Hulusi Kılıç: Türk Şurasının koronavirusla mübarizədəki həmrəyliyi dünya birliyi tərəfindən örnək kimi qəbul olunacaq Siyasət

Hulusi Kılıç: Türk Şurasının koronavirusla mübarizədəki həmrəyliyi dünya birliyi tərəfindən örnək kimi qəbul olunacaq

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi Türk Şurasının dostluq və qardaşlıq təməlləri əsasında qurulduğunu bir daha nümayiş etdirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Türkdilli ölkələrin yeni tip koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə bütün dünya üçün əhəmiyyətli olan təcrübə və qətiyyətli mövqe nümayiş etdirdiklərini diqqətə çatdıran səfir deyib: “Ümumiyyətlə qeyd etməliyəm ki, Naxçıvan anlaşması ilə təsis olunan təşkilatın həmin vaxtdan bu günə qədər olan fəaliyyətinə nəzər yetirdikdə aydın şəkildə görə bilərik ki, Azərbaycan Türk Şurasının yaranmasında və çoxistiqamətli inkişafında qətiyyətli mövqe nümayiş etdirib. Aprelin 10-da keçirilən Zirvə görüşünə gəldikdə isə xüsusilə bir neçə mühüm məqamı qeyd etmək lazımdır. Əvvəla ilk dəfədir ki, Türk Şurası fövqəladə Zirvə görüşü keçirir. İkinci, bu görüşdə bütün dünya üçün bəlaya çevrilən və ölkələri böhrana sürükləyən COVİD-19 infeksiyası ilə mübarizə məsələsi müzakirə olunub və mühüm qərarlar qəbul edilib. Nəhayət, ötən 11 ildə ilk dəfədir ki, Türk Şurası belə geniş tərkibdə yığılıb və onun işində Ümumdünya Səhiyyə Təşkilatı kimi mühüm bir qurumun Baş direktoru Tedros Adhanom Qebreyesus iştirak edib”.

Bütün bunları siyasi məqamlar kimi dəyərləndirən səfir bildirib ki, Türk Şurasının strateji coğrafiyası, liderlərin qarşılıqlı münasibətlərindəki dostluq və qardaşlıq əlamətləri, eləcə də dövlət və hökumət başçılarının böhran hallarına qarşı qətiyyətli mövqelər sərgiləməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Səfir əminliklə qeyd edib ki, Türk Şurasının COVID-19 infeksiyası ilə mübarizədə təcrübəsi və həmrəyliyi dünya birliyi tərəfindən örnək kimi qəbul olunacaq.