İran Prezident Aparatının rəhbəri: “Biz ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik” Siyasət

İran Prezident Aparatının rəhbəri: “Biz ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik”

“Münaqişələrdə İranın rəsmi mövqeyi ölkələrin ərazi bütövlüyünü və hakimiyyət hüququnu dəstəkləməkdən ibarətdir”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevlə telefon danışığında deyib.

M.Vaezi iki ölkə arasında əlaqələrin daha da yaxşılaşması üçün göstərilən səyləri yüksək qiymətləndirib və əlavə edib ki, dünyada koronavirus epidemiyasının yayılması səbəbindən səfərlər, rəsmi görüşlər təxirə salınıb.

Azərbaycanla və İran arasındakı əlaqələri bölgə ölkələri üçün nümunə sayan M. Vaezi qeyd edib ki, İran İslam Respublikası həmişə dost və qonşu Azərbaycan xalqının, dövlətinin yanında olub: “Bölgədə gərginlik heç bir ölkənin xeyrinə deyil və biz bütün ölkələrin, xüsusi ilə Azərbaycanda sabitlik, inkişaf arzulayırıq. Ümid edirik ki, münaqişələr sülh yönlü həll olunacaq”.

H. Hacıyev isə bildirib ki, Azərbaycan İranla münasibətləri bütün sahələrdə, xüsusi ilə iqtisadi sahədə inkişaf etdirməyə çox önəm verir.