ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika qanunvericilərini erməni silahlı qüvvələrinin son təxribatları barədə məlumatlandırır Siyasət

ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika qanunvericilərini erməni silahlı qüvvələrinin son təxribatları barədə məlumatlandırır

ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika qanunvericilərini Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində provokasiya törətməsi, yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoyması və nəticədə Ağdam kənd sakinin öldürülməsi ilə bağlı məktub kampaniyasına başlayıb.

AZƏRTAC xəbər verir ki, Amerika qanunvericilərinə, Tramp Administrasiyasına və kütləvi informasiya vasitələrinə göndərilən müraciətdə iyulun 12-də erməni qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə hücumunun dəf edildiyi bildirilir. Azərbaycan tərəfinin itkilər verdiyi qeyd olunur. Diqqətə çatdırılır ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın dövlət sərhədindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə ölkəmizin Tovuz rayonundakı mövqelərinə hücum ediblər. Ermənilərin hücumu dəf olunsa da, ilk 24 saat ərzində dörd azərbaycanlı hərbçi ölkəmizin ərazi bütövlüyünü müdafiə edərkən ermənilər tərəfindən qətlə yetirilib. İyulun 13-də Azərbaycan qüvvələri erməni mövqelərini və hərbi texnikanı məhv edən silsilə cavab tədbirlərinə başlayıb. İyulun 14-də Ermənistan silahlı qüvvələri Azərbaycanın daha 7 hərbçisini, o cümlədən yüksək rütbəli zabitlərini, eləcə də 76 yaşlı mülki şəxsi qətlə yetirib.

Müraciətdə BMT Təhlükəsizlik Şurasının Ermənistandan öz ordusunu Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 1993-cü il tarixli qətnamələri xatırladılır. Qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı təcavüz faktı və onun ərazilərinin beşdəbir hissəsinin işğalı özü-özlüyündə beynəlxalq hüququn başlıca prinsiplərinin ciddi şəkildə pozulması deməkdir.

Xatırladaq ki, 1993-cü ilin aprel-noyabr aylarında BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, erməni silahlı dəstələrinin bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. 2008-ci ilin martında BMT Baş Assambleyasının qəbul etdiyi 62/243 saylı qətnamədə beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilən mövqeyi yenidən təsdiqlənib. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunvericiləri BMT TŞ-nin bu qətnamələrinə əsaslanaraq, erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən onlarca digər qətnamələr qəbul ediblər.