barselonanın mərkəzində keçirilən aksiya hüquq-mühafizə orqanları əməkdaşları ilə etirazçılar arasında qarşıdurmaya çevrilib. Kataloniyada etiraz aksiyalarında 90-na yaxın iştirakçı xəsarət alıb. Ondan bir neçə gün öncə isə Barselonadakı toqquşmalarda 80 insan yaralanıb, 33 nəfər isə həbs edilib. Barselonanın El-Prat aeroportunun işini bloklamaq üçün razılaşdırılmamış aksiya zamanı polisin güc tətbiqi nəticəsində isə 37 nəfər yaralanıb.
Fransada keçirilən "Sarı jiletlilər" hərəkatının aksiyası zamanı isə azı 14 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu günlərdə Honkonqda icazəsiz aksiyalar zamanı 7 metro stansiyası təhlükəsizlik tədbirləri ilə əlaqədar bağlanıb. Polis aksiyaçılara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edir. Polis silah saxlamaqda və onu aksiyaçılara verməkdə ittiham edilən iki nəfəri də saxlayıb.
Avropanın digər ölkələrində də keçirilən icazəsiz aksiyalar polislər tərəfindən dağıdılır, göz yaşardıcı qazlardan, atlardan, dəyənəklərdə istifadə edilir.
Ümumiyyətlə, dünyada, demokratik ölkələr sayılan əksər dövlətlərdə belə hallar zamanı necə davranmaqla bağlı çoxlu misallar var. Bu cür aksiyalar, mitinqlər xaos yaratmaq kimi dəyərləndirilir.
Yunanıstan, Honq Konq,Venesuela, Ekvador, Rusiya, Ukrayna, Gürcüstan və sair ölkələrdə müxalif düşüncəli qüvvələrin radikallaşması nəticəsində onlar qanundan kənar hərəkətlərə yol verirlər. Mitinqlər üçün yer ayrılsa da, onlar müəyyən olunmuş qaydaları pozurlar.
Rusiyada da polislər etirazlar zamanı nümayişçilərə qarşı sərt tədbirlər görürlər.
Bu gün radikal müxalifətin nəzarətində olan mediada aksiya zamanı polislər tərəfindən tutulan insanların fotoları yayılaraq Azərbaycanda polis şiddətindən, demokratiya və söz azadlığının pozulmasından yazılır. Nədən Avropada fəaliyyət göstərən həmin media orqanları orada polislərin insanlara xəsarət yetirdiyini demokratiyaya zidd, insan haqlarının pozulduğu kimi ictimailəşdirmirlər, amma Azərbaycanda qanun çərçivəsində polisin həyata keçirdiyi aksiyanı fövqəladə hadisə kimi verirlər. Deməli, bu, əvvəlcədən Qərbdə hazırlanan bir plandır. Əli Kərimli bu plana uyğun addımlar atıb.
Radikal müxalifətin öz qanunları var – qarşıdurma yaratmaq, insanları dövlətə qarşı qaldırmaq, çevrilişə səsləmək, gənclər, qadınlarla polis qarşıdurması yaratmaq.
Bu qanunlar Avropada ermənipərəst donor təşkilatları tərəfindən hazırlanaraq təsdiq olunub. Azərbaycanın radikal müxalifət liderləri isə onu ölkədə tətbiq etməyə cəhdlərdə olurlar. İnkişaf etmiş ölkələrdə, cəmiyyətlərdə bir çox qanun zamanın, reallığın tələblərinə uyğun olaraq dəyişilir, sənədlərə əlavələr edilir. Amma Əli Kərimli, “Milli Şura” adlanan qurumun qanunları heç vaxt dəyişilmir – köhnə hamam, köhnə tas. Çünki bu “liderlərin” təfəkkürlərində belə 26 ildir dəyişiklik olmayıb, beyinləri paslanıb, işləmir. Qanun icazəsiz mitinq, aksiya keçirməyə izn vermirsə və Meriyaya etdiyin müraciətə mənfi cavab verilibsə, o zaman qanunsuz aksiya keçirməkdə, gəncləri, qadınları polis dəyənəyi qabağına verməkdə məqsəd nədir? Əli Kərimliyə icazəsiz aksiyada hansısa sosial problemin səsləndirilməsindən daha çox kiminsə qanının tökülməsi lazımdır. Budur, onun qarşısına qoyulan tələb. Anti-Azərbaycan qüvvələri də bunu əlində bayraq tutub dünyaya bəyan etsin ki, Azərbaycanda insan haqları, söz və mətbuat azadlığı pozulur, vətəndaşlara divan tutulur və s. Ona görə, radikallar icazəsiz mitinqlər, aksiyalar keçirməkdə maraqlıdırlar. İnsan haqlarının qorunmasından, demokratiyadan danışan Əli Kərimli kimi insanlar heç vaxt qanun aliliyinə hörmətlə yanaşmırlar.
İcazəsiz aksiyanın qarşısını alan polis bu gün heç bir vəchlə qınanmalı deyil. Azərbaycan polisi isə yüksək peşəkarlıq və humanistlik nümayiş etdirərər icazəsiz aksiya iştirakçıları ilə mədəni, insanlıq çərçivəsində davrandı. Heç birinə xəsarət yetilimədi, əksinə kömək edildi.
Azərbaycan polisinin vəzifəsi əhalinin asayişini qorumaqdır. Polisimiz qanundan kənar heç bir addım atmayıb. Əli Kərimli və onu dəstəsinin məqsədi isə belə qanunsuz aksiyalar keçirməklə polislə qarşıdurma yaratmaqdı. Azərbaycan polisi Əli Kərimlinin istəyini, arzusunu puç etdi. Polisimiz elə bir davranış nümayiş etdirdi ki, bu, bütün Avropa polislərinə nümunə ola bilər.
Meriya Əli Kərimliyə Lökbatanda aksiya, mitinq keçirmək üçün yer təklif etdi. Hökumətimiz müxalifətin icazəli bütün aksiyalarını, onların özlərinin təhlükəsizliklərini belə təmin edib. Əli Kərimli Lökbatana getməkdən imtina etdi, çünki artıq insanlar 25 ildir onun yalanlarının, vədlərinin qurbanına çevriliblər. Radikal müxalifətə inam qalmayıb, ona görə də Əli Kərimli meydanı doldura bilməyəcəyindən ehtiyatlanıb, 50-60 nəfərlik dəstəsi ilə Bakının mərkəzində qarşıduyrma yaratmaq istədi. Əgər xalq Əli Kərimlini dəstəkləyirsə, istənilən yerə, hətta ucqar rayonların birinə belə toplaşa bilər. Görüntülərdə aksiya iştirakçılarının “Konstitusion hüquqlarımız pozulur”, Əli Kərimlinin özü isə “Azadlıq” deyə qışqırırdı. Qanunun aliliyinə hörmət göstərməyənlər hansı haqla hüquqdan danışırlar. AXCP sədri kimə, nəyə azadlıq istəyir? Əli Kərimli azad bir vətəndaş olmasaydı Bakının mərkəzində bu şüarı səsləndirməzdi, övladları Avropada rahat və maneəsiz yaşamazdı, ətrafında cangüdənlər gəzdirməzdi... Azadlıq kəlməsi Əli Kərimli üçün yaddır. Onun təfəkkürü, düşüncəsi azad deyil, Qərb tərəfindən girov götürülüb.

Cavid