“Azərbaycan nümunəvi model ortaya qoydu” Siyasət

“Azərbaycan nümunəvi model ortaya qoydu”

Ceyhun Məmmədov: “Qısa müddətdə virusla mübarizə isitqamətində ciddi addımlar atıldı”

"XXI əsrin əvvəli bəşəriyyət qəflətən koronovirus (Covid-19) pandemiyası sınağı ilə üz-üzə qaldı. Virus qısa müddətdə bir çox dünya ölkələrini öz ağuşuna aldı. Virusla mübarizə sahəsində görülən işlər bir sıra dövlətlərin bu imtahana tam hazır olmadığını göstərdi". Bunu millət vəkili Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan bir çox məsələlərdə olduğu kimi, bu məslədə də nümunəvi model ortaya qoydu: "Azərbaycanda qısa müddətdə bu virusla mübarizə isitqamətində ciddi addımlar atıldı. Prezident İlham Əliyev bu prosesi birbaşa öz nəzarətinə götürdü, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Sonrakı mərhələdə Prezidentin fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və qısa müddətdə 100 milyondan çox vəsait fonda toplanıldı.
Pandemiyanın ən çox zərər vurduğu sahələrdən biri də ölkə iqtisadiyyatı oldu. Prezidentin Sərəncamı ilə koronavirusun ölkəmizin iqtisadiyyatına vurduğu zərərin aradan qaldırılması üçün 1 milyard manat ayrıldı, sonradan bu vəsait 3 milyarda çatdırıldı, daha sonra Nazirlər Kabineti tərəfindən müvafiq Tədbirlər Planı təsdiq edildi.
Bu mərhələdə kənd təsərüfatı da diqqətdən kənarda qalmadı. Prezidentin sərəncamı ilə koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30,0 (otuz) milyon manat ayrıldı.
Bu dövrdə pandemiya ilə mübarizənin səmərələliyini artırmaq məqsədilə daha bir neçə mühüm addım atıldı. Bakıda “Yeni klinika” tibb müəssisəsi, Sumqayıtda tibbi maska istehsalı zavodu fəaliyyətə başladı. Prezidentin sərəncamı ilə koronavirusa qarşı mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97,0 (doxsan yeddi) milyon manat ayrıldı. Həmçinin Prezident İlham Əliyev hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə 14,8 milyon manat vəsaitin ayrılması barədə sərəncam imzaladı.
Bu mərhələdə övladları ali təhsil alan aztəminatlı ailələrin durumu da nəzərdən qaçmadı. Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə qərar verildi.
Prezident İlham Əliyev pandemiyanın əhaliyə təsirinin minimum endirilməsi sitiqamətində də ciddi qərarlar qəbul etdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, virusun əhaliyə təsirlərinin azaldılması məqsədilə sosial yardım paketləri hazırlandı. Birinci mərhələdə 200 mindən artıq insan bu imkandan yararlandı. Növbəti mərhələdə pandemiyadan zərər görən işsiz vətəndaşlara verilən 190 manat yardımın 600 min insana şamil edilməsi barədə qərar qəbul edildi.
Eyni zamanda, elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 (yüz) kilovat-saat artırılaraq, 400 (dörd yüz) kilovat-saat müəyyən edildi.
Koronovirusla mübarizədə xüsusi rol oynayan qurumların əməkdaşlarının əməyi də nəzərdən qaçmadı. Prezidentin Sərəncamı ilə tibb işçilərinin aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edildi. Həmçinin xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 (bir) misli miqdarında müddətli əlavə müəyyən edildi. Bu dövrdə həbsdə olan yaşlı ölkə vətəndaşları da diqqətdən kənarda qalmadı. Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv etdi. Bu bir çox ailənin sevincinə səbəb oldu.
Bütün bu qərar və addımlar Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına verdiyi önəmin, diqqət və qayğının göstəricisidir. Bu onu göstərir ki, ölkə rəhbərliyi bu prosesdən əziyyət çəkən insanlara maddi və mənəvi dəstək məqsədilə gərəkən bütün addımları atır, hər bir məsələni ciddi nəzarətində saxlayır. Dövlət ilk gündən bəyan etdiyi kimi, hər bir vətəndaşının yanındadır, onun qayğısı hər kəsi əhatə edir.
Bu, eyni zamanda, onu göstərdi ki, bir çox məsələlərdə olduğu kimi bu prosesdə də Azərbaycan Prezidenti nümunəvi model ortaya qoydu. Prezident İlham Əliyevin güclü iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu prosesdən də uğurla çıxdı. Bu gün bir sıra dövlətlər Azərbaycan modelindən bəhs edir, onu öz ölkələrində tətbiq etməyə çalışırlar.
Burada hər bir ölkə vətəndaşının da üzərinə ciddi vəzifə düşür. Prezident İlham Əliyevin söylədiyi kimi biz birlikdə güclüyük. Bunun üçün dövlət başçımızın ətrafında sıx birləşməli, birlik və həmrəylik nümayiş etdirməliyik".