
Oqtay Əsədov: "Azərbaycan Dağlıq Qarabağı və ətraf 7 rayonu azad azad edəcək"
Fazil Mustafa: "Azərbaycan və Türkiyə davamlı olaraq birgə hərbi təlimlər keçirməlidir"
Siyavuş Hovruzov: "Ermənistan rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər"
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda millət vəkilləri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Milli Məclisin sədri Oqtay Əsədov Xocalı soyqırımı ilə bağlı danışaraq deyib ki, bu gün Honduras, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macarıstan, Panama, İslam Əməkdaşlıq Təşkilatı Xocalıda baş verilmiş qanlı qətliamı soyqırım kimi tanıyır. Rumıniya, Bosniya və Hersoqavina, İordaniya parlamentləri, eləcə də ABŞ-ın 20 yaxın ştatında icra və qanunverici orqanları Xocalı faciəsini qətiam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Spiker qeyd etdi ki, bunlar həyata keçirilən uğurlu xarici siyasətin bəhrəsidir. Parlamentin sədri bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Formunun mədəniyyətləarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kamapaniyası real və konkret nəticələr verməkdədir: "Biz əminik ki, heç bir cinayət cəzasız qalmayacaq. Xocalı soyqırımı təşkilatçıları öz cəzalarını alacaqlar. Gündən-günə həm siyasi, həm iqtisadi çəkisi artan Azərbaycan Dağlıq Qarabağı və ətraf 7 rayonu azad azad edəcək".
Parlamentarilər də Xocalı soyqırımı ilə bağlı danışaraq öz təkliflərini veriblər. Millət vəkili Zahid Oruc xatırladıb ki, qarşıdan uydurma "erməni soyqırımı"nın 100 illiyi gəlir: ""Ermənilərin soyqırımı" məsələsi Ermənistanın dövlət quruculuğunun tərkib hissəsinə çevrilib. Bəzi qüvvələr tərəfindən bizi süni yarışa cəlb etmək cəhdləri var. Ona görə də, bizim əsgərimiz erməninin bir əsgərindən, bizim bir müəllimimiz erməninin bir müəllimindən daha güclü olmalıdır".
Daha sonra Zahid Oruc bəzi media orqanları tərəfindən Türkiyədə "nurçular"ın lideri kimi tanınan Fətullah Gülənin Azərbaycanda tərəfdarlarının olması məsələsinə diqqət yönəldib: "Bu, bəzi qüvvələr tərəfindən süni şəkildə qabardılır və böhtandan başqa bir şey deyil. Millət vəkillərinin adlarının "nurçular"la əlaqələndirilməsinin heç bir əsası yoxdur. Mətbuatın iddiasına görə, Azərbaycan parlamentində 20-yə yaxın millət vəkili Fətullah Gülənin "hizmət hərəkatı" ilə əlaqəlidir. Onlar qara mühasibatlıqda və ya kimlərdənsə maliyyə almaqda ittiham olunur. Bu süni məsələni bəzi qüvvələr media vasitəsilə Azərbaycanın daxilinə keçirmək istəyirlər. Adları "Gülən camaatı" ilə əlaqələndirilən millət vəkillərinin əksəriyyəti bu gün təhsil sektorundadır. Onların da təhsil verməkdən başqa iddiaları yoxdur. Həmin şəxslərin adını çəkmədən bildirmək istəyirəm ki, bu məsələ süni şəkidə ortaya atılıb və heç bir əsası yoxdur".
Spiker Oqtay Əsədov Zahid Orucun bu çıxışına iradını bildirib: "Ay hörmətli Zahid müəllim! Siz özünüz bu məsələnin süni və şər olduğunu bildirirsiz, amma hər zaman süni və şər hesab etdiyiniz məsələləri parlamentin gündəliyinə gətirməyə çalışırsınız. Bu, düzgün deyil, axı! Ümumiyyətlə, bu məsələnin parlamentdə danışılması düzgün deyil".
Deputat Asim Mollazadə isə çıxışında deyib ki, Xocalı soyqırımını törədən cinayətkarlar beynəlxalq axtarışa verilməlidir: "Azərbaycan xalqı Xocalıya ədalət istəyir. Biz ədalət dedikdə beynəlxalq tribunanın Xocalı soyqırımına lazımi dəyər verməsini nəzərdə tuturuq. Xocalı soyqırımını törədənlər tezliklə cəzalarını çəkməlidirlər. Xocalı soyqırımını törədən cinayətkarlar beynəlxalq axtarışa verilməlidir. Azərbaycanın Baş Prokurorluğu Xocalı soyqırımını törədən cinayətkarlar haqqında müvafiq axtarış siyahısı tərtib edib. Bu mövzuda Azərbaycan hökuməti "İnterpol"a müraciət etməli və günahkarların tezliklə cəzalandırılmasına nail olmalıdır. Xocalı soyqırımı ilk növbədə siyasi yox, hüquqi qiymətini tapmalı və bütün dünya ölkələri bu faciəli soyqırımı tanımalıdır".
Asim Mollazadə Ukraynda son zamanlar baş verən hadisələrə də münasibət bildirib. O deyib ki, Ukraynada baş verənlər siyasi yolla həll edilməlidir: "Azərbaycan GUAM üzvü olaraq Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində beynəlxalq təşkilatlarda öz dəstəyini göstərməlidir. Azərbaycan xalqı çox istəyir ki, Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təmin olunsun. Biz Ukrayna ilə müttəfiqik, bu ölkəyə dəstəklə bağlı Azərbaycan beynəlxalq təşkilatlarda da öz dəstəyini ifadə etməlidir".
Deputat Bəxtiyar Əliyev isə deyib ki, ermənilərin törətdikləri cinayətlərə, Xocalı soyqırımına ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən də ədalətli qiymət verilsəydi, indiki vəziyyət hökm sürməzdi. O, həmsədrlər qarşısında konkret məsələlər qoymağa çağırıb.
Daha sonra Bəxtiyar Əliyev Gömrük Komitəsi haqqında dediklərinə aydınlıq gətirdi: "Mənə arayış və izahat təqdim olunub. Orada qeyd olunur ki, Dövlət Gömrük Komitəsinin saytında statistik rəqəmlər göstərilib. Həmin statistik məlumatlar hamı üçün açıqdır. Kim istəsə baxa bilər. Orada illər və aylar üzrə xarici ticarət dövriyyəsi, malların strukturu tam göstərilib. İndiyə qədər heç bir ölkənin rəsmi qurumu Azərbaycanın Gömrük Komitəsinin statistik məlumatlarının dürüst olmadığını deməyib. Deməli, həmin rəqəmlər həqiqəti əks etdirir. Ona görə də kimlərsə bununla bağlı hansısa manipulyasiya etmək istəyirlərsə, bunun heç bir nəticəsi olmayacaq. Milli Məclis gömrük tarifləri haqqında qanun qəbul edib. Həmin qanun beynəlxalq normalara uyğundur. 2013-cü ilin sonlarında həmin qanun qüvvəyə minib. Və bütün hesablamalar orada əks olunan metodologiyalar əsasında aparılır. Çünki bu, dövlətin siyasəti, onun tərəfdaş çıxdığı beynəlxalq konvensiyalarla müəyyənləşir. Məsələyə tam aydınlıq gətirilib. Bundan sonra bununla bağlı yanlış fikirlərə yol vermək olmaz. Hər şeyə obyektiv qiymət vermək işin ən dürüst tərəfidir".
Millət vəkili Fazil Mustafa Xocalı soyqırımının dünyaya tanıdılması ilə bağlı təkliflər irəli sürüb. O bildirib ki, deputat bunun üçün Xocalı faciəsi ilə bağlı xeyli materialların olduğunu vurğulayıb: "Biz Avropa Şurasında təbliğatı düzgün qurmalıyıq. Məsələn, PKK terrorçuları orada parlament qarşısında durub Abdulla Öcalanın azad olunması ilə bağlı vərəqələr paylayırdılar. Onu oxumasalar belə alırlar və hadisə xatırlanır. Biz də belə edə bilərik. Bundan başqa Xocalı faciəsinin ildönümünə az qalmış səfirliklər vasitəsilə bütün ölkələrin nazirliklərinə, baş nazirinə, prezidentinə məktublar göndərə bilərik".
Millət vəkili Azərbaycan və Türkiyənin bu günlərdə Qarsda keçirdikləri birgə hərbi təlimlərin keçirildiyinə diqqət çəkərək, bu kimi təlimlərin miqyasından asılı olmayaraq, davamlı keçirməsinin vacibliyini bildirib: "Bu həm Xocalı faciəsi, həm də 24 apreldə davam edə bilər".
Daha sonra Fazil Mustafa Nuru Paşanın Gəncədəki evinin qarşısında baralyefinin qoyulmasını təklif edib.
Deputat Fərəc Quliyev isə çıxışında söyləyib ki, Milli Məclis Xocalı soyqırımını tanıyan ölkələrə təşəkkür məktubu göndərməli və onların işğalçılara qarşı sanksiya tətbiq edilməsi üçün prosesə yardım etmək təşəbbüsünü dəstəkləməlidir. Fərəc Quliyev parlamentdə hər partiyadan bir nəfər nümayəndənin iştirakı ilə Qarabağ Komitəsinin yaradılmasını, Qarabağ dinləmələrinin keçirilməsini də təklif edib: "Dağlıq Qarabağla bağlı Xarici İşlər Nazirliyinin apardığı işlərlə bağlı dinləmələr keçirilsin. Bir çox ölkələrin parlamentləri digər məsələləri müzakirə edərkən, bizim yalnız Dağlıq Qarabağla bağlı məsələləri müzakirə etməyimiz düz deyil".
O, Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsinin tanınması üçün müraciətin lazım olduğunu bildirib.
Daha sonra Fərəc Quliyev Ukraynada baş verən proseslərə münasibət bildirərək deyib ki, Milli Məclis adından Ukraynadakı qarşıdurmalar zamanı həlak olan insanlara başsağlığı verilməsi haqda mövqe ifadə edilsin. Deputat bildirib ki, "Azərbaycan Ukraynanın müstəqilliyini tanımalıdır".
Oqtay Əsədov Fərəc Quliyevə irad tutaraq bildirib ki, onu diqqətli olmağa çağırıb: "Bu gün hər bir kəlmə həssaslıqla qarşılanır. Xahiş edirəm diqqətli olun. Azərbaycan nə vaxt Ukraynanın müstəqilliyini qəbul etməyib ki?"
Deputatı İqbal Ağazadə isə həmkarı Ceyhun Osmanlının cinayət məsuliyyətinə alınması barədə məsələ qaldırıb. O deyib ki, Ceyhun Osmanlı jurnalist Xədicə İsmayılın səs yazısının hüquq-mühafizə orqanlarına təqdim edib: "Ceyhun Osmanlı ya bunu təkzib etməli ya da cinayət məsuliyətinə cəlb olunmalıdır".
Spiker Oktay Əsədov isə millət vəkilinə irad tutaraq bildirib ki, bu məsələni Milli Məclisə çıxarmaq düz deyil: "Sizin əlnizdə bununla bağlı hər hansı sübut yoxdursa, xahiş edirəm belə söhbətlərin Milli Məclisə gətirməyin. Kimsə özünə xal qazanmaq üçün bu vasitələrə əl atması yolverilməzdir. Biz burada Xocalı faciəsi ilə bağlı müzakirə aparırıq".
Hakim partiyadan olan Siyavuş Novruzov isə çıxışında bildirib ki, bu gün Ermənistan rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər: "Ona görə ki, gələcəkdə belə hadisələr təkrar olunmasın. Xocalıda baş verən hadisələrin iki əsas motivi var. Bu da ondan ibarətdir ki, ermənilər illər boyu həm Azərbaycan, həm də türk soyuna qarşı müxtəlif cinayətlər törədiblər. İkinci motiv isə azərbaycanlıların gözünü qorxutmaqla ölkəmizin digər ərazilərinin işğal olunması ilə əlaqədardır. Lakin gələcək göstərəcək ki, azərbaycanlılar hələ öz sözünü deyəcək. Bunun əvəzi gec-tez alınacaq".
O, həmçinin qeyd edib ki, ermənilər öz saxta "soyqırımlarını" dünyada tanıtmaq üçün 100 ildir ki, öz lobbiləri ilə işlər görürlər: "Bir neçə gündür Xocalı faciəsi ilə bağlı qəzet səhifələrində dünya ölkələrinə müraciətlər edilir, müxtəlif tədbirlər keçirilir. Ancaq nədənsə özünü radikal müxalifət adlandıran siyasi partiyalar bu barədə bir dənə də olsun tədbir keçirməyib. Xocalı tək iqtidarın faciəsi deyil. Siyasi baxışlarından asılı olmayaraq hamı zərbəni bir yerə vurmalıdır".
Millət vəkili Fəzail Ağamalı qeyd edib ki, artıq Xocalı soyqırımı günahkarlarının cəzalandırılması üçün beynəlxalq tribunalın yaradılmasına ehtiyac var: "Sərkisyan, Köçəryan, Balayan və Qukasyanla bərabər Azərbaycanda bu soyqırma şərait yaradanlar da Beynəlxalq Tribunalda müzakirə olunmalıdır".
Fəzail Ağamalı parlament adından dünya ölkələri parlamentlərinə müraciət edilməsini də təklif edib.
Daha sonra o, İqbal Ağazadənin Ceyhun Osmanlı ilə bağlı çıxışına cavab verib: "Ceyhun Osmanlı Xədicənin şəxsi həyatına müdaxilə etməyib, onun evinə daxil olmayıb, sevgi macəralarının audiosunu aparmayıb. Hər bir Azərbaycan vətəndaşı onun kimi hərəkət etməli idi".
Cavanşir Həsənli