AMİP-dən gecikmiş etiraf Siyasət

AMİP-dən gecikmiş etiraf

"Azərbaycanda keçirilən prezident seçkilərində birmənalı olaraq İlham Əliyev qalib gəlib"

"Azərbaycanda keçirilən prezident seçkilərində birmənalı olaraq, YAP-ın namizədi qalib gəlib. Çünki YAP öz işini ciddi qurmuşdu. Ona görə də uğur əldə etdi və Konstitusiyaya uyğun olaraq, 3-cü dəfə hakim partiyanın sədri prezident seçildi. İlham Əliyevin qələbəsi legitimdir. Qalan məsələlər boşdur. Mən inanıram ki, növbəti mərhələdə Azərbaycanın ən çətin problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad olunması istiqamətində konkret addımlar atılacaq. Bizim istədiyimiz budur".
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Demokratik Qüvvələrin Birliyinin (DQB) üzvü Yusif Bağırzadə deyib.
Y. Bağırzadə AMİP-in də təmsil olunduğu DQB-in seçki blokuna çevrilmə ehtimalının olduğunu, partiyanın blok şəkilində bələdiyyə və parlament seçkilərində iştirakını istisna edilmədiyini qeyd edib: "Demokratik Qüvvələrin Birliyində təmsil olunan təşkilatlar qurumun seçki blokuna çevrilməsini təklif edir. Ola bilsin ki, biz blok şəklində seçkiyə qatıldıq. Lakin qurumda bəzi siyasi təşkilatlar var ki, həm də Milli Şurada təmsil olunur. Onlara da təklif etmişəm ki, mövqelərini konkretləşdirsinlər, ya Milli Şuranı, ya da Demokratik Qüvvələrin Birliyini tərk etsinlər. Biz bilməliyik ki, seçkilərə blokla, yoxsa tək gedirik".