Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər - FOTO Siyasət

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.
Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.
Bildirildi ki, müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. Tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.
“Yeni klinika” tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı xəstəxananın kollektivi ilə görüşdü.
Prezident İlham Əliyev bu gün ölkəmizin ən böyük tibb ocaqlarından birinin fəaliyyətə başladığını qeyd etdi, onun müasir avadanlıqla təchiz olunduğunu bildirdi. Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində görülən işlərdən danışan dövlətimizin başçısı vurğuladı ki, bu tibb müəssisəsinin istifadəyə verilməsi pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq.
“Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov və həkim Nəzrin Mustafayeva dövlətimizin başçısına yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi mühüm yerlərdən birini tutur. “Yeni klinika” tibb müəssisəsinin yaradılması və burada ən müasir tibbi avadanlığın quraşdırılması bunu bir daha təsdiq edir.