Qananın informasiya portalında Ermənistanın hərbi təxribatları ilə bağlı məqalə dərc edilib Siyasət

Qananın informasiya portalında Ermənistanın hərbi təxribatları ilə bağlı məqalə dərc edilib

Qana Respublikasının “Ghana Business News” informasiya portalında “Ermənistanın hərbi hücumları ilə əlaqədar Azərbaycan beynəlxalq ictimaiyyətə müraciət edir” başlıqlı məqalə dərc edilib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən verilən məlumata görə, yazıda Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışına və Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasına istinad edilərək Ermənistan silahlı qüvvələrinin təcavüzkar və qəddar hərəkətləri barədə geniş məlumat yayılıb.

Məqalənin başlığında iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun çavuşu Vüqar Sadıqovun 3 azyaşlı övladının fotoşəkli yerləşdirilib.

Məlumatda Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutduğu, Azərbaycan ərazisində strateji mövqelərini ələ keçirməyə cəhd etdiyi, eyni zamanda, dinc əhalini hədəfə aldığı bildirilir və Azərbaycan Ordusu tərəfindən sistematik xarakter almış bu kimi təxribatların qarşısının alındığı vurğulanır.

Yazıda Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışına istinad edilərək, Azərbaycanın ərazi bütövlüyünü pozmaq, mülki şəxslərə və kəndlərə atəş açmaqla Azərbaycanı döyüşə təhrik etmək məqsədilə aparılan təhlükəli siyasətin Ermənistanı “uçuruma” apardığı vurğulanır.

Məqalədə Prezident İlham Əliyevin “bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq” ifadəsi qeyd olunaraq, Azərbaycan tərəfindən düşmənin bütün təxribatçı fəaliyyətinə layiqli cavab veriləcəyi və bunun üçün bütün mümkün imkanlardan istifadə ediləcəyi bildirilir.

Yazıda Ermənistanın siyasi rəhbərliyinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə məhəl qoymadığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və Azərbaycanın öz ərazi bütövlüyünü və sərhədlərini bundan sonra da qoruyacağı vurğulanır.

Məqalədə Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin AZƏRTAC-a verdiyi açıqlamasına istinad edilərək qeyd olunur ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.

Yazıda qeyd olunur ki, Hikmət Hacıyev beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağıraraq, yaranmış vəziyyətə görə məsuliyyətin tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Məqalədə, həmçinin Ermənistan silahlı bölmələrinin hədəfə aldığı mülki əhalinin yaşadığı evlər və onların törətdiyi vəhşiliyi əks etdirən fotomaterial da yer alıb.