Azərbaycan və Qazaxıstan parlamentləri arasında əməkdaşlıq Siyasət

Azərbaycan və Qazaxıstan parlamentləri arasında əməkdaşlıq

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən APA-ya verilən məlumata görə, görüşdə O.Əsəsdov Azərbaycanla Qazaxıstan arasında həmişə yaxşı münasibətlərin olduğunu, hər iki ölkə müstəqilliyə qovuşduqdan sonra bu münasibətlərin daha da inkişaf etdiyini bildirib.
O qeyd edib ki, qarşılıqlı münasibətlərin inkişafında ölkənin başçılarının böyük rolu var və onların mütəmadi olaraq bir-biri ilə görüşməsi, imzaladıqları sənədlər Azərbaycanla Qazaxıstanı bir-birinə daha da yaxınlaşdırır. O. Əsədov həmçinin Azərbaycanın imza atdığı "Şahdəniz-2" kimi tanınan XXI əsrin qaz müqaviləsi barədə qonağa məlumat verib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə söhbət aparılıb, Qazaxıstanın bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi bir daha vurğulanıb.
Öz növbəsində N. Niqmatulin Azərbaycanın etibarlı və mühüm tərəfdaş olduğunu diqqətə çatdırıb. Azərbaycanda ilk dəfə olduğunu deyən qonaq hər tərəfdə sürətli inkişafın şahidi olduğunu, dost və qardaş ölkənin belə sürətli inkişafının onları sevindirdiyini deyib. N.Niqmatulin qeyd edib ki, Qazaxıstanda Azərbaycan diasporunun 150 minə yaxın üzvü yaşayır və onların fəaliyyəti getdikcə güclənir.
Qazaxıstanın iqtisadi göstəriciləri barədə məlumat verən qonaq deyib ki, Qazaxıstan 2050-ci ildə dünyanın 30 inkişaf etmiş ölkəsindən biri olmağı qarşısına məqsəd qoyub.
Söhbət zamanı parlamentlərarası münasibətlərin inkişafı, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və digər mövzularda fikir mübadiləsi aparılıb. Sonra Azərbaycan və Qazaxıstan parlamentlərinin sədrləri əməkdaşlıq haqqında saziş imzalanıb.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun üzvləri Səməd Seyidov, Sevinc Hüseynova, hər iki ölkənin səfirləri və digər rəsmi şəxslər iştirak ediblər.