“Türkiyənin Minsk qrupunun həmsədri olmaq ehtimalı realdır” Siyasət

“Türkiyənin Minsk qrupunun həmsədri olmaq ehtimalı realdır”

Türkiyə dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmaq istəyib.
Türkiyə Minsk qrupunun həmsədri ola bilərmi? Olarsa, münaqişənin həlli istiqamətində dəyişiklik gözləniləndir?
Sualı cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov qeyd edib ki, Türkiyəyə sadəcə qardaş ölkə prizmasından yanaşmamaq lazımdır: “Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və mənəvi ortaqlıq bütün tarix boyu digər dövlətlərə örnək olub. Bu gün isə xüsusən ölkə başçısı İlham Əliyevlə Erdoğan arasındakı dostluq münasibətləri ilə bu əlaqələr tarixdə ən yüksək səviyyəsinə çatıb. Mən hər zaman demişəm, Qarabağ məsələsində Azərbaycanı ən çox dəstəkləyən, beynəlxalq ədalətin bərqərar olmasının zəruriliyini dövlət siyasəti elan edən Türkiyəyə yalnızca qardaş ölkə prizmasından yanaşmamalıyıq. Türkiyə bu gün regionda əsas söz sahibinə çevrilib. Türkiyənin mövcud hakimiyyətinin uğurlu siyasəti ilə qardaş ölkə regionda və dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilib. Türkiyəsiz bizim bölgədə heç bir siyasi və iqtisadi layihə gerçəkləşə bilmir. Türkiyə güclü qlobal aktordur və dünyanın qlobal gücləri də bunun fərqindədir. Bu kontekstdə Azərbaycanın haq mübarizəsində dünyada söz sahibi olan önəmli bir ölkənin bizimlə strateji müttəfiq olması siyasi dividentimizdir. Azərbaycanla Türkiyə arasında təkcə iqtisadi və siyasi deyil, hərbi sahədə də böyük sazişlər imzalanıb. Türkiyə Azərbaycana hərbi texnika sahəsində yardım edir, ordularımız arasında müqavilələr mövcuddur. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri dünyanın enerji və nəaqliyyat təhlükəsizliyinə önəmli töhfələr verir. 13000-dən artıq türk şirkətinin indiyədək iqtisadiyyatımıza investisiyalarının həcmi təxminən 10 milyard dollar məbləğindədir, Azərbaycanın Türkiyədəki sərmayəsi də yüksək həcmdədir. Belə olan təqdirdə iki ölkə arasındakı yüksək strateji əlaqəlöər regiondakı digər siyasi güclərin hamısının xoşuna gəlməyə bilir ki, Ermənistan və xaricdəki erməni lobbisi bu güclərin başında dayanır.”
Türkiyəni Aİ ilə daim sınağa çəkməyə çalışan Qərb təsisatlarının haqsız yanaşmaların Türkiyəni alternativ siyasi vasitələr axtarmağa təhrik etdiyini vurğulayan politoloq qeyd edib: “ Avropa İttifaqı uzun illər Türkiyənin Aİ-yə üzvlüyü məsələsində manipulyasiya etməyə cəhdlər etdi. Bu gün Türkiyənin siyasi imkanları genişlənib, geostrateji mövqeyi dünya üçün diqqət mərkəzindədir. Türkiyənin ATƏT-in Minsk qrupunun tərkibinə qatılmağı mütləqdir. Çünki Türkiyə münaqişə tərəfləri ilə həmsərhəddir, Fransa, Rusiya və ABŞ kimi Türkiyənin də Minsk qrupunda təmsil olunmaq haqqı var. bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Türkiyə XİN-in rəhbəri Minsk qrupunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha fəal işləməyə çağırıb. Mövlud Çavuşoğlu “bu həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır” fikrini bəyan edib. Bu görüşdən sonra Ermənistanın siyasi dairələri və Qərbə səpələnən erməni diasporası narahat olduqlarını biabırçı formada nümayiş etdirməyə başladılar. Türkiyə bu günə qədər ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görülmüş işlərə dəstək verib və bundan sonra da bu dəstək davam edəcək. Türkiyənin Minsk qrupunun həmsədri olmaq ehtimalı realdır. Türkiyənin Minsk qrupuna həmsədrliyi hazırkı durum “ölü situasiya”dan aktiv fazaya keçə bilər. Nəticədə, uzun müddətdir davam edən münqişə işğalşı Ermənistanın siyasi təcridi və ədalətin bərpa olunmağı ilə nəticələnə bilər. Türkiyənin Minsk qrupundakı həmsədrliyi münaqişənin həlli istiqamətində dəyişikliklər gətirəcək, buna görə də Ermənistan təlaşda və qorxu içərisindədir.”