“Paşinyanın referendum təklifi son dərəcə gülünc səslənir” Siyasət

“Paşinyanın referendum təklifi son dərəcə gülünc səslənir”

"Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi son dərəcə gülünc səslənir. Çünki dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınan əbədi və əzəli torpağımızda başqa bir dövlətin bu istəyi qanunsuz olmaqla torpaqlarımıza göz tikdiyinin bariz nümunəsidir". Bunu millət vəkili Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Baş nazirin bu təklifi Ermənistanın işğalçı ölkə olduğunu və faşist siyasəti yeritdiyini bir daha təsdiqləyir: "Reallıq isə budur ki, 1991-ci ilin noyabrın 26-dan Dağlıq Qarabağ adlı inzibati bir qurum olmadığından orada belə bir tədbirin keçirilməsi beynəlxalq qanunlara ziddir. Nikol Paşinyan bu sərsəm təklifi ilə Ermənistanda durmadan itən nüfuzunun bərpasına çalışsa da hiyləgər niyyəti və faşist təfəkkürü ilə istəyinə nail ola bilməyəcək".
Millət vəkili Elman Məmmədov isə deyib ki, Ermənistan Qarabağda referendum keçirirsə və ya buna niyyət edirsə, rəsmi İrəvanın münaqişə tərəfi olduğunu bir daha sübuta yetirmiş olur. Millət vəkili vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır: "Dağlıq Qarabağ adlı ayrıca inzibati qurum yoxdur ki, orada nəsə bir tədbir keçirəsən. 1991-ci il noyabrın 26-na qədər Dağlıq Qarabağ Muxtar Vilayəti var idi, həmin vaxt bu qurumun statusuna xitam verildi və bu gün də mövcud deyil. Hazırda orada tanınmamış separatçı cinayətkar qurum müvəqqəti mövcuddur və onlar da gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcəklər". E.Məmmədov deyib ki, Paşinyanın Dağlıq Qarabağda referendum keçirməsi barədə təklifi beynəlxalq hüquq normalarına ziddir: "Paşinyan görkəmindən donuz otaran erməniyə oxşayır, güc tətbiqi, küçə etirazları ilə hakimiyyəti zəbt eləyən adamdır. İkinci tərəfdən, Ermənistanın Dağlıq Qarabağa nə aidiyyəti var ki, ölkənin baş naziri Dağlıq Qarabağda referendum keçirmək təklif edir?! Bura Ermənistanın deyil, Azərbaycanın ərazisidir. Başqa bir məsələ, bu gün Dağlıq Qarabağda 50 min erməni qala-qalmaya, amma Dağlıq Qarabağın azərbaycanlı icmasının sayı 80 min nəfərdən çoxdur. Ermənilər hansı əsasla, hansı hüquqla orada referendum keçirmək istəyir? Azərbaycanda isə bu referendumun keçirilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Konstitusiyası var və bütün hüquq və vəzifələr də bu Konstitusiya ilə təzimlənib. Ermənilərin bu prosesdə yeganə məqsədi Dağlıq Qarabağı Ermənistana birləşdirmək və ölkənin ərazisini genişləndirməkdir. Digər tərəfdən, Ermənistan Qarabağda referendum keçirirsə və ya buna niyyət edirsə, rəsmi Yerevanın münaqişə tərəfi olduğunu bir daha sübuta yetirmiş olur". Deputat onu da əlavə edib ki, hazırda Nikol Paşinyanın ölkə daxilində, cəmiyyət qarşısında heç bir siyasi nüfuzu yoxdur, bu üzdən sərsəm bəyanat və təkliflərlə çıxış edir: "Paşinyan erməni lobbisi və Dağlıq Qarabağdakı qondarma rejim qarşısındakı acizliyini açıq şəkildə dilə gətirə bilmir. Ona görə də o, Dağlıq Qarabağla bağlı hərdən sərsəm fikirlər, absurd təkliflər səsləndirməklə ölkədaxili gərginliyi yumşaltmağa çalışır".