Gələcəyimizi zəhərləyən köşklər... Siyasət

Gələcəyimizi zəhərləyən köşklər...

Problem aradan qaldırılacaqmı?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Parlamentdə köşklərdə siqaret satışının qanunsuz olması ilə bağlı dəfələrlə məsələ qaldırıb və bu problemin həllinin vacibliyini vurğulayıb. Amma bütün bunlara baxmayaraq köşklərdə siqaretin açıq formada satışı, şüşələrin önünə düzülməsi və xüsusi işıqlandırma ilə reklam olunması davam etdirilib və bu gün də davam etdirilir. Aidiyyəti qurumlar millət vəkilinin çağırışlarına rəğmən heç bir tədbir görməyiblər.

“Dövlət agentliyi bunun qarşısını almırsa...”

Xatırladaq ki, BAXCP sədri Qüdrət Həsənquliyev Milli Məclisin 12 fevral 2019-cu il tarixli plenar iclasında bildirib: “Bakı şəhərində bütün köşklər universitetlərin, məktəblərin ətrafında, metro stansiyalarının çıxışında yerləşdirilib. Baxmayaraq ki, tütün məmulatlarının reklamı qadağan olunub, amma bütün köşklərin ön şüşələrində xüsusi işıqlandırma ilə yalnız siqaretlər yerləşdirilib. Siqaretin üzərində yazılıb ki, siqaret çəkmək səhhətiniz üçün zərərlidir. Onun da üzərində siqaretin reklamı yerləşdirilib. Hər kəs buradan çıxanda köşklərin birinin qarşısında bunu görə bilər. Gecələr isə işıqlandırma ilə ümumiyyətlə birbaşa insanlara çağırış edilir. Xüsusilə də bütün bunlar məktəblərin yanında baş verir. Milli Məclisin yanında 20 saylı məktəbin qarşısında köşk var. Bir dəfə onun qarşısında dayandım və bu mənzərəni gördüm. Bu reklamdır. Azərbaycanda Reklam üzrə Dövlət Agentliyi var. Bu agentliyin əməkdaşları bir dəfə gəlib bizim ofisin qarşısındakı supermarketə iradlarını bildirmişdilər. Mən soruşdum ki, nə baş verir? Dedilər ki, məcbur edirlər ki, supermarketin şüşələri rənglənsin. Ona görə ki, içəridə satılan mallar görsənir. Bildiriblər ki, ya reklama görə vəsait ödəməlisiniz, ya da supermarketin şüşələrini rəngləməlisiniz ki, içəridəki mallar bayırdan görsənməsin. Necə olur, bunu etdikləri halda, köşklərdəki siqaretləri yığışdırmırlar? Deməli burada hansısa korrupsiya faktları, əlamətləri var və siqaret açıq şəkildə reklam olunur. Yaxud spirtli içkilər satan mağazalar var ki, vitrin şüşələrinin arxasına bütün növ spirtli içkiləri düzürlər. Bundan böyük reklam necə ola bilər ki? Şəhərin mərkəzi daxil omaqla hər yerdə belədir. Yəni dövlət agentliyi bunun qarşısını almırsa, deməli həmin şəxslərdən rüşvət alır. Biz deputat həmkarlarımızla birlikdə bir dəfə Fransadaydıq. Həmkarlarımızdan biri siqaret almaq istəyirdi. Bir supermarketə girdik. Supermarketi gəzsək də siqaret tapa bilmədik. Axırda soruşduq ki, siqareti harada satırlar? Bildirdilər ki, siqaretlər açıq yerdə qoyulmur. Siz soruşanda onu qapalı yerdən götürüb verə bilərlər və biz bu qayda ilə siqaret aldıq. Amma bizdə siqaretin reklamı qadağan olduğu halda siqaret məktəblərin yanında, metrostansiyaların çıxışıında, gənclərin ən çox gəzdiyi bulvarda, hər yerdə köşklərin ön şüşəsi belə siqaretlə bağlanıbsa bundan böyük reklam nə ola bilər ki? Daha öncə bələdiyyələr haqqında danışırdıq. Düşünürəm, reklamlar bələdiyyələrə verilməldir ki, onların da maliyyə mənbələri olsun. Amma indi bələdiyyələrin mülkiyyətində olan obyektlərin üzərinə reklam vurulduqda, həmin reklamdan gələn gəlirin müəyyən hissəsi bələdiyyələrə ödənilir. Buna görə, xüsusi dövlət agentliyi yaratmağa ehtiyac yoxdu ki, onların saxlanmasına da bu qədər xərc çəkilsin. Məncə bu qurum ləğv olunmalıdır və reklamların yerləşdirilməsi səlahiyyəti də bələdiyyələrə verilməlidir”.
Millət vəkili 2019-cu il noyabrın 14-də Parlamentin plenar iclaında bu məsələyə yenidən qayıdır: “Dəfələrlə burada məsələ qaldırmışam...Bakının mərkəzi köşklərlə doludur. Özü də əhalinin ən çox istifadə etdiyi yerlərdə gözəl köşklər var. Amma köşklərdə reklam haqqında qanuna zidd olaraq şüşələrin arxasında siqaretlər düzülür. Əslində bu xarici turistlər qarşısında ölkəmizin geridə qalmışlığının nümayişidir. Dünyanın heç bir yerində siqaret bu formada, şəhərin mərkəzində, məktəblərin yaxınlığındakı köşklərdə reklam olunmur. Siqaretin satışı ilə kim məşğuldur? Bu köşklər kimə məxsusdur?”. Millət vəkili deyib ki, bu aradan qaldırılsa, camaat görəcək ki, qanunlar həqiqətən hamı üçün eynidir: “Yoxsa insanlar bunu görməyincə və inanmayınca, bu səylər təəssüf ki, heç bir nəticə verməyəcək”.
Şəhərin müxtəlif istiqamətləriunbdə müşhidələr apararaq problemi araşdırdıq. Bakının əksər yerlərində olduq, elə bir köşkə rast gəlmədik ki, orada sadaladığımız problemlər olmasın. Millət vəkilinin dediyi kimi, məktəblərin, universitetlərin ətrafı da daxil olmaqla bütün köşklərdə eyni vəziyyət var, siqaretlər xüsusi işıqlandırma ilə reklam olunur. Bu da şagirdlərin, azyaşlıların, həmçinin gənc və tələbələrimizin gələcəyini təhdid edir, onların zərərli vərdişlərə meyllənməsinə şərait yaradır.
Hamımız uşaq olmuşuq. Bəllidir ki, uşaqlıq və gənclik dövrlərində insan zərərli vərdişlərə meylli olur. İnsanın ya siqaret qutusundan, yaxud alışqandan xoşu gəlir, sonra bundan bir neçə dəfə istifadə etmək istəyir, beləliklə də siqaret onun həyatının ayrılmaz bir hissəsinə çevrilərək, yavaş- yavaş onu məhv edir.
İnkişaf etmiş ölkələrdə bunun qarşısının alınması üçün ciddi tədbirlər görülür. Siqaret nəinki reklam edilmir, hətta marketlərdə belə qapalı yerlərə qoyulur ki, diqqət cəlb etməsin.
Bizdə isə nəinki marketlərdə, hətta qəzet satışı üçün nəzərdə tutulan köşklərdə belə siqaretlər vitrinə düzülür, xüsusi işıq effektləri ilə reklam edilir, hətta siqareti yandırmaq üçün alışqan da qoyulur.
Şəhərdə apardığımız müşahidələr zamanı bu acınacaqlı mənzərənin bir daha şahidi olduq.

Prokurorluğun ətrafında da belə köşklər var

Millət vəkili 2019-cu il aprelin 24-də Milli Məclisin plenar iclasında problemi bir daha gündəmə gətirir: “Orta məktəblərdə uşaq və gənclərin siqaretdən, narkotikdən istifadə etməsi narahatedici faktdır. Bu problemin aradan qaldırılması məqsədilə qanunvercilikdə nəzərdə tutulduğu kimi uşaqlara spirtli içkilər və tütün məmulatlarının satılmasına aidiyyətli qurumlar və cəmiyyət tərəfindən nəzarətin gücləndirilməsi vacibdir.
Hörmətli Sahibə xanım (Spiker Sahibə Qafarova-Ə.Z), siz yəqin bilirsiniz ki, mən dəfələrlə siqaret məsələsini qaldırmışam. Bütün məktəblərin, kollec və universitetlərin qarşısında adı qəzet köşkü olan, amma siqaret köşkü kimi fəaliyyət göstərən köşklər var. Bu məsələ dəfələrlə tərəfimdən qaldırılıb ki, orada siqaret açıq reklam olunur. Hətta bəzən məktəbli uşaqlara siqaret pulsuz paylanılır ki, daha çox uşaqları cəlb etsinlər. Əgər uşaqlar məktəb illərində siqaret çəkmirlərsə, böyüyəndə bunun ziyanlı olduğunu bilib belə pis vərdişlərə sahib olmurlar. Əgər Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc sorğu keçirsə, əmin olacaq ki, siqaret çəkənlərin 95 faizi bu zərərli vərdişə məktəb illərində sahiblənib. Sonra başa düşəndə ki, bu ziyanlıdır, artıq tərgidə bilmir. Ona görə də, mən bununla bağlı dəfələrlə çıxış etmişəm, Baş Prokurora bu salondan sorğu da göndərdim. Mənim Baş Prokurora göndərdiyim məktub Dövlət Reklam Agentliyinə göndərilib. Çünki siqaretin reklam olunması məsələsinə onlar nəzarət edir”.
Millət vəkili əlavə edib ki, Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə, bu səhlənkarlıq adlanır və qeyd edilir ki, vəzifəli şəxsin işə vicdansız və laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi dövlət və cəmiyyətin mənafeyinə mühüm zərər vurmasına səbəb olarsa, alternativ cəzalar var: “O cümlədən 2 ilə qədər azadlıqdan mərhum etmə nəzərdə tutulur. Əslində mən gözləyirdim ki, ən azı səhlənkarlığa görə, Dövlət Reklam Agentliyinin əməkdaşları haqqında cinayət işi qaldırılacaq. Amma prokurorluq məndən fakt istəyir. Mən köşkü götürüb prokurorluğun qarşısına qoya bilmərəm ki... Prokurorluğun ətrafında da belə köşklər var. Həmin köşklərin şüşəsinin arxasında da siqaretlər düzülüb reklam edilir...”.

Əli Zülfüqaroğlu