“Dövlətlərarası münasibətlərdə əbədi dostlar yoxdur” Siyasət

“Dövlətlərarası münasibətlərdə əbədi dostlar yoxdur”

Qüdrət Həsənquliyev: "Əbədi dövlət maraqları var"
Fəzail İbrahimli: "O, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsini dərk edir"
Elman Nəsirov: "Jirinovskinin fikirlərində 180 dərəcə dəyişikliklə bağlı konkret motivlər var"

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jrinovskinin səfəri Azərbaycana birmənalı qarşılanmyıb və hələ də müzakiə mövzusudur. Bunu Azərbaycanın maraqları üçvün önəmli hesab edənlər də var, müsbət qarşılamayanlar da. Azərbaycan haqqında ən kəskin ifadələr işlədən bu şəxsil mövqeyində baş verən dəyişiklik nə ilə bağlıdır?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev hesab edir ki, dövlətçilik maraqları tələb edirsə bu cür təmasları anlayışla qarşılamaq lazımdır: "Əlbəttə, Jirinovskinin Azərbaycana səfəri bir psixoloji faktor olaraq şəxsən mənim də ürəyimcə deyil. Amma iş burasındadır ki, ingilislərin sözü olmasın, dövlətlərarası münasibətlərdə əbədi dostlar yoxdur, əbədi dövlət maraqları var. Azərbaycanda və bütün dünyada da hamı bilir ki, Jirinovski hər zaman faktiki olaraq "çar"ın təlxəyi rolunda çıxış edir və bir çox hallarda həmin çarın fikirlərinin ifadəçisidir. Mən xatırlayıram ki, NATO Parlament Assambleyasının Fransada keçirilən iclasında o zaman həmin tədbirdə iştirak və çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Jirinovskiyə necə münasibət sərgilədi. Xatırlayıram ki, prezidentin çıxışından sonra Rusiya NATO PA-dakı nümayəndə heyətinin rəhbəri olan Jirinovski İlham Əliyevin arxasınca sürətlə qaça-qaça "İlham Heydəroviç" deyərək az qala qışqırırdı. Amma o vaxt prezident İlham Əliyev demək olar ki, ona əhəmiyyət də vermədi və sadəcə söylədi ki, köməkçimlə əlaqə saxlayarsınız. Bu o vaxtlar idi ki, Jirinovski Azərbaycanın düşməni kimi əleyhimizə kəskin bəyanatlar verirdi, açıqlamalarında Azərbaycanı təhqir etməkdən də çəkinmirdi.
Əlbəttə, yenə təkrar edirəm ki, onun Bakıya səfərini alqışlamıram, ancaq mən dövlət başçısı deyiləm. Dövlətin maraqlarını hal-hazırda qoruyan, dövlətin mənafelərini hamıdan çox düşünən Azərbaycanın prezidentidir. Ona görə də prezident dövlət maraqları prizmasından çıxış edərək onun Bakıya səfərinə razılıq verib. Bu baxımdan yanaşsaq, dövlətin maraqlarından çıxış edərək Jirinovskini qəbul etməsini anlamaq olar. Əminəm ki, o Azərbaycana dəvət olunanda da Azərbaycanda hamı Jirinovskinin kim olduğunu bilirdi. Bu baxımdan sadəcə Jirinovskini deyil, Putinin bir sözçüsünün Azərbaycanda qəbul edilməsindən söhbət gedə bilər. Mən bu cür düşünürəm və hesab edirəm ki, hamı onun da fərqindədir ki, bizim Rusiyanın iştirakı olmadan Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə nail olmağımız müşkül məsələdir. Ona görə də dövlətçilik maraqları tələb etsə çalışmalıyıq ki, Putinin ətrafında olan adamların da Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə münasibətlərini dəyişək. Son zamanlar diqqət yetirdinizsə, Züqanovun da Azərbaycanla bağlı verdiyi bəyanatlar, Azərbaycanı nümunə ölkə kimi təqdim etməsi, ölkəmiz haqqında xoş sözlər söyləməsi də təsadüfi deyil. Düşünürəm ki, Azərbaycan Dağlıq Qarabağ problemini həll etmək üçün Putinin ətrafında olan bütün siyasi qüvvələrlə əlaqəsini genişləndirməlidir, təmasları intensivləşdirməlidir ki, biz Rusiyanın Dağlıq Qarabağ məsələsinə münasibətini dəyişə bilək. Əgər buna nail ola bilsək, əminəm ki, müharibəsiz belə, biz Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını bərpa edə bilərik."
Millət vəkili, tarixçi professor Fəzail İbrahimli deyib ki, Jirinovskini ictimai rəydə xalq qəhrəmanına çeviriblər: "Halbuki o, Rusiyada bir partiyanın sədri və Dövlət Dumasının deputatıdır. Onu sadəcə olaraq dünyadakı, Rusiyadakı proseslərə fərqli yanaşması, ölkəsinin siyasi həyatındakı tutduğu mövqenin rəngarəngliyi, heç nəyi ölçüb-biçmədən bütün məsələlərə münasibət bildirməsi, istənilən məqamda istənilən sözü danışmağı populyarlaşdırıb".
Deputat qeyd edib ki, haqqında danışılan şəxs Azərbaycan haqqında uzun müddət mənfi fikirdə olub: "Həmçinin, Türkiyəyə, türkə qarşı mövqeyində həmişə ziyanlı məqamlar olub, mənfi şeylər danışıb, rəylər söyləyib. İndi isə fikrini tamam dəyişib, Azərbaycanla bağlı reallığı dərk edir. Azərbaycan reallığını görüb və görür, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsini dərk edir. Ölkəmizin regionda güc mərkəzi olduğunu başa düşür və nəhayət, bunun Azərbaycana qarşı bu qədər aqressiv, qeyri-səmimi, bir qədər də təhqiramiz münasibətinə baxmayaraq Azərbaycan tərəfinin ona qarşı münasibətinin laqeyd olduğunu dərk edib və qayıdıb Allah yoluna. "Axırıncı aşırım" filmində belə bir epizod var. Kərbəlayi komsomola deyir ki, "bala, səhv etmisən, götür silahı keç bizim tərəfə". İndi Jirinovski öz səhvlərini başa düşüb, dərk edib və başlayıb həqiqəti, reallığı dilə gətirməyə. O, Azərbaycana gəlməmişdən onun ölkəmizlə dedikləri şəhərdə yaşayıb kənd həyatından yazan şair-yazıçıların fikirlərinə oxşayır. İndi gəlib Bakını görəndən sonra hayıl-mayıl olub, Bakı haqqında, Azərbaycan haqqında düşüncələrini bir az da dəyişib. Azərbaycanın qonaqpərvərliyini görəndə yanlış olduğunu dərk edəcək. Azərbaycanın ona səmimi münasibətini gördükdə başa düşəcək ki, Azərbaycan xalqı böyük xalqdır, qonaqpərvər xalqdır. Mənə elə gəlir ki, o ölkəmizlə bağlı düşüncəsində qəti ədalətli mövqedən çıxış edəcək".
Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Elman Nəsirov diqqətə çatdırıb ki, Rusiya rəsmilərinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafı mənafeyinə xidmət göstərir: "Çıxışlarına, davranışlarına, münasibətinə görə, birmənalı qarşılanmayan Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovskinin Bakıya səfəri, eyni zamanda Moskva şəhərinin merinin Bakıda səfərdə olması, səfər çərçivəsində Azərbaycanla kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükü ilə bağlı 48 sənədin imzalanması, bir daha təsdiq edir ki, ikitərəfli münasibətlərdə inkişaf tendensiyası müşahidə olunmaqdadır". O qeyd edib ki, Rusiya rəsmilərinin ölkəmizə son səfərləri Azərbaycanın balanslı, çoxvektorlu siyasət yeritdiyini bir daha təsdiq edir: "Azərbaycan milli dövlətçilik maraqlarından çıxış edərək xarici dövlətlərlə münasibətini formlaşdırır və inkişaf etdirir. Bəyənatlarında bir çox hallarda anlaşılmaz məqamlar olan Jirinovskinin Bakıya səfəri yəqin ki, bir çox suallar doğurur. Səfər ərəfəsində Rusiya Liberal Demokrat Partiyasının sədrinin Azərbaycana loyal münasibəti, Azərbaycanda rus məktəblərinin, tolerantlıq mühitinin mövcudluğu, Azərbaycan prezidenti ilə bağlı səsləndirdiyi müsbət fikirlər təbii ki, bizim üçün xüsusi əhəmiyət kəsb edir. Yenə də bu fikirdəyəm ki, siyasətdə birdən-birə heç nə baş vermir. Jirinovskinin Azərbaycanla bağlı fikirlərində 180 dərəcə dəyişiklik özünü göstərirsə, burada konkret motivlər var".
Zaman-zaman Rusiyanın "qamçı" və "kökə" siyasəti yeritdiyini vurğulayan politoloq bildirib ki, Azərbaycanla bağlı fərqli fikirlər səsləndirən Jirinovskinin mövqeyinin belə dəyişməsi Rusiya rəhbərliyinin Azərbaycana münasibətdə "qoğal" siyasəti yürütdüyünü göstərir: "Rəsmi Moskvanın Azəbaycanla münasibətləri indiki geopolitik reallıqda beynəlxalq konyukturanı nəzərə alsaq xoşməramlı siyasət kimi dəyərləndirilə bilər. Rusiyanın özü Qərbin, Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyalardan artıq ziyan çəkməyə başlayıb. ABŞ dövlət Departamentinin ən son məlumatına görə, rublu qiymətdə saxlamaq üçün Rusiya bu gün 37 milyard dollar vəsait xərcləyib. Bu gün Rusiyanın ayrı-ayrı müəssisələrinin Avropa banklarına olan borclarının həcmi 1.3 trilyon dollara gəlib çatıb. Bu il isə həmin borcun 157 milyard dollarını qaytarmaq lazımdır. Bütün bunlar Rusiyanın Azərbaycanla bağlı siyasətinə, yəni kənd təsərrüfatı ölkəsi, eyni zamanda nəhəng enerji potensiaılna malik olan Azərbaycanla münasibətinə yenidən baxmaq, yenidən qiymətləndirmələr həyata keçirməyi labüd edir".
Elman Nəsirov deyib ki, Jirinovskinin Bakıya səfərinin siyasi motivlərini Rusiyanın mövqeyi kimi açıq şəkildə başa düşmək mümkündür: "Rəsmi Moskva bu addımla demək istəyir ki, vaxtilə əleyhimizə bəyanatlar verən bir şəxs Azərbaycanın mövqeyini müdafiə edə biləcək siyasəti də həyata keçirə bilər və Azərbaycanla bağlı müsbət fikirlər səsləndirmək imkanına malikdir".

Əli