

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində həyata keçirdiyi hərbi təxribatın məqsədi Azərbaycan Ordusunun nəzarət etdiyi mövqeləri ələ keçirməkdən ibarət olub. Təsadüfi deyil ki, sözügedən təxribatdan sonra Ermənistan Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabından paylaşılan məlumatda bildirilir ki, düşmən ölkənin müdafiə naziri David Tonoyan ATƏT-in Minsk qrupunun şəxsi nümayəndəsi Andrey Kaspşiklə sonuncu görüşündə yeni strateji mövqelər ələ keçirməklə bağlı niyyətlərini ifadə edir. Mülki sakinlərimizin düşmənin ağır texnikasının hədəfinə tuş gəlməsi isə faşizm və barbarlıq nümunəsi olmaqla Ermənistan dövlətinin əsl xislətini ortaya qoyur.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirib. Deputat qeyd edib ki, hərbi təxribatın fundamental səbəbi Ermənistan daxilindəki sosial, iqtisadi və siyasi vəziyyətdən qaynaqlanır. Getdikcə daha da dərinləşən sosial-iqtisadi gərginlik və Paşinyanın siyasi rəqiblərinə qarşı repressiv fəaliyyət həyata keçirməsi düşmən ölkədə dərin böhrana səbəb olub. Belə bir məqamda ölkə ictimaiyyətinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədilə Paşinyan xarici faktorlardan istifadə etmək yoluna əl atıb. Bir sözlə, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmağa hesablanıb.
E.Mirbəşiroğlu vurğulayıb ki, digər tərəfdən Azərbaycanın dünyada nüfuzunun, çəkisinin gündən-günə daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı ciddi narahat edir.
“Hazırkı məqamda hər bir vətəndaşımız yalnız Azərbaycan dövlətinin rəsmi qurumlarının açıqlama və bəyanatlarına istinad etməli və informasiya savaşında düşmənin üstünlük qazanmasına əsla imkan verməməlidir. Rəsmi məlumatlar göstərir ki, Azərbaycan-Ermənistan sərhədində əməliyyat şəraiti Ordumuzun tam nəzarəti altındadır. Yayılmış videomateriallardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Düşmənə informasiya məkanında təxribatlar törətməsinə imkan yaratmamaq üçün kütləvi şəkildə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatları, videoçarxları paylaşmalı və bununla da dezinformasiyaların sıradan çıxmasına şərait yaratmalıyıq”, - deyə deputat qeyd edib.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir.