“İran Birləşmiş Ştatlara qarşı məchul hədələr səsləndirir” Siyasət

“İran Birləşmiş Ştatlara qarşı məchul hədələr səsləndirir”

Pərviz Heydərov: “Bunun nəticəsində bazarda neftin qiyməti bir qədər yüksəlməyə meylli olacaq”

“Son günlər Birləşmiş Ştatlarla İran İslam Respublikası arasında münasibətlərin daha da gərginləşməsi fonunda neftin dünya bazar qiymətləri diqqəti cəlb edir”. Bunu İqtisadçı ekspert Pərviz Heydərov deyib. Onun sözlərinə görə, neftin qiyməti siyasi hadisə və proseslərə həssasdır: "Bu daima belə olub və belə qalmaqda da davam edəcək. Əslində, dünyada baş verən bir çox siyasi hadisə və proseslər də, elə məhz neftlə əlaqədar cərəyan etməkdədir. Xüsusən də, Yaxın Şərq regionunda". İqtisadçı ekspertin sözlərinə görə, İranla bağlı son günlər adı çəkilən regionda vəziyyətin daha da dramatikləşməsi ilə əlaqədar olaraq sözügedən sahədə bahalaşma bunu bir daha sübut etməkdədir: "Belə ki, hələ heç bir hərbi toqquşma və sair baş verməsə də, neftin qiyməti artıq, 70 dollara yaxın təşkil edir. İndi təsəvvür edin ki, əgər, regionda hərbi əməliyyatlar da başlasa vəziyyət necə olacaq. Yəni, neftin qiyməti 100 dolları belə vurub keçəcək".
Lakin ekspert Pərviz Heydərov regionda hərbi toqquşma baş verəcəyinə inanmır: "Bununla belə, söhbət, neftin qiymətindən gedərsə, bəli, qiymətlər bu ilin ən azı birinci yarısı üçün 60 dollardan yuxarıda təşkil edəcək. Hərbi toqquşma da olarsa, belə ki, ən azından qısa müddət ərzində Birləşmiş Ştatlar İranı bombalamağa başlayarsa, neft 100 dollaradək qalxa bilər və qalxacaq da. Bu cür ssenari bu və ya digər neft ölkəsi üçün lap, sərfəli sayılarsa da belə, əslində arzuolunan deyil. Çünki bunun ümumən, digər tərəfdən neqativ təsirlər yaradacağı da nəzərə alınmaya bilməz. Neftin yüksək qiyməti uzunmüddətli olaraq heç bir ölkəyə xeyir gətirməyib və gətirə də bilməz. Odur ki, qiymətlər əslində, sabit qalsa yaxşıdır".
Birləşmiş Ştatlarla İran İslam Respublikası arasında yaşanan gərginlik və bunun dünya bazarlarında neft qiymətlərinə mümkün təsirləri, eyni zamanda Azərbaycanın bundan zərərr görüb-görməyəcəyinə gəlincə isə, iqtisadçı ekspertin sözlərinə görə, ölkəmizə gəldikdə isə, bizim üçün neftin dünya bazar qiymətləri artıq, uzun müddətdir ki, əlverişli səviyyədədir: "Belə ki, qiymətin 60 dollar ətrafı Azərbaycanı qane edir və bu, əslində bütün neft hasilatçısı olan ölkələr üçün də qaneedicidir. Keçən il dövlət büdcəmizdə qiyməti 60 dollar səviyyəsində götürmüşdük, bu il 55 dollardır. Bu o deməkdir ki, hökumət özü üçün riski artırmayıb, əksinə azaldıb. Odur ki, yeni qədəm qoyduğumuz bu il ərzində, başqa sözlə desəm, 2020-ci ərzində neftin qiyməti sarıdan Azərbaycanı heç bir təhlükə gözləmir.
İqtisadçı ekspert İlham Şaban isə deyib ki, İran Birləşmiş Ştatlara qarşı məchul hədələr səsləndirir. Onun sözlərinə görə, bunun nəticəsində bazarda neftin qiyməti bir qədər yüksəlməyə meylli olacaq: "Hazırda İraq neft hasilatını və ixracını sürətlə artırır. ABŞ bu ölkədə idarə edilə bilən qeyri-stabillik yaratmaqla neft mədənlərinin işini poza bilər və əvəzində dünya bazarında onun ixracının bir hissəsini ələ keçirər. Çünki 2020-də ABŞ-da neft hadilatı artan xətlə inkişafda olmalıdır. Gündəlik 12.5-12.6 mln barel. Neft qiymətlərinə gəldikdə isə, artıq aydındır: 2020-ci ilin İ yarısında proqnoz edildiyindən yüksək olması gözlənilir. Ortalama hər barel üçün 65 dollar".