Qüdrət Həsənquliyev: “Elementar tərbiyəsi olmayan insanlar...” Siyasət

Qüdrət Həsənquliyev: “Elementar tərbiyəsi olmayan insanlar...”

“...Ölkənin ictimai - siyasi həyatına daxil olub, orada özlərinə yer edə bilir, heç bir mənəvi haqları olmadığı halda başqalarını ittiham etməkdən çəkinmirlər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik
- Qüdrət bəy, hər zaman islahatların dərinləşdirilməsindən, ölkəmizi inkişafın yeni mərhələsinə keçirməyin zəruriliyindən danışırsınız. Bu istiqamətdə qarşımızda duran əsas problem kimi nəyi görürsünüz?
- İlk növbədə insan və xarici təsir faktorunu. Bizim vətəndaşların demokratiya, qanunun aliliyi, fərqli fikrə dözümlülük haqqında təsəvvürləri olsa da, həmin dəyərlər bizim davranışımızda əsas motivasiya deyil. Ən böyük problemlərdən biri də mədəni səviyyənin aşağı olmasıdır. Bunun nəticəsidir ki, elementar tərbiyəsi olmayan insanlar ölkənin ictimai - siyasi həyatına daxil olub, orada özlərinə yer edə bilir, heç bir mənəvi haqları olmadığı halda başqalarını ittiham etməkdən çəkinmirlər. Ölkədə siyasətlə məşğul olanların böyük bir qismini bu cür insanlar təşkil edir.
- Xarici faktor isə ondan ibarətdir ki, böyük güclər fikirləşir ki, islahatlar Azərbaycanı gücləndirəcək və o öz torpaqlarını azad edəcək. Ona görə də hökumət bu istiqamətdə ciddi bir addım atan kimi “beşinci kolon”u hərəkətə gətirirlər. Hökuməti dövlət çevrilişi ilə qorxudub buranı Türkmənistana çevirmək, işğal barədə isə bizə müvəqqəti olraq danışmaq haqqı tanıyırlar. Hökumət isə dövlət çevrilişinin ölkəni məhv edəcəyini anladığından, yubanmanın gələcəkdə daha ağır nəticələr verə biləcəyinə əhəmiyyət vermədən dövlət çevrilişi ehtimalını önləmək üçün bəzi məsələləri zamanın ixtiyarına buraxır.
- Tənqidi necə qəbul edirsiniz?
- Tənqid siyasətçini öz üzərində daha çox işləməyə, səhvləri aradan qaldırmağa,öz mövqeyinə yenidən baxmağa sövq edir. Amma tənqidlə böhtanı, təhqiri qarışdırmaq lazım deyil. Sağlam tənqidi hər zaman faydalı saymışam. Bunu edənlərə qarşı da heç zaman kin saxlamamışam. Mən tənqiddən daha çox qərəzli və sifarişlə işləyən adamların böhtanları ilə üzləşirəm. Psixi problemləri olan bir ölüyaran “Nobel” namizədimiz var. Nədən danışır danışsın nökərçilik etdiyi ağasının tapşırığı ilə mütləq bir-iki ağız da mənim ünvanıma böhtan deməlidir. Yaxud zamanında Rusiyanın Azərbaycana repressiyalar üçün göndərdiyi ALLAHınVERDİyi addan imtina edib “çaqqal” ləqəbini qazanmış başqa birisi, yeri gəldi-gəlmədi ünvanıma böhtan və təhqirlərlə dolu çıxışlar edir. Partiya üzvülərimizdən bu ünsürlərə cavab verilsə də özüm çalışıram baş qoşmayım. Çünki bu, tək mənim üzləşdiyim problem deyil.
-Mətbuatda, dövlət idarəetməsində vəziyyət necədir?
Qeyd etdiyim faktorlar bütün sahələrə sirayət edir. Məsələn, iş tapana qədər müdrikcəsinə susmuş bir həmkarınız işi naminə iqtidarı təhqir edən bir-iki nadürüstə cavab verirsə, fikirləşir ki, hamının başına ağıl qoya, hər kəsə dil uzada bilər. Kimə istəsə yaltaqlana, kimə istəsə söz ata bilər. O hamıdan çox bu dövləti, bu iqtidarı istəyir və buna görə hamı onun kimi düşünməli və davranmalıdır və s.
Yaxud bu və digər səbəbdən vəzifədəsindən uzaqlaşdırılmış əzazil birisi dərhal olur “demokrat”, “ədalət carçısı” və başlayır repressiyaya məruz qalmasından, düzlükdən, qanunun aliliyindən, sədaqətdən danışmağa.Və ya yaxşı maskalanmış bir gəncə kiminsə təqdimatı əsasında etimad göstərilir, o da başlayır “vəsaitə qənaət etdim” deyib özünü gözə soxmaq üçün hər cür qanunsuzluq edərək yoxsul insanlara zülm etməyə. Ona görə demokratik cəmiyyət üçün həmin cəmiyyəti qura və qoruya biləcək insanlar, kadrlar yetişdirməliyik. Mentalitetin dəyişməsi zaman alan məsələdir. Hərdən mənim dediklərimi təkzib etmək üçün demokratik dövlət quruculuğu istiqamətində müəyyən uğurlara imza atmış keçmiş sovet pespublikalarını misal çəkirlər. Amma araşdırsalar görərlər ki, həmin respublikalarda sovet dövründə də həm əhalinin sosial durumu, həm qanunçuluğun vəziyyəti, həm də mədəni səviyyə bizdən yüksək olub.