Diaspor icmalarının ABŞ-Azərbaycan ticarət münasibətlərinin təşviqində roluna dair müzakirələr aparılıb Siyasət

Diaspor icmalarının ABŞ-Azərbaycan ticarət münasibətlərinin təşviqində roluna dair müzakirələr aparılıb

Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə ABŞ ilə Azərbaycan arasında ticarətin təşviq edilməsində ABŞ-da yaşayan azərbaycanlı icmanın roluna dair konfrans keçirilib. Konfransın əsas məqsədi ikitərəfli ticarətdə ABŞ-dakı azərbaycanlı icma nümayəndələrinin imkanlarının və iki ölkə arasında reallaşdırıla biləcək biznes sahələrinin dəyərləndirilməsi olub.

Tədbirdə əsas natiqlər qismində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan missiyasının rəhbəri Jaydev Sinx, Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev və “WCC International” şirkətinin direktoru Elşən Baloğlanov çıxış ediblər. Görüşə bir sıra yerli azərbaycanlı şirkətlərin sahibləri, eləcə də ABŞ ilə ticarətdə maraqlı olan Azərbaycan şirkətlərinin nümayəndələri iştirak ediblər.

Görüş son günlər Ermənistan-Azərbaycan sərhədində qarşı tərəfin təxribatı nəticəsində bir sıra azərbaycanlı mülki və hərbi şəxslərinin həlak olduğu, eləcə də sərhəd bölgəsində gərgin vəziyyətin yarandığı bir dövrə təsadüf edib. Çıxışına başlamazda öncə USAID missiyasının rəhbəri həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad etməyi istəyib və daha sonra çıxışına davam edib.

Konfransda ABŞ-da yaşayan azərbaycanlı icmanın Azərbaycanla olan mədəni, sosial və linqvistik bağlarından ikitərəfli ticarətin inkişafı üçün istifadə edilməsi imkanlarının geniş olduğu vurğulanıb, bunun üçün dünyada olan bir sıra nümunələr misal göstərilib. Bundan əlavə, ayrı-ayrı bizneslərin hər iki ölkədə ticarətə başlaması üçün USAID və AZPROMO-nun malik olduğu mexanizmlər müzakirə edilib. Görüş sualların cavablandırılması ilə davam edib.

Diaspor icmalarının iki ölkə arasında ticarətin inkişafında müstəsna imkanlarının, ələlxüsus, bazar araşdırması və ticarətin ilkin dövrlərində tərəflər arasında mədəni baryerlərin aradan qaldırılması imkanlarının geniş olduğunu diqqətə alaraq, danışılan mövzunun bundan sonra da davamlı olaraq müzakirə edilməsi ABŞ-Azərbaycan Ticarət Palatası, USAID Azərbaycan Missiyası və AZPROMO arasında razılaşdırılıb.