““Kommersant”da yazılan məqalədə İrəvana xüsusi mesajlar var” Siyasət

““Kommersant”da yazılan məqalədə İrəvana xüsusi mesajlar var”

Elxan Şahinoğlu: “Göstərilir ki, Köçəryan üzərindəki məhkəmə Ermənistanın daxili işi deyil”

“Rusiyanın məşhur “Kommersant” qəzetinində Ermənistanın həbsdə olan və məhkəməsi davam edən eks-prezidenti Robert Köçəryan haqqında geniş məqalə yayınlanıb. Məqalənin başlığı Kremlin Ermənistanın baş naziri Nikol Paşinyana mesajı sayıla bilər: “Heç kim və heç nə unudulmur”. Bunu “Xalq Cəbhəsi”nə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Ekspert deyib ki, Kremlin sifarişi ilə yazılan məqalədə İrəvana xüsusi mesajlar var: “Birincisi, məqalədə göstərilir ki, Robert Köçəryan üzərindəki məhkəmə Ermənistanın daxili işi deyil: “Moskva məhkəmənin gedişini diqqətlə izləyir. Köçəryan prezident Vladimir Putinin dostudur”.
İkincisi, məqalədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2018-ci ildəki sözləri xatırladılır: “Robert Köçəryanın həbsi Ermənistanın hazırki hakimiyyətinin özündən əvvəlki iqtidarlardan intiqam almayacağlna dair vədlərini sual altında qoyur”.
Üçüncüsü, məqalədə yazılır ki, Putin həbsdə yatan Köçəryanı ad günü münasibətilə təbrik edib: “Vladimir Putin Avrasiya İqtisadi Birliyinin toplantısıyla əlaqədar İrəvanda olanda Rusiyanın bu ölkədəki səfirliyində Köçəryanın xanımı və oğlu ilə görüşdü”.
Beləliklə, Kreml “Kommersant” qəzeti vasitəsilə yenidən Paşinyana xəbərdarlıq mesajı göndərib. Bunu qəzetdəki məqalənin sonuncu cümləsi də sübut edir: “Kremldən qəzetimizə ötürülən xəbərdə deyilir ki, Rusiya Köçəryana qarşı məhkəməni siyasi sifarişli hesab edir. Kremldən qəzetimizə onu da bildiriblər ki¸ Köçəryana qarşı məhkəmə çəkişməsinə son qoyulmasa bu Rusiya-Ermənistan münasibətlərində ciddi sual yaradacaq”.
Kreml açıq-aşkar Paşinyanı şantaj edir. Köçəryan 2008-ci il prezident seçkisində dostu Sərkisyanı prezident kürsüsündə otuzdurmaq üçün polisə etiraza çıxanlara atəş açmaq əmri verib. Onlarla insan qətlə yetirildi. Mitinqi təşkil edənlərdən biri o zaman müxalifətdə olan Paşinyan idi. Ona görə də Köçəryan üzərində məhkəmə Paşinyan üçün vicdan məsələsidir. Ancaq Ermənistan tamamən Rusiyadan asılıdır və Paşinyan Köçəryanı həbsə göndərərsə, Moskva ilə münasibətləri gərginləşdirəcək. Paşinyan ciddi dilemma qarşısındadır. Köçəyranı həbs etmək Moskva ilə münasibətləri gərginləşdirəcək, eks-prezidenti azad etmək isə isə Paşinyanın prestijinə və hakimiyyətinin mövqelərinə ciddi zərbə vuracaq. Bütün hallarda Paşinyan ikisindən birini seçəcək”.
Politoloq həmçinin Rusiya Türkiyə arasında davam edən İdlib gərginliyini də şərh edib: “Rusiya və Türkiyə prezidentləri sabah Moskvada görüşəcəklər. Hər iki tərəf görüşə ciddi hazırlaşır və hər iki tərəf bu görüşə qədər Suriyada mövqelərini gücləndirməyə çalışırlar. Türkiyə ordusu İdlib ətrafında Əsəd rejiminin mövqelərini darmadağın edir və sahədə əlini gücləndirir, buna cavab olaraq da Rusiya hərbi birlikləri Suriya silahlı müxalifətinin bir neçə gün əvvəl ələ keçirdiyi kiçik qəsəbələri yenidən nəzarət altına ala bilir. Sahədə güclü olan masada da güclü olacaq. Moskvada hansı nəticə hasil ola bilər?
Türkiyənin əsas marağı odur ki, İdlib ətrafında yenidən atəşkəs elan olunsun, Əsəd rejiminə bağlı qüvvələr Soçi anlaşmasına uyğun olaraq geri çəkilsinlər. Rusiyanın isə marağı odur ki, Türkiyə Soçi anlaşmasına görə İdlibdə terrorçuları silahlı müxalifətdən ayırsın və terrorçular Rusiyanın yaxınlıqdakı hərbi bazasına hücumlar həyata keçirə bilməsinlər.
Fərqli maraqlardır. Rusiya İdlibi terrorçuların son qalası hesab edir və bu şəhəri gec və ya tez ələ keçirməyi vacib sayır. Türkiyə üçün İdlibdəki terrorçuları neytrallaşdırmaq çətindir. Çünki, Suriyada 9 illik müharibədən sonra terrorçuların böyük əksəriyyəti İdlibdə toplanıb. Onların sayı on minlərlədir. Türkiyə onların hamısını neytrallaşdıra bilməz. Öz növbəsində terrorçular da təslim olmayacaqlar. Çünki anlayırlar ki, Əsəd rejiminə təslim olsalar, özlərini və ailələrini ölüm gözləyir. Ona görə də terrorçular savaşmağa üstünlük verirlər. Belə olan halda Ərdoğan və Putin Moskvada yenə nəyəsə anlaşsalar belə, bu müvəqqəti xarakter daşıyacaq”.
E. Şahinoğlu onu da əlavə edib ki, Türkiyə Prezidenti Türkiyədə yaşayan suriyalılar üçün Avropa İttifaqına keçidə icazə verdiyi bir neçə gün ərzində yüzminlərlə insan Yunanıstanla sərhəddə axışıb: “Yunanıstan ordunu sərhəddə töküb, sərhəddi keçmək istəyənlərdən iki nəfərini öldürüb, birini yaralayıb. Bunu Türkiyə etsəydi, Avropa ayağa qalxardı. Ancaq Brüsseldən gələn açıqlamada Yunanıstana dəstək ifadə edilib”. Politoloqun sözlərinə görə, Bolqarıstan da miqrantların sərhəddinə toplanmasından çəkinir: “Avropa İttifaqının ən kasıb dövləti olan Bolqarıstan miqrantları qəbul etməyə hazır deyil. Ancaq Yunanıstandan fərqli olaraq Bolqarıstanın Türkiyə ilə münasibətləri normaldır. Bolqarıstanın baş naziri Boyko Borisov təcili Ankaraya gedərək Ərdoğanla görüşüb. Türkiyə Cumhurbaşqanı Borisovla dostluğunu bir daha təsdiq etsə də, Ərdoğan Bolqarıstan baş nazirinin “gəlin Sofiyada Siz, mən və Yunanıstanın baş naziri görüşək” təklifini rədd edib. Ərdoğan birgə mətbuat konfransında yenə Avropa İttifaqını sərt tənqid etdi, Brüsselin miqrantlar üçün vəd etdiyi 6 milyard dolları ayırmadığını bildirdi. Türkiyə 9 ildə suriyalı miqrantlara 40 milyard dollara yaxın pul xərcləyib. Türkiyə sərhəddin miqrantlara Avropa istiqamətində hərəkətə sərbəstlik verdikdən sonra Brüsseldən Ankaraya bu məzmunlu zəng gəlib: “Miqrant axınını dayandırın, Sizə təcili 1 milyard dollar ayıraq”. Ərdoğan Brüsselin bu təklifini rədd edərək, “artıq gecdir” cavabını verib.
Beləliklə, Borisov Ankaradan əliboş dönüb. Ankara miqrant yükünü daha təkbaşına daşımaq istəmir. Haqlıdır. Avropanın yanaşması belədir ki, “Suriya və miqrantlar bizim problem deyil, hadisələr Türkiyə sərhəddində baş verir, qoy əziyyətini də Ankara çəksin”. Ankaranın cavabı isə belədir ki, hansı köçkün Türkiyədə qalmaq istəyirsə, bunda problem yoxdur, ancaq Avropaya köçmək istəyənin qarşısını almayacaqlar. Avropa növbəti qaçqın axınına hazırlaşmalıdır”.