“Biz Gültəkin Hacıbəylidən yox, Cəmil Həsənlidən üzr gözləyirik”. Siyasət

“Biz Gültəkin Hacıbəylidən yox, Cəmil Həsənlidən üzr gözləyirik”.

Bunu açıqlamasında Müsavat Partiyasının başqanının müavini Səxavət Soltanlı deyib.

O bildirib ki, partiya hələ gözləmə mövqeyindədir: “Gültəkin Hacıbəyli və onun kimi digər böhtançı və yalançı adamların üzr istəməsini gözləmək bizim hüququmuzdur, amma onların üzr istəmək qabiliyyətinin olmaması onların şəxsi göstəriciləridir. Onlar ola bilsin hansısa formada ciddi səhv etdiklərini anlayacaqlar. Müsavat və digər müxalif partiyaları aşağı səviyyədə müzakirə etmək onlara başucalığı gətirmir. Müsavat Partiyasını bilən bilir, tanıyan tanıyır. Müsavatın fəaliyyəti göz önündədir”.

S. Soltanlı deyib ki, siyasətçi, ictimai fəal danışdığı, dediyi sözün məsuliyyətini dərk etməlidir: “Gültəkin Hacıbəyli uzun illərdir yalnız Müsavat Partiyasına qarşı fəaliyyət göstərməklə məşğuldur. Bizim üçün əsas Cəmil Həsənlinin üzr istəməsidir. O da olmayandan sonra münasibətlərimizin necə olması ilə bağlı partiyanın xüsusi iclaslarında öz mövqeyimizi bildirəcəyik. İnsanlar səhvlərindən nəticə çıxarmasa, biz neynəyək? Partiyamızın mövqeyi açıqlanacaq. Amma yenə də ümid edirəm ki, onlar üzr istəyəcəklər”.