"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir" Siyasət

"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir"

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir.
Bunu politoloq Ramiz Alıyev "Xalq Cəbhəsi" qəzetinə ABŞ Prezidenti Trampın Azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı təbrik məktubunda rəsmi Vaşinqtonun Azərbaycanla Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək naminə 30 ildir əməkdaşlıq etdiyi məqama münasibətində deyib. Politoloq qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğu artıq heç kəsdə şübhə yeri qoymur: "Azərbaycanın mavi yanacağı üçün Avropada etibarlı və uzunmüddətli bazarın təmin edilməsi, qlobal qaz bazarında ölkəmizin rolunun yüksəlməsinə əlverişli imkan yaradıb. Aparılan genişmiqyaslı işlər, nəzərdə tutulan infrastruktur layihələrinin tam başa çatdırılması deməyə əsas verir ki, Azərbaycanın mavi yanacağı Avropa üçün yeganə qaz mənbəyi ola bilər. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar və ABŞ-ın Avrasiya Enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın təbiri ilə desək “Azərbaycan təbii qazı Cənub Dəhlizinin genişləndirilməsi üçün mütləq vacibdir.” Cənub Qaz Dəhlizi Layihəsinin təşəbbüskarı Azərbaycan olub. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün nailiyyətdir və bu layihə Avropanın enerji təhlükəsizliyini gücləndirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazırdır. TANAP həm Türkiyənin, həm də Orta Şərqin ən uzun və ən böyük təbii qaz kəməri hesab olunur". Politoloq onu da vurğulayıb ki, nəticə etibarilə “Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqının əsas enerji və geosiyasi təşəbbüsü olaraq qalacaq və Azərbaycan öz qazını Avropa İttifaqına ixrac etməkdə maraqlıdır. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) tamamlandıqdan sonra Azərbaycan Şahdəniz 2 yatağından çıxarılan təbii qazı TANAP və TAP vasitəsilə Avropaya ötürəcəkdir. Onu da qeyd etmək lazımdır ki, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə işlərin 88 faizdən çoxu tamamlanıb. R.Alıyev sonda qeyd edib ki, Azərbaycan Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin təminatında aparıcı rola malikdir. Bütün beynəlxalq ekspertlər Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirib, ölkəmizin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində fəaliyyətini xüsusilə vurğulayıblar: "Bu ABŞ-ın da diqqətində olduğundan Azərbaycanın enerji sahəsindəki layihələrini dəyərləndirib və dəstəkləyib. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, habelə ABŞ-ın Azərbaycanda sabiq səfiri Mətyu Brayzə region ölkələri arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, eləcə də mövcud əməkdaşlıq mexanizmlərinin vaxtilə sabiq Prezident Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olduğunu bildirib. Bu layihələr həmçinin region əhalisinin rifahı üçün müsbət nəticələr verir. Həm region, həm də Avropa bu layihələrdən bəhrələnir".