Prezident İlham Əliyev: Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir Siyasət

Prezident İlham Əliyev: Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir

Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir.

Bunu Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar olmalıdır. Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir, formal yox. Çünki bir çox hallarda biz bunu görmürük. Ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələr əgər mən müdaxilə etməsəm təkzib olunmur. Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar. Bu gün sirr deyil ki, Azərbaycana qarşı təşkil edilmiş və koordinasiya olunmuş çirkin kampaniya aparılır. Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, bu kampaniyanın mənbəyi və səbəbi nədir. Bir çox səbəblər var, onların arasında bizim milli maraqlara söykənən müstəqil siyasətimizdir və özümüzü ləyaqətli aparmağımızdır. Bəs bu kampaniyaya adekvat cavab verilir, yoxsa yox? Verilmir. Xaricdə bəzi anti-Azərbaycan ünsürlər öz fəaliyyətində, öz çirkin əməllərində, bəyanatlarında yaşadıqları ölkələrin qanunlarını kobudcasına pozurlar, terrora çağırışlar edirlər, konstitusiya quruluşunun dəyişdirilməsinə çalışırlar. Bütün bunlar nəinki Azərbaycanın, bir çox ölkələrin qanunvericiliyində, o cümlədən cinayət məcəlləsində təsbit edilmiş məsələlərdir və ona görə bu cinayəti törətmiş insanlar cinayət məsuliyyətinə cəlb edilməlidir".