ANTARA agentliyi: Azərbaycan Prezidenti Ermənistanı sərhəddə qarşıdurma yaratmaqda ittiham edir Siyasət

ANTARA agentliyi: Azərbaycan Prezidenti Ermənistanı sərhəddə qarşıdurma yaratmaqda ittiham edir

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan dövlətini Tovuz bölgəsində təxribat yaratmaqla çox sayda əsgər və mülki şəxsin ölümünə görə ittiham edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziyanın ANTARA dövlət informasiya agentliyinin yaydığı məqalədə bildirilir.

Qeyd edilir ki, iyulun 12-də sərhəd bölgəsindəki hərbi qarşıdurmadan qısa müddət sonra Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirib.

Azərbaycan Prezidentinin həmin iclasdakı çıxışından sitat gətirən agentlik yazıb: “Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir”.

Vurğulanır ki, Ermənistanın bu hücumunun məqsədi Azərbaycanın ərazi bütövlüyünü pozmaq, hərbi mövqeləri ələ keçirmək, mülki şəxslərə və kəndlərə atəş açmaqla Azərbaycanı döyüşə təhrik etməkdir. Bu təhlükəli siyasət Ermənistanı “uçuruma” aparır.

Azərbaycan Prezidentinin sözlərini sitat gətirən agentlik yazır: “Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq”.

Məqalədə, həmçinin qeyd edilir ki, Ermənistanın təxribatının əsasında Azərbaycanın irəli sürdüyü beynəlxalq təşəbbüslər, xüsusən koronovirus pandemiyası ilə əlaqədar BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması barədə təklif dayanır. Bu təklif yalnız Ermənistan tərəfindən qəbul edilməmiş və bununla da həmin dövlət növbəti dəfə özünü beynəlxalq aləmdən təcrid etmişdir.

Yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də məlumat verilir. Qeyd edilir ki, bu münaqişə məhz Ermənistanın qonşu Azərbaycana qarşı əsassız ərazi iddiaları, Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonun işğalı nəticəsində hələ də davam edir.

Eyni zamanda, qeyd edilir ki, son qarşıdurma Dağlıq Qarabağdan təqribən 300 kilometr məsafədə yerləşən Tovuz rayonu ərazisində baş verib ki, bu da Ermənistan hökumətini digər dövlətləri münaqişəyə cəlb etmək kimi məkrli niyyətini bir daha ortaya qoyur.

Məqalədə Dağlıq Qarabağım Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə Prezident İlham Əliyevin fikirlərinə də yer verilib. Azərbaycan Prezidentinə istinadla qeyd edilib ki, bunu Dağlıq Qarabağda keçirilən son “saxta seçkilər” də təsdiq edib. Belə ki, heç bir dövlət bu seçkilərin nəticələrini tanımayıb.

Yazıda bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Baş katibi Antonio Quterreşin, ATƏT-in Minsk qrupunun, bəzi dövlət başçılarının münaqişə tərəflərinə müraciət edərək atəşkəsi bərpa etməyə və danışıqlar masasına qayıtmağa çağırışları barədə məlumatlar da öz əksini tapıb.